Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Bakıda başımıza uçan tualetlərimiz reportaj - Foto

Özümüzü qoyuram bir kənara, Bakıya gələn turistlər bu şəhərdə təcili şəkildə tualet axtarmalı olsa, gərək taksiyə minib ya Nərimanov parkına sürdürərlər, ya Elmlər Akademiyasının qarşısına, ya da birbaşa bulvar ərazisinə gələrlər. Başqa çıxış yolu yoxdur. Çünki şəhərdə tualetlər əsasən yuxarıda qeyd etdiyim ərazilərdədir. Hafta.az-ın əməkdaşı bu gün Bakı tualetlərində oldu.

Havası yaxşı tualetlər

Yolumuzu ilk olaraq Elmlər Akademiyasının qarşısında yerləşən kişi və qadın tualetlərindən saldıq. Öncədən deyim ki, qadınlar tualetinin qapısına zəncirli kilid vurulmuşdu. Kişi tualetinə baxan tualetçinin sözlərinə görə, qadınlar bura az gəldiyi üçün “zəncirini” də gec açırlar.

Kişilər tualetinə yaxınlaşdıq. Qapıdan içəri girən kimi “Tualet 20 qəpik” cümləsini oxuyub cibimizdən yazılan miqdarda qəpik çıxarıb içəri keçdik. Çöldə qar yağmasına baxmayaraq, içəri tərtəmiz idi. Tualetçi xanım bildirdi ki, buranı hər 15 dəqiqədən bir təmizləyir. Buna görə də içəridə natəmizliyin olması mümkünsüzdür:
“Hə, a bala 15 dəqiqədən bir təmizləyirəm. İçəri də həmişə tərtəmiz olur. Burada siqaret çəkmək də qəti qadağandır. Ona görə içərinin havası da yaxşıdır”.

Tualetə tələm-tələsik girən orta yaşlı kişi çıxan kimi bizə yaxınlaşaraq bildirdi:

- Dədə, jurnalistsən?
Cavab verdik ki, bəli. Kişi dedi ki, onda müdaxilə etmədən qulaq asın:
“A qardaş mən gecədən yol gəlirəm. Özü də Gəncədən. İndi gəlib düşmüşəm “20 Yanvar”da deyirəm qadan alım buralarda bir tualet yeri deyin mənə. Deyirlər ki, “Elmlər Akademiyası”nda. Bir də mən yaşda kişi minmişəm metroya, gəlmişəm ordan bura. Qızım zəng edir ki, papa hardasan, çatmısan? Utandığımdan deyə bilmirəm ki, bala “20 Yanvar”dan “Elmlər Akademiyası”na tualetə gedirəm. Belə iş olmaz axı qardaş. Heç olmasa hər 10 zibilqabıdan sonra bir dənə də tualet tiksinlər. Tikmirlər, heç olmasa o səyyah tualetidir nədir ondan birini gətirib qoysunlar insanların çox olduğu yerlərə. Qadan alım, xahiş edirəm nə demişəm hamısını olduğu kimi yazın. Di Allah amanında getdim mən”.
Ağsaqqalın alovlu çıxışını axıra qədər dinlədikdən sonra onunla birlikdə biz də oradan ayrıldıq. İndi isə yolumuzu Nərimanov rayonunda yerləşən parkdakı tualetdən saldıq. Parkda karusellərin arasında bir xeyli axtardıqdan sonra nəhayət, qapısında qırmızı “Tualet” yazılan əcaib bir yer tapdıq