Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Nazirin adamı Şəmkirdə sahibkarları “boğur”

İcra başçısı Nazim Veyisov şəmkirlilərin gördüyü işləri öz adına çıxır

Şəmkir zahirən Avropa şəhərlərinə bənzəyir. Rayonun mərkəzi küçələri səliqəli və ürəkaçandır. Amma bir az Şəmkirin aşağı küçələrinə dönəndə hiss edəcəksən ki, icra başçısı Nazim Veyisov rayonu “üstü bəzək, altı təzək” şüarı altında “abadlaşdırıb”. Əslində Şəmkirin üzünü ağ eləyən əhalinin Rusiya bazarlarında ticarətdən qazanıb ailələrini dolandırmasıdır. Şəmkir rəhbərliyinin ümidinə qalsa, rayon camaatı çoxdan yoxsulluq və səfalət içində itib-batmışdı.

N.Veyisov isə Rusiyadan dolanan şəmkirlilərin hesabına rayondakı abadlığı analoqsuz inkişaf kimi təqdim edir. Belə ki, icra başçısı şəmkirli sahibkarların və imkanlı şəxslərin gördüyü işləri öz adına çıxıb, qürrələnir. İddialara görə, N.Veyisov Şəmkiri sahibkarların vəsaiti ilə təmir etdirib, büdcə pullarını ayrı-ayrı məmurlarla müştərək çırpışdırır.
Şübhəsiz ki, N.Veyisov Şəmkirin qeyri-rəsmi qubernatoru olan vergilər naziri Fazil Məmmədova arxalanıb. Rayonda olarkən kimdən soraqlasan, icra başçısının F.Məmmədovun sözü ilə oturub-durduğunu iddia edəcək. Şəmkirlilər deyirlər ki, nazir vəzifəsində qaldığı müddətdə icra başçısı da kreslosunda oturacaq. “Nazim Veyisov sahibkarlara gün verib-işıq vermir. Bir sahibkar ondan razı qalmayıb. Hansısa iş adamı rayonda iş görmək istəyəndə, icra nümayəndələri gəlib başının üstünü kəsdirir.
Ondan istədiyini almayana qədər əl çəkmirlər. Burada iş görməyin öz “haqqı” var. İcra rəhbərliyi öz qiymət cədvəlini tərtib edib. Sahibkar şikayət etmək istəyəndə deyirlər ki, buyur, qapı açıqdır, get hara istəyirsən şikayət et. Amma unutma ki, icra başçısı cənab nazirin iradəsindən kənar addım atmır. Bu da sahibkara bir siqnaldır. Yəni, qabağında vergilər naziri kimi bir sədd var. Sabah vergini töküb, bir yoxlama ilə obyektini bağlaya bilərlər. Ona görə də Şəmkirdə ən çox şikayətçi zümrə sahibkarlardır. Kənardan elə görünür ki, burda iş görmək olar. Amma əlini ağdan-qaraya vuran kimi həngamə başlanır “ deyə, bizimlə söhbətləşən yerli sahibkarlardan biri danışır.

Yollar palçıq, və çala-çuxur...

Sahibkarın sözlərinə görə, Şəmkir çox gözəlləşib, abadlıq işləri görülüb, mərkəzi yollar asfaltlanıb: “Şəmkir hamı bilir ki, kasıb bölgə deyil. Şəhəri gəzəndə görəcəksiniz ki, bahalı maşınlar hər addım başı dayanıb. Ancaq görülən işlərin çoxunda sahibkarların əməyi var. Şəmkirli oğlanlar sağ olsunlar, rayonu baxımsız qoymurlar. İcra hakimiyyətindən olsa bir-iki küçəni düzəldər, heykəl qoyar, gənclər mərkəzini tikər, icranın binasını təmir etdirib, lentini kəsib oturar. Ancaq elə bilməyin ki, burda hamı yağ-bal içində yaşayır. Nə qədər xarici maşın varsa, elə o sayda da taksi xidməti var. İşsizlik, kasıbçılıqdan taksi işləyirlər. İş yeri yoxdur, zavod, müəssisələr, sexlər fəaliyyət göstərmir. İstəyənə də imkan verməzlər. Monopoliyadır, məmurlar öz arasında qərar verirlər ki, zavod açmaq olar, ya olmaz”.

Digər bir yerli sakin isə Şəmkirin sosial problemlərinə toxundu. Onun dediyinə görə, mərkəzdən aralı küçələr palçıq içindədir. Məktəblilər dərsə gedə bilmirlər. Nəqliyyatın hərəkəti məhduddur. Bu ara yollarda çala-çuxurdan keçmək əzaba çevrilib. Üstəlik, Şəmkir-Kür qəsəbəsi yolunun bərpasına 3 milyon manat ayrılıb. Rayona həmin vəsaitin yarısı gedib çatıb. Bu pulla bütün yolları təmir etmək olardı. Ancaq pulun qalan hissəsindən xəbər yoxdur.

Sakinlər şikayətlənirlər ki, Şəmkir stadionuna aparan küçələr viran gündədir. Rayonun mərkəzi əraziləri təzə asfalt üzü görsə də, azca kənar yollar buna həsrətdir.
Məlahət Qasımova adlı şəmkirli deyir ki, icra hakimiyyəti Rusiyadan gələn imkanlı şəxslərə torpaqları satır: “Rayonda torpaq qoymayıblar. Moskvadan gələn pullu adamlar hektarlarla torpaq alır. Şəmkir rəhbərliyi torpaq bazarı açıb. Burda torpağın sotu 2000 manatdan aşağı deyil.

Hazırda Şəmkir stadionu ilə üzbəüz evləri sökürlər. Kimsə ərazini alıb ticarət mərkəzi tikdirəcək".

Sosial müavinətlər və stadionun satışı

M.Qasımova rayonun bəlalarını sadaladı: “Şəmkirdə bizim əsas problemlərimiz torpaqların məmurlar tərəfindən satılması, yolların bərbad gündə olması, işsizlikdən əhalinin Rusiyaya getməsi, rayon rəhbərliyinin də Moskvada pul qazananların hesabına görülən işləri öz adına çıxarması, bütün vəzifələrə, bələdiyyələrə yaxın adamlarını təyin etdirməsi, ən nəhayət sosial ünvanlı yardımın 6 ay prinsipi ilə verilməsidir. Bütün regionlarda belədir. Şəmkirdə də yoxsul ailələr sosial müavinət ala bilmirlər. Gərək ”6 ay sənin, 6 ay mənim" şərti ilə razılaşasan".

Həmsöhbət olduğumuz digər sakin - Vidadi Əsədov rayondakı stadionun təmirini və futbol klubunun bərpasını tələb edir: “Şəmkir Azərbaycan çempionu olub. Tanınmış futbolçular verib respublikaya. Avropada Şəmkir komandası mərhələ keçib, qələbə qazanıb, millinin ən yaxşı oyunçuları burda top qovub, Ağasəlim Mircavadov kimi adam komandaya baş məşqçilik edib. İndi Şəmkir futbolu xəritədən silinib. Aslan Aslanov da (kənd təsərrüfatı nazirinin keçmiş müavini) stadionu satışa çıxarıb”.

V.Əsədov stadion ərazisinin Şəmkir rayonunun “Klara Setkin” sovxozunun balansında olduğunu bildirdi: Şəmkirdə icra başçısı işləyəndə Aslan Aslanov bu yeri qohumunun adına özəlləşdirdi. İndi bu stadionu alan da yoxdur. Heç istəmirik də alınsın. Kimsə alıb kommersiya məqsədi ilə iş görəcək. Prezidentdən, Rövnəq Abdullayevdən, eləcə icra başçısı Nazim müəllimdən xahiş edirik ki, bu məsələni diqqətdə saxlasınlar. Şəmkir futbolunu dirçəltsinlər. Necə olur ki, Lənkəran, Qəbələ, Zaqatala komandalarına sponsor tapılır, amma Şəmkirə yox. Gedib Fransada komanda ala bilirlər, gəlib bura da sərmayə qoysunlar də". Haqlıdırlar.../musavat/
1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45