Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Təbiət də hökuməti ifşa etdi

“Qışa hazırıq” deyənlər iki günlük qara təslim oldular

İki gün yağan qar və şaxtalı hava ölkədəki durumu çılpaqlığı insanlara nümayiş etdirdi. 
Yollar buz bağladı, ictimai nəqliyyat fəaliyyətini dayandırmağa məcbur oldu, yüzlərlə sərnişin küçələrdə qaldı. Vətəndaşlar işə gedə bilmədilər.  Bəzi yollarda qartəmizləyici maşınlar işləsə də, yollara duz səpilsə də, bir çox ərazilər hələlik nəzarətsiz qalıb.
Ancaq ən böyük problem qaz və elektrik enerjisində verilməsində yaşanıb.

“İsinmək üçün küçədə ocaq qalayıb çay qaynadırıq”

Abşeron rayonunun bir neçə qəsəbəsində elektrik enerjisinin və qazın verilməsində problemlər yaranıb. Suraxanı rayonunun sakinləri işıqsız və qazsız qaldıqlarını bildirirlər.
Hövsan qəsəbəsinin sakinləri qazsız və işıqsız qaldıqlarını deyiblər. Qəsəbə sakini Vahid Həsənov “anspress”ə soyuqdan donan sakinlərin küçədə ocaq qalayıb çay qaynatdığını bildirib: “Hövsan donur. Gecə yatanda işıq da vardı, qaz da. Səhər tezdən oyandıq ki, evin içində donuruq. Paltolarımızı geyinib yorğanın altına girmişik. İndi isinmək üçün küçədə ocaq qalayıb çay qaynadırıq”.
Sakinlər problemin həlli üçün aidiyyatı orqanlarla telefon bağlantısı yarada bilmədiklərindən şikayətlənirlər. 
Qar Qaradağ rayonunun sakinlərinə baha başa gəlib. Rayonun Korgöz qəsəbəsi gecə saat 2-dən etibarən qazsız qalıb. Eləcə də Qızıldaş və Şahqar qəsəbələrinə təbii qazın verilməsində fasilələr yaranıb. 
Qaradağ rayonu qaz-istismar idarəsinin baş mühəndisi Tağı Abbasov anspress.com-a qaz verilməsində yaranan problemin Qaradağ-Sumqayıt qaz kəmərində sızıntı əmələ gəlməsi ilə əlaqələndirib. O, alternativ qaz kəmərlərindən istifadə edilərək, səhər saat 12:00-dan etibarən qazın verilməsinin bərpa olunduğunu bildirib.
Ancaq vətəndaşlar Tağı Abbasovun dediklərini yalan olduğunu söyləyiblər. Qazın bərpa edilmədiyini, hələ də qazsız qaldıqlarını deyiblər.

Qaradağ və Sumqayıt qaz və işıq problemi

Eyni hal Sumqayıtda 5-ci və 6-cı kvartallarda qazın və işığın fasilələrlə verildiyi bildirilir. Xüsusilə də Corat qəsəbəsində vəziyyət heç də yaxşı deyil. Coratlılar qazın və işığın verilməməsindən şikayətlənirlər. 
Dünən gecədən Sumqayıt şəhərində əhaliyə verilən təbii qazın verilməsi qəfil kəsilib. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil. Bununla da, onsuz da elektrik enerjisindən məhrum olan minlərlə insan bütün gecəni soyuqdan donub.
Sumqayıtda yaranan problemlə bağlı Sumqayıt şəhər Qaz İdarəsinin baş mühəndisi Teymur Vəliyev “anspress”ə gecə saat 1 radələrində Qaradağ magistralından Sumqayıta gedən qaz kəmərində naməlum səbəbdən nasazlıq yaranıb. Nəticədə şəhərin təbii qazla təminatında fasilələr yaranıb.
“Hadisə yerinə mütəxəssisləri göndərdik. Nasazlıq aradan qaldırılıb. Artıq Sumqayıtda təbii qazın verilişi bərpa olunub. Çalışacağıq ki, bundan sonra problem yaranmasın”, - deyə Teymur Vəliyev bildirb.
Ancaq heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.
Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayevin ANS-ə verdiyi məlumata görə Qaradağ magistralından Sumqayıta gedən qaz kəmərində naməlum səbəbdən yaranan nasazlıq Abşeron və Qaradağ rayonlarında da qazın verilişində problem yaradıb. Abşeronda rayonunda problem artıq aradan qaldırılır, Qaradağın Buta qəsəbəsində isə qazın verilişi yaxın saatlarda bərpa ediləcək. Bundan başqa Suraxanı və Sabunçu rayonlarının bir hissəsində hələ qazın verilməsində problemlər qalmaqdadır.

