Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Azərbaycanda mülkiyyətin yenidən bölüşdürülməsi gözlənilir

Antikorrupsiya əməliyyatları və məmurların cəzalandırılması prosesindən iri maliyyə və biznes qrupları faydalanacaq; məmurların qanunsuz yolla əldə etdiyi mülkiyyət eyni qanunsuzluqla başqalarına ötürüləcək
Böyük əmlak yiyələri artıq siyasi hakimiyyət üçün başağrısına çevrilib. Çünki onların doymaq bilməyən əmlak ehtirasları sosial təlatümlərə yol açdığından siyasi hakimiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib. Ona görə də hakimiyyət müəyyən tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə “Yeni Müsavat”a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.


Mənbə deyir ki, ölkəni bürüyən intiharlar dalğası siyasi hakimiyyətdə ciddi narahatlıq yaradıb: “Qarabağ qazısı Zaur Həsənovun özünü yandırmasının kökündə də məhz məmurların daha çox sərvətə yiyələnməsi ehtirasları dururdu. Son vaxtlar isə insanların sosial ədalətsizliyə etiraz olaraq özünə qəsd etməsi az qala epidemiya halını alıb. Siyasi hakimiyyət tez-tez partlayan sosial mərmilərdən çox narahatdır və bunun qarşısını almaq üçün məmurları müəyyən çərçivədə saxlamaq üçün ciddi addımlar nəzərdə tutulur. Bu addımların biri kimi yaxınlarda antikorrupsiya əməliyyatlarının yeni dalğasına start veriləcək. Ardınca isə sosial narazılıqların daha güclü olduğu rayonların icra hakimiyyətlərinin başçıları dəyişdiriləcək”.

Təbii ki, məmurların cəzalandırılması və maliyyə qaynaqlarının qapadılması ölkədə mülkiyyətin yenidən bölüşdürülməsinə ciddi zəmin yaradır. Məmurların cəzalandırılması təbii ki, müsbət haldır. Ancaq onların qanunsuz yolla əldə etdiyi mülkiyyətin eyni qanunsuzluqla başqasına ötürülməsi isə anormallıqdır. Əgər əmlak orta ranqlı məmurlardan məhkəmə yolu ilə alınıb dövlət mülkiyyətinə qaytarılsaydı buna normal yanaşmaq olardı. Yəni məhkəmə qaydasında məmurun obyektə qanunsuz olaraq yiyələndiyi sübuta yetirilir və dövlətə qaytarılır. Ancaq burada əmlakın bir əldən başqa ələ keçməsindən söhbət gedir ki, buna da heç bir halda normal yanaşmaq olmur. Sıravi vətəndaş üçün fərqi yoxdur ki, dövlətin əmlakını Həsən oğurlayıb, yoxsa Hüseyn. Əsas məsələ budur ki, dövlətin əmlakı oğurlanıb və sahibinə qaytarılmır.

Ona görə siyasi hakimiyyətin bu addımlarından böyük maliyyə qruplarının öz xeyirlərinə istifadə edəcəyi qaçılmazdır. Söhbət orta ranqlı məmurlara məxsus əmlakın daha yüksək ranqlı məmurların sərəncamına keçməsinə zəmin yaradacaq prosesdən gedir. Burada hüquqi metodlardan daha çox zor alətinin işə düşəcəyi şübhə doğurmur.

Yaxın keçmişin təcrübəsi göstərir ki, mülkiyyət toxunulmazlığının pozulmasından sıravi vətəndaşlarla yanaşı məmurlar da eyni dərəcədə əziyyət çəkir. Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə qərarı ilə 10-a yaxın villası müsadirə edildi. Baxmayaraq ki, bu villaların heç biri onun adın deyildi, mülklər onun yaxınlarının adına rəsmiləşdirilmişdi. Sabiq iqtisadi inkişaf naziri F.Əliyev həbs ediləndən az sonra ona və qardaşına məxsus olan “Azpetrol-Holdinq” də keçmiş səhmdarın şikayəti əsasında məhkəmə qaydasında əlindən alındı. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev işdən çıxarılandan sonra ona və qardaşına məxsus olan “ABU-Holdinq” əllərindən alındı. Burada heç formal məhkəmə qərarından da istifadə edilmədi. Sadəcə, H.Babayev “ya əmlak, ya azadlıq” seçimi qarşısında qoyuldu. Sabiq nazir ikincini seçdi. “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov da azadlığını əmlakdan üstün tutdu.

Bu şəxslər ölkə çapında tanınmış simalardır. Əgər ölkə çapında tanınmış simaların əmlakına belə amansız münasibət varsa, onda nisbətən aşağı ranqlı məmurlarla daha amansız şəkildə davranılması şübhəsizdir. Məsələn, Qazaxın sabiq icra başçısı Rauf Hüseynov əmlakının əlindən alınmasına müqavimət göstərdi və xaricə qaçmaq istədi. Ancaq onun Binə Hava Limanından geri qaytardılar və yaşadığı mənzildən, bağ evindən başqa bütün əmlakı əlindən alındı. Bununla belə, əmlakı könüllü şəkildə verənlərə müəyyən güzəştlər edilir - 1-2 obyektinə toxunmurlar. Məsələn, Binəqədinin sabiq icra başçısı Hüseyn Hüseynov “könüllü təslim” olduğundan obyektlərinin bir hissəsini xilas edə bildi. Naxçıvanda əmlakın əlindən alınması qaydaları daha sərtdir. İşdən çıxarılan icra başçılarının bütün daşınmaz əmlakı əlindən alınır.

Onsuz da məmurlara məxsus daşınmaz əmlaklar, biznes strukturları virtual olaraq onlara məxsusdur. Bir dükanı olan kiçik biznesmen daha çox öz əmlakının sahibidir, nəinki iri biznes yiyələri. Əgər kimsə biznesmenin dükanını söksə, o hüquqları uğrunda mübarizəyə qalxar və ən azı təzminat tələb edə, əksər hallarda da buna nail ola bilər. Ancaq nəhəng müəssisə, çoxlu daşınmaz əmlak yiyəsi olan məmurların belə bir hüququ yoxdur. Onların 2 seçim imkanı var - ya əmlak, ya azadlıq. Nəinki orta ranqlı məmurlar, hətta adlı-sanlı oliqarxlar belə bu qaydasız oyunların qurbanı olur. Məsələn, vaxtilə nazir Fazil Məmmədova məxsus olan “Ata-Holdinq” indi başqa holdinqin tərkibindədir. Sabah eyni aqibət başqa iri holdinqləri də gözləyə bilər.

İndi məmurlar kütləvi şəkildə sahib olduqları daşınmaz əmlakı nağd pula çevirərək xaricə çıxartmağa üstünlük verirlər. Son illərin təcrübəsi göstərir ki, ən müxtəlif yollarla (Korrupsiya, rüşvət, qanunsuz biznes fəaliyyəti, büdcə vəsaitlərinin oğurlanması və s.) toplanan sərvəti qorumağın yeganə yolu onu nağd pula çevirərək xarici banklarda, xüsusilə də Avropa banklarında yatırmaqdır. Çünki pulların Avropa banklarından geri alınması mexanizmi yoxdur - hətta bu vəsaitin qanunsuz yolla əldə edilməsinə dair məhkəmə qərarları olduqda belə./musavat/
1397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi