Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Ordumuzun yanvar itkiləri

2014-cü ilin yanvar ayı artıq geridə qaldı. Bir ay ərzində ordumuz döyüş və qeyri-döyüş şəraitlərində ciddi itkilər verdi.

Yanvar ayının birinci yarısınadək ordumzun müxtəlif hərbi hissələrindən intihar xəbərləri, tabeliyində olan silahlarla ehtiyatsız davranış zamanı əsgərlərin özünü güllələməsi xəbərləri gəldi.

Yanvarın 20-dən sonra isə ordumuzun düşmənlə sərhəddə olan mövqelərində gərginlik yaşanmağa başladı. Düşmənin atəşkəsi pozması nəticəsində yaranan şiddətli atışmalarda ordumuz iki zabitini şəhid verdi.

Ordumuzun bir ay ərzində həm döyüş, həm də qeyri-döyüş şəraitində rəsmi olaraq təsdiqlənən itkiləri bunlardır:

4 yanvar: Müdafiə Nazirliyinin Beyləqandakı “N” saylı hərbi hissəsində əsgərimiz intihar etdi. 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asıb öldürdü. N.İsmayılov ötən ilin oktyabrında Göygöl rayonundan hərbi xidmətə çağırılmışdı.

11 yanvar: 1992-ci il təvəllüdlü əsgər Məzahir Mahir oğlu Abdullayev özünə qəsd etdi. O, 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.

12 yanvar: Ordumzun iki gənc əsgəri intihara cəhd etdi. Gəncədə yerləşən “N” saylı hərbi hissələrin birində 2014-cü ilin yanvar ayında Lənkərandan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Əlizadə Rəvan Arif oğlu və 2014-cü ilin yanvar ayında Bakının Nizami rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Əsgərlərə ilkin yardım göstəriləndən sonra yanvarın 13-də Bakıya gətirilərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə yerləşdirildilər. Hazırda əsgərlərin vəziyyəti yaxşıdır.

13 yanvar: “N” saylı hərbi hissədə xidmət edən 1995-ci il təvəllülü Rüstəm Firudin oğlu Quliyev özünü güllələyərək intihar etdi. O, 2013-cü ilin aprel ayında Bakının Nəsimi rayonundan hərbi xidmətə çağırılmışdı.

13 yanvar: Daha bir əsgərimiz yaralandı. Amma bu dəfə əsgərimiz düşmən gülləsinə tuş gəldi. Cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası aldı. T.Əhədli 2013-cü ilin oktyabr ayında Ucardan hərbi xidmətə çağırılıb.

21 yanvar: Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Röyal Ramiz oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralandı. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. R.Hüseynov 2013-cü ilin oktyabrında Gəncədən hərbi xidmətə çağırılıb. Əsgərin vəziyyəti yaxşıdır.

22 yanvar: Azərbaycan ordusunun daha bir hərbi qulluqçusu özünü güllələdi. “N” saylı hərbi hərbi hissənin əsgəri, 19 yaşlı Xaqani Manaf oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralandı. X.Hüseynov Şəmkir rayonundan hərbi xidmətə çağırılıb. Əsgərin vəziyyəti yaxşıdır.

22 yanvar: Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət keçən hərbi qulluqçu Əkbər Əjdər oğlu Əliyev ürək çatışmazlığından vəfat edib.

23 yanvar: Erməni silahlı bölmələrinin Tərtər rayonu ərazisində atəşkəsi pozaraq Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutması nəticəsində Silahlı Qüvvələrimizin zabiti, kapitan Elnur Cəfərov şəhid oldu.

27 yanvar: Erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Silahlı Qüvvələrimizin zabiti, leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid oldu.

Xatırldaq ki, hər iki zabitimiz müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edildilər.

Qeyd edək ki, Müdafiə Nazirliyi orduda baş verən intihar hadisələrini əksəriyyətini əsgərlərin psixoloji problemlərinin olması ilə əlaqələndirir. Buna görə də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti təkrarən yoxlanışdan keçirilir. Nazirlik yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəliyin aşkarlandığını və onlar geri qaytarıldığını açıqlamışdı. Həmin əsgərlərin 17-də vərəm, 71-də nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edildiyi bildirilirdi.
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21