Hər il qar yağanda bu fəlakətlə üz-üzə qalırıq

Bakıxanov qəsəbəsi Yaşar Əliyev küçəsinin sakinləri də qazsız qalıb. Ümidlərini elektrik enerjisinə bağlayan vətəndaşlar deyirlər ki, onlara Sabunçu rayonunda qəzanın baş verdiyini bildiriblər.
15 min əhalisi olan Qobu qəsəbəsi bir neçə gündür ki, işıqsız qalıb.
“Qarın əlindən bayıra çıxmaq olmur. ”Bakı Elektrik Şəbəkə” gücləndirilmiş iş rejiminə keçdiyini açıqlayıb. Ancaq 3 gündür evlərimizdə işıq yoxdur. Hər il qar yağanda bu fəlakətlə üz-üzə qalırıq. Televizora çıxıb yalanda danışırlar ki, heç bir problem yaşanmır, qaz, işıq, su var”, - deyə qəsəbə sakinləri söyləyib. 
Binəqədi rayonunda, eləcə də Biləcəri, Novxanı qəsəbələrində sakinlər problemlərlə üzləşiblər. 
“Evdə donuruq, vəziyyətimiz ağırdır. Neçə gündür qaz verilmir. Elektrik enerjisi ilə isinirik. Gecələr işıqların verilməsində də fasilələr yaranır, bu lap dözülməz hala gətirib. Hər yerə şikayət etmişik, ancaq heç bir faydası yoxdur. “Qəza baş verib” deyirlər. Əgər qəza olubsa bunu 3 günə həll edə bilmirlər? Başqa vaxtı hər şeyin yaxşı olduğunu söyləyirlər”, - deyə vətəndaşlar narazılıqlarını bildiriblər.

Sürücülər də qiyməti qaldırıb

Qarın yağmasından süni şəkildə istifadə edənlər də var. Bundan daha çox sürüclər yararlanmağa çalışırlar. Sumqayıta ad günlərdə adambaşını 2-3 manata aparak taksilər, bu dəfə 3-4 dəfə qaldırıblar. Axşam saat 6-7 radələrində 5-6, 9-11 radələrində isə 8-10 manata aparırlar. 
Şaxtalı havaların daha çox olmasını arzu edən sürüclər bizimlə söhbətində dedilər ki, günəşli-yağışlı havalarda o qədər də yaxşı işləyə bilmirik.
“Qarda, şaxtada maşın sürmək təhlükəlidir. Kim yola çıxırsa həyatını riskə atır. Bundan başqa qarda maşın benzini çox içir. Heç olmasa buna görə 5-10 manat artıq qazanaq. Onsuzda 3-4 gündən sonra yollar düzələcək və biz həmişəki qayda da işləyəcəyik”, - deyə sürüclər bildirirlər.
Taksi sürüclərilə yanaşı avtobuslarda da qiymət artımına rast gəlmək mümkündür. Xırdalandan metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət edən avtobuslar adi günlər sərnişinləri 20 qəpiyə mənzil başına aparsalar da, indi qiyməti 40-50 qəpiyə qədər qaldırıblar./azadlıq/


1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11