Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

İlham Əliyev niyə cəmiyyətin az məlumatlı kəsiminə müraciət edir?

Avropa Birliyi ilə Assosiasiya sazişi əvəzinə Strateji əməkdaşlıq müqaviləsi imzalamaq istəyən dövlət başçısının əsas niyyəti nədir?

AXCP sədri Əli Kərimli hakimiyyətin Azərbaycanı Avropa Birliyi ilə həqiqi inteqrasiyadan saxlamaq və bu istiqamətdə imitasiya etmək niyyətindən yazıb. AXCP sədrinin Facebook səhifəsində paylaşdığı həmin yazını təqdim edirik:

"Siz də müşahidə etmisinzmi ki, İlham Əliyev bir qayda olaraq cəmiyyətin az məlumatlı və daha sadəlövh kəsiminə müraciət edir, öz təbliğatını belələrinin arasında qurmağa çalışır? Onu haradasa başa düşmək də olar. “Analoqsuz inkişaf”, “1 milyondan artıq yeni açılmış iş yeri” nağıllarına hansı ağıllı, savadlı adam inanacaq? İlham Əliyevin guya təvazökar həyat tərzinə üstünlük verməsi, korrupsiya ilə mübarizə aparması haqda yalanları hansı mühakimə qabiliyyəti olan, informasiyalı şəxs ciddiyə alacaq? Özü də bunu bilir. Ona görə də təbliğatının əsas hədəf qrupu kimi AzTV izləyicilərini seçib. Cəmiyyətin ən məlumatsız hissəsini hədəf qrupu seçdiyindəndir ki, 2013-cü ilin yanvarından qaldırılmalı olan maaş və pensiyaları tam 9 ay sonra - seçkiyə 1 ay qalmış 10% artırıb, xalqdan təşəkkür gözləyirdi...

Amma bu dəfə bir az fərqli oldu. İlham Əliyev daha fəndgir gediş etdi. Jurnalistin Avropa Birliyi ilə bağlı sualına cavab verərkən AB ilə Assosiasiya sazişinin əleyhinə olduğunu deməklə yanaşı, AB ilə Strateji əməkdaşlıq sazışını müzakirə edə biləcəyini vurğuladı. Bununla da xeyli sayda ağıllı, savadlı adamları aldada bildi. Onlara elə gəlib ki, Strateji əməkdaşlıq müqaviləsinin çəkisi, heç də Assosiasiya müqaviləsindən az deyil. Ona görə də biz müxaalifətçilər AB-yə müraciət etməliyik ki, İlham Əliyevin dilindən tutub, tezbazar AB ilə Azərbaycanın Strateji əməkdaşlıq müqaviləsi imzalamasına nail olaq.

Əminəm ki, belə düşünən insanlar yanılıblar. Asossiasiya sazişi və Strateji əməkdaşlıq sazışı nəinki eyni çəkili, oxşar məzmunlu sənədlər deyil, heç müqayisə də oluna bilməzlər. Nədir strateji əməkdaşlıq? İlham Əliyev hər çıxışında özü izah edir ki, Avropa ilə hansı strateji əməkdaşlığı etmək istəyir. Əslində belə strateji əməkdaşlıq xüsusi müqaviləsiz də edilir. Strateji əməkdaşlıq sazişi də təhlükəsizlik, terrorla mübarizə, neft və qazın Qərbə satışını təmin etməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bu qəbildən olan məsələlərdə Azərbaycanla AB-nin əməkdaşlığını rəsmiləşdirəcək. Demokratiyanın, insan hüquq və azadlıqlarının təmini isə bir qayda olaraq strateji əməkdaşlıq sazişlərinin predmeti olmur.

Assosiasiya sazişi isə tamam başqa söhbətdir. Ayrı-ayrı dövlətlərlə imzalanan sazişlərdə detallar səviyyəsində özünəməxsusluq olsa da, onlar eyni tipli, eyni məzmunludur. Bu sazişlərin imzalanmasında məqsəd də Şərq Tərəfdaşlığı Proqramı iştirakçısı olan dövlətlərin tədricən Avropa standartlarını mənimsəməsinə yardım etməkdir. Bu sazişi imzalayan dövlətlər öz daxili idarəetmələrini konkret müddət ərzində Avropa qaydalarına uyğunluşlaşdırmaq öhdəliyi götürürlər. Siyasi islahatların aparılması, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı kimi vacib məsələlər Strateji əməkdaşlıq sazışının predmeti olmadığı halda Assosiasiya sazişinin tərkib hissəsidir.

Düzdür, AB ilə Azərbaycan arasında müzakirə olunan Assosiasiya sazişinin məzmunu, detalları təəssüf ki, ictimaiyyətdən gizli saxlanılır. Amma AB ilə Ukrayna arasında imzalanmalı olan sazişdən artıq xəbərimiz var. Bu saziş Ukraynanın idarəetməsini Avropa qaydalarına uyğunlaşdırmaq üçün qəbul edilməsi nəzərdə tutulan 350 qanunu əhatə edir. Bundan əlavə, sazişə görə, Ukrayna daxili idarəetməsində 3700 Avropa standartını tətbiq etməyi öz üzərinə öhdəlik olaraq götürür. Nəzərə alanda ki, Ukraynanın indiki dövrü də Azərbaycandan daha demokratikdir, AB-Azərbaycan sazişinin daha çox dəyişiklik tələb edəcəyini güman etmək olar.

Beləliklə, onu izah etməyə çalışdım ki, Azərbaycanın üzərinə konkret zaman çərçivəsində demokratikləşmə öhdəliyi qoymayan, hansısa deklarativ Strateji əməkdaşlıq sazişi Assosiasiya sazişini əvəz edə, ona alternativ ola bilməz. Bizə AB ilə Assosiasiya sazişi imzalamaq lazımdır ki, ölkədə hərtərəfli, dərin, demokratik islahatlar aparmaq Azərbaycan dövlətinin beynəlxalq öhdəliyinə çevrilsin. Ona görə yox ki, Avropa belə istəyir, ona görə ki, xalqımızın köklü milli maraqları bunu tələb edir”./azadlıq/
1320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber