Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

“Əli İnsanovun açıqlaması yeni cinayət işinin başlanğıcı ola bilər”

Natiq Cəfərli: «Hüquq-mühafizə orqanları ya məlumatın yalan olduğunu sübut etməli, ya da cinayət işi başlatmalıdır»

Keçmiş səhiyyə naziri Əli Insanovun hökuməti ifşa edən açıqlamalarının qarşısını almaq üçün son məhkəmə iclasında onu səskeçirməz xüsusi şüşə kabinənin içinə salsalar da, o, özəlləşdirmə ilə bağlı bəzi ilginc məlumatları çətinliklə də olsa, çatdıra bildi. Xüsusən, keçmiş nazirin “50 min obyektin özəlləşdirilməsindən ”yuxarı"lara 50 milyard pul gedib" fikri kifayət qədər ciddi açıqlamadır. Elə ekspertlər də hesab edir ki, bu açıqlama ilə bağlı hərtərəfli araşdırma aparılmalıdır.

“Əli Insanov 2005-ci ildə həbs olunub. Azərbaycanda böyük pullar 2006-2007-ci ildən sonra olub. Hökumət yetkililərinin böyük neft pullarından korrupsiya nəticəsində qazandıqları fantastik gəlirlər bu dövrə təsadüf edir. Özəlləşdirmədən qat-qat çox vəsait neft sektorundan əldə olunub. Neft pullarını daha çox investisiya layihələrinə yatırmaqla əldə ediblər. Düşünürəm ki, Əli Insanovun çıxışının daha dərindən araşdırılmasına ehtiyac var”, - deyə iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Natiq Cəfərli deyir ki, obyektlərin hansı vəsaitlə özəlləşdirilməsi məsələsi də mütləq araşdırılmalıdır: “Araşdırmaq lazımdır ki, hansı obyektlər özəlləşdirilib, özəlləşdirmə hansı vasitələrlə həyata keçirilib? Çünki qiymətli kağızlar bazarı faktiki yoxdur. Əli Insanovun bu açıqlaması yeni bir cinayət işinin açılmasına başlanğıc ola bilər”.

Ekspert onu da qeyd edir ki, hüquq-mühafizə orqanları mütləq sözügedən məlumata reaksiya verməlidirlər. Ya bu məlumatların yalan olduğunu sübut etməlidilər, ya da cinayət işi açıb, bu barədə ictimaiyyətə məlumat verilməlidir ki, obyektlər hansı yolla özəlləşdirilib: “Hər hansı cinayət hadisəsi haqda verilmiş məlumat cinayət araşdırılmasının başlanması üçün səbəb ola bilər”./azadlıq/
1656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25