Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Neft sektorunda əmək hüquqlarının pozulması pik həddə

Mirvari Qəhrəmanlı: “ARDNŞ-in müəssisələrində əmək xəsarətləri, ölüm halları gizlədilir”

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı yanvarın 31-də “2013-cü ildə ölkənin neft sektorunda insan hüquqlarının vəziyyəti və mövcud vəziyyət” mövzusu ilə bağlı mətbuat konfransı keçirib. Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, 2013-cü illə bağlı hesabatda Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə əməl olunduğunu qiymətləndiriblər: “Bu hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri əsasında hazırlanıb. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra olunduğunu mümkün olan dərəcədə qiymətləndirməkdir. Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapıb, həmin problemlərin həlli üçün təklif və tövsiyyələr də verilib”.

O qeyd edib ki, hesabat dövrü ərzində ölkənin neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən Əmək Məcəlləsinin 18 maddəsi, Nazirlər Kabinetinin bir neçə qərarı, Beynəlxalq Əmək Təşkilatının 3 Konvensiyası, həmçinin dövlət dili haqqında qanunun iki maddəsi pozulub: “2013-ci ilin kütləvi hal almış qanun pozuntuları ARDNŞ-də on mindən çox işçinin qanunsuz ixtisarlar yolu ilə və ya məcburi surətdə ərizə yazdırmaqla əmək müqaviləsinə xitam verilməsidir. Xarici şirkətlərdə əmək xəsarəti ilə əlaqədar aylıq ödənc alan işçilərə kütləvi artımlar tətbiq olunmayıb. ARDNŞ və xarici şirkətlərdə sistemli və işçilərin iradəsinin əleyhinə olaraq müddətli əmək müqavilələri bağlanıb, bir aylıq, altı aylıq, çoxu bir il müddəti olub. 2013-cü ilin sonunda ARDNŞ-də struktur dəyişikliyi ilə əlaqədar işçilər qanunsuz olaraq azad olunub”.

Ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulma halları da bir çox idarə və müəssisələrdə müşahidə olunub: “Məhz bunun nəticəsində yüzlərlə insanın haqqı pozulub, iş yerlərini itirib, xəsarət alıb və ya faciəli surətdə həlak olub. Bizim təşkilat 2013-cü il ərzində ərzində neft sənayesində və digər sahələrdə çalışan işçilərdən 3500 nəfərə yaxın işçiyə: əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardımlar göstərib. Əsasən əmək müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə ərizə yazdırılması, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması kimi hallardan şikayətlər olub. Neft Daşları NQÇİ, 28 may, Kompleks Qazma Tresti, Abşeron Donanma İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi, Bibiheybətneft NQÇİ, Stork şirkəti və sair şirkətlərdən şikayətlər var. Əmək müqaviləsinin surəti işçilərə verilmir, müqaviləyə xitam verilərkən əmrin, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələrin sonuncu iş günü işçiyə verilmir və ya ümumiyyətlə verilmir. Əmək xəsarəti gizlədilir, qeydə alınmır, əmək xəsarəti ilə əlaqədar müvafiq ödənclər ödənilmir və sair. İşçilər normadan artıq işlədilir və bu işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqı ödənilmir. Şirkətdə diskriminasiyaya yol verilir, diskriminasiyanın əsas səbəblərindən biri qohumbazlıqdır. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Misal olaraq “Azneft İB”-nin Direktoru Daşqın İsgəndərov, Neft Daşları NQÇİ-nin rəisi Qoçəli Mahmudov, Qazma Tikinti Trestinin rəisi İsgəndər Şirəliyev rəhbərlik etdikləri müəssisələrdə: ixtisar, işə qəbul və vəzifəyə təyin edərkən təhsilinə, peşəkarlığına və digər işgüzar keyfiyyətlərinə görə deyil, yaxın qohumluq və dostluq əlamətlərinə yol verməklə diskriminasiyaya yol verirlər. ARDNŞ-nin Neft Daşları NQÇİ-nin işçiləri cinsinə, milliyyətinə və dilinə görə diskriminasiyaya məruz qalıblar. Qeyd olunan ayrı seçkiliklə bağlı bu işçilərə ixtisarla əlaqədar olaraq işdən azad olma barədə qanunsuz bildirişlər verilib. Bir qrup işçi isə ingilis dilini bilmədiklərinə və ya zəif bildiklərinə görə diskriminasiyaya məruz qalıblar, işdən kənarlaşdrılıblar. Əmək münasibətlərində vətəndaşlığına, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yeri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verilir. Yerli işçilərin: əmək haqqları xarici vətəndaşlardan bir neçə dəfə aşağıdır”.

M.Qəhrəmanlı bildirib ki, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir: “Bu şirkətdə yerli işçilərin iddia etdiyi iş yerlərində xarici işçilər işləyirlər. Miqrasiyası haqqında qanuna görə isə, əcnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə aldıqdan sonra ölkədə işləyə bilərlər. Şikayət ərizəsi yoxlanarkən məlum olub ki, orada çalışan 62 xaricidən yalnız 2-nin işçi kimi ölkədə çalışmaq səlahiyyəti var. Əmək Müfəttişliyi bunu bilir və susur. Niyə?”.

M.Qəhrəmanlının sözlərinə görə, ARDNŞ tərəfindən mülkiyyət hüquqlarının pozulması 2013-cü ildə də davam edib: “Vətəndaşların qanunsuz olaraq evləri sökülüb. Bu sahədə daha çox Sulutəpə və Binəqədi ərazilərində yaşayan vətəndaşlar əziyyət çəkiblər. Bu günə qədər ARDNŞ tərəfindən qaldırılmış iddialar əsasında 20 000 nəfərə yaxın vətəndaşın evlərinin məhkəmə qaydasında sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları qəbul edilib. Məhkəmə qərarları istənilən vaxt icra edilərsə, bu vətəndaşlar yaşayış sahələrindən məhrum edilə bilər”. Onun sözlərinə görə, 2013-cü ildə NHMT məhkəmə vasitəsilə də işçilərin hüquqlarını müdafiə edib. Təşkilatın hüquqşünası müxtəlif məhkəmə instansiyalarında 81 iddia ərizəsi üzrə işçiləri müdafiə edilib. Həmçinin bir neçə hakimdən Məhkəmə Hüquq Şurasına şikayət verilib./musavat/
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19