Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Məmur deputatların mandatı niyə alınmır?

Ekspert İlyas İsmayılovun haqlı olduğunu deyir

Ənvər Əliyev: «Demokratik dövlətlərdə qanunlara əməl olunduğundan belə problemlər avtomatik həll olunur»

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı, hüquq elmləri doktoru İlyas İsmayılov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktubla müraciət edib. “Media forum” saytının məlumatına görə, məktubda deyilir ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin Milli Məclisinə deputat seçilməsini yasaqlayır.

Millət vəkili MSK sədrində Azərbaycan Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinin kobud şəkildə pozulmasının aradan qaldırılması üçün deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə məsələni Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxararaq müvafiq qərar qəbul etməyi xahiş edir.

Qeyd edək ki, hazırda Milli Məclisin 20-dən çox deputatı digər qurumlarda yüksək vəzifələr tutur. Bunlar Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, “Azəraqrartikinti” ASC-nin sədri Ağalar Vəliyev, Bakı Dövlət Universitetinin rektoru

Abel Məhərrəmov, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədri Eldar Quliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev,

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev, “Azərikimya” İstehsalat Birliyinin sədri Muxtar Babayev, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov,

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, “Qasid” mətbuat yayımı firmasının direktoru Mirkazım Kazımov, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevdir.

Xatırladaq ki, bu İlyas İsmayılovun ilk belə müraciəti deyil. Bundan əvvəl də o bir neçə dəfə vəzifəli şəxslərin deputat seçilməsinin qanunsuz olduğunu dilə gətirib. Vaxtilə baş prokuror və ədliyyə naziri olmuş, qanunları mükəmməl bilən şəxsin belə bir müraciəti isə cavabsız qalıb.

MSK-nın keçmiş üzvü Ənvər Əliyev də İlyas İsmayılovun iradlarında tamamilə haqlı olduğunu deyir. Çünki Seçki Məcəlləsinə, qanunun tələblərinə görə Milli Məclis üzvü olan hər bir şəxsin qətiyyən sahibkarlıqla məşğul olmağa ixtiyarı yoxdur.

Ə.Əliyevin sözlərinə görə, Azərbaycanda kimin hansı mülkə malik olduğu hələlik müəyyən olunmayıb. Nə vaxta qədər ki, gəlir deklarasiyası yoxdur, mülkiyyətlə bağlı dəqiq məlumatlar açıqlanmır, vəzifəli şəxslərin, sahibkarların deputat kimi fəaliyyət göstərməsi davam edəcək. Demokratik dövlətlərdə isə qanunlara əməl olunduğundan belə problemlər avtomatik həll olunur.
1684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13
<