Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Eldar Əzizovun “yaşıl terror”u

Sumqayıtda parkın yerində restoran tikdirmək istəyən biznesmen ağacları yandırdı

Sentyabrın 14-də gecə saatlarında Sumqayıtın Nəsimi parkında, Mehdi Hüseynzadə adına stadionun arxasındakı şamlıqda 50-yə yaxın çoxillik şam ağacları üstünə benzin tökülərək yandırılıb və sonra kəsilib. “Bölgexeber”in yaydığı məlumatda deyilir ki, Sumqayıtda ağac kəsimi ənənə halını alıb. Bundan əvvəl şəhərin Azərbaycan prospektində yerləşən Cəfər Cabbarlı adına klubun qarşısındakı parkda 100-ə yaxın yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilmişdi. Hətta icra başçısı Eldar Əzizov bu hadisə geniş mətbuata yol açıb böyüyəndən sonra demişdi ki, guya icra hakimiyyətinin bundan xəbəri olmayıb, bəs Rusiyada yaşayan hansısa biznesmen bu işi gizlicə gördürüb.

Sumqayıt sakinləri deyir ki, bu hal yenə davam edir. Yəni hansısa biznesmen Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə anlaşaraq görkəmli park və xiyabanlardakı ağacları kəsdirərək ərazini öz məqsədləri üçün istifadə edirlər.
Həmin yerləri satan məmurlar iş adamlarına özləri deyirlər ki, “ağacları gizlicə, qaranlıqda, tezbazar kəsin ki, mətbuat xəbər tutmasın”. Həmçinin həmin sahibkarlara bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə özləri cavab versinlər və əgər məsələ böyüyərsə, günah da ancaq onlarda görüləcək. 
Ancaq bununla belə, Sumqayıtda həmin yerlərin qiyməti 100 minlərlə ölçülür. Çünki ən azından ağacı kəsən sahibkar bilir ki, onsuz da o həmin yerdə tikinti aparanda icra hakimiyyəti və başqa dövlət qurumları qarşısında buna cavab verməli olacaq. Sumqayıtda torpaqların satılması ilə bağlı məsələlərin başında birbaşa icra hakimiyyəti durur. 
Yol kənarındakı bütün ağacları kəsib boş yerləri ayrı-ayrı sahibkarlara satıblar və həmişə də aidiyyəti məmurlar cəzasız qalırlar. Eldar Əzizov da əvvəlki icra başçıları kimi hətta onlardan daha da intensiv bu ənənəni davam etdirdiyindən şəhərdə yaşıllıq xeyli azalıb. Hətta yolların ortasında olan yerlərdə belə şəhərə gözəllik verən, şəhərin ekologiyasını qoruyan ağaclar qırılıb, boş yerlər isə qanunsuz olaraq milyonlarla manata ayrı-ayrı şəxslərə satılıb ki, həmin yolların ortasında indi şadlıq evləri, ticarət mərkəzləri tikilib. 
Sumqayıt sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, Nəsimi parkının ərazisi əslən sumqayıtlı olan, hazırda Rusiyada yaşayan Tofiq Dadaşov adlı bir sahibkara satılıb. Biznesmenin adamları icra hakimiyyətini razı saldıqdan sonra tikəcəkləri restoranın özülünü qazmaq üçün ağacları kəsmək qərarına gəliblər. Ətrafda yaşayan sakinlər ağacların kəsilməsinə mane olub. İş icraçıları bir müddət ərazidə görünməyiblər. Oktyabrın 14-ü gecə saatlarında parkda yanğın baş verib. Sakinlər iddia edir ki, restoran sahibi qəsdən parkda yanğın törətdirib ki, ağacları rahat kəsdirə bilsin. Onlar məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhər şöbəsinə məlumat verdiklərini bildirdilər.

  • Eldar Əzizovun “yaşıl terror”u  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir217/img1503714.jpg' target='_blank'>Yüklə</a>
  • Eldar Əzizovun “yaşıl terror”u  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir217/img1503715.jpg' target='_blank'>Yüklə</a>
  • Eldar Əzizovun “yaşıl terror”u  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir217/img1503716.jpg' target='_blank'>Yüklə</a>
  • Eldar Əzizovun “yaşıl terror”u  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir217/img1503717.jpg' target='_blank'>Yüklə</a>
Fərahim İLQAROĞLU/Müsavat
1649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber