Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Qarabağ qazisindən rüşvət istədilər...

"Ramil Usubovdan soruşuram, mən buna görəmi döyüşmüşəm ki..."

Yol polisi tərəfindən haqsızlıqla üzləşdiyini iddia edən bir birinci qrup Qarabağ əlili müraciət edib. Onun şikayət məktubunu olduğu kimi təqdim edirik və DİN rəhbərliyindən biz də xahiş edirik ki, araşdırmaların nəticələri barədə məlumatı da bizdən əsirgəməsinlər.
"Salam hörmətli redaksiya. Sizə bu müraciəti canını Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğurnda gedən döyüşlərdə sağlamlığını itirən I qrup Qarabağ əlili ünvanlayır. Məqsədim bugünlərdə üzləşdiyim bir haqsızlıqla bağlı sizi məlumatlandırmaq, o cümlədən polis əməkdaşı adına yaraşmayan şəxsləri ifşa etməkdir.
Bildirirəm ki, bu il yanvarın 29-dan 30-na keçən gecə, saat1:45 radələrində ağır vəziyyətdə xəstəxanaya çatdırılan qohumlarımızdan birinin yanından qayıdan zaman paytaxtın Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində heç bir qayda pozuntusuna yol vermədiyim halda yol polisi əməkdaşı tərəfindən saxlanıldım. Özünü Teymur kimi təqdim edən polis əmədkaşı bildirdi ki, guya mən qaydanı pozmuşam və buna görə “başımı ağrıtmamaq üçün” 100 manat pul verməliyəm. Mən heç bir qayda pozuntusuna yol vermədiyimi, Qarabağ əlili olduğumu və 100 manat məbləğində pulumun olmadığını qeyd etdim. Teymur adlı şəxs isə bildirdi ki, əgər bu gün 100 manat verməsən sabah səndən 1100 manat pul alacam. Teymur adlı şəxs sənədlərimi əlimdən aldı və bildirdi ki, “qısa zamanda səni necə lazımdırsa ağıllandıracam”.
Mən sizdən, habelə daxili işlər naziri Ramil Usubov cənablarından soruşuram. Mən buna görəmi Qarabağda vuruşmuşam ki, bu gün özünə, daşıdığı mundirə hörmət etməyən biri gəlib məndən rüşvət tələb etsin? Mən buna görə döyüşmüşəm ki, xəstə vəziyyətdə hansısa harınlamış polis əməkdaşının hədə-qorxusuna məruz qalım? Adı polis olsa da özü mundirli dilənçi olan belə insanların DİN orqanlarında saxlanılması nə dərəcədə düzgündür? Öz vəzifə səlahiyyətlərindən, daşıdığı formadan əlilləri soymaq üçün istifadə edən bir insan xalqa, dövlətə, dövlətçiliyə nə qazandıra bilər?
Hörmətli redaksiya. Mənə qarşı qanunsuzluğa yol verən yol polisi əməkdaşının döş nişanı 0556, idarə etdiyi xidməti avtomobilin ekipaj nömrəsi isə 286-dır. Ola bilsin ki, mənə adını məqsədli şəkildə başqa cür təqdim etsin. Lakin yəqin ki, əlaqədar qurumlar harınlamış bu şəxsi qanuna dəvət etsələr onun döş nişanı ilə həmin şəxsi müəyyənləşdirə bilərlər. Habelə yanvarın 29-dan 30-na keçən gecə, axsam saat 1:45 radələrində 286 nömrəli DYP avtomobilində 8-ci mikrorayon ərazisində kimlərin xidmət etdiyini müəyyənləşdirməklə bu şəxsi aşkarlamaq mümkündür.
Mən əlaqədar orqanlardan bu cür rüşvətxor polis əməkdaşlarına qarşı ciddi tədbirlər görməyi xahiş edirəm. Ölkədə həqiqətən də rüşvətxorluğa qarşı mübarizə varsa, o zaman qoy bu cür mundirli dilənçilər məsuliyyətə cəlb edilsin.

Hörmətlə Azər Əliyev, I qrup Qarabağ əlili/moderator
1720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP