Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Keçmiş işçisi Səfər Əbiyevi duelə çağırdı

“Mən heç vaxt heç yerdə fəaliyyətimin məqsədinin Səfər Əbiyev olduğunu deməmişəm”. Bunu Modern.az saytına “Ehtiyatda və istefada olan zabitlər” İctimai Birliyinin keçmiş sədri, hərbi ekspert Yaşar Cəfərli deyib. O bildirib ki, sözügedən quruma rəhbərlik edərkən əsas hədəfləri keçmiş müdafiə naziri Səfər Əbiyev olmasa da, onun vəzifədən kənarlaşdırılmasında müəyyən rolları olub. “Nizamnamə və ölkə qanunları çərçivəsində bizim sahəyə aid məsələ kimi Səfər Əbiyevin də fəaliyyətinə ictimai nəzarəti həyata keçirmişik. Biz uzun müddət onun vəzifədən çıxarılması uğrunda da mübarizə aparmışıq. Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılmasında bizim təşkilatın, o cümlədən mənim də payım olduğuna iddia edirik. Biz Əbiyevin çıxarılmasını da fəaliyyətimizin bir müsbət nəticəsi kimi qeyd edirik”.

Onun sözlərinə görə, digər tərəfdən S.Əbiyev şəxsən onu özünə şəxsi düşmən kimi elan etmişdi. “Mən də onun bu çağırışını qəbul etdiyimi bildirmişdim. Amma o, bütün bu mübarizəni vəzifəsindən sui-istifadə edərək aparırdı. Başqa cür, yəni qanuni mübarizə aparmaq iqtidarında deyildi, məni şəxsi düşməni elan eləsə də, mənə qarşı dövlətin resurslarından istifadə edirdi.

Açığı, indiyədək onun mənə qarşı apardığı düşmənçiliyin nə mənasını, nə də mahiyyətini dərk edə bilməmişəm. Mən isə Əbiyevi niyə görə şəxsi düşmən elan etdiyimi dəfələrlə mətbuatda açıqlamışam. İndi o artıq nazir deyil və mənim onunla mübarizə aparmaq imkanlarım qat-qat asandır. Doğrudur, artıq onunla əvvəlki mübarizliklə vuruşmaq həvəsim qalmayıb. Bunun da səbəblərini dəfələrlə vurğulamışam. Qısaca, yenə deyirəm - zəif adamla vuruşmaq həvəsim yoxdur”.

Y. Cəfərli bir zabit kimi keçmiş müdafiə nazirini duelə çağırmaq arzusunu da gizlətmir: “Ancaq bilirəm ki, onda elə hünər yoxdur, gələn deyil. Amma bu arzuma da çatacağıma ümid edirəm. Amma birmənalı deyirəm ki, hətta Səfər Əbiyev müdafiə naziri vəzifəsində qalsaydı belə, mən məlum bəyanatla çıxış edəcəkdim. Səbəblərini artıq izah eləmişəm”.

Qeyd edək ki, bir müddət öncə Y. Cəfərli rəhbərlik etdiyi təşkilatdan istefa verdiyini bəyan edib. O bildirib ki, ictimai fəaliyyətini 50 yaşı tamam olması münasibəti ilə dayandırıb.
1456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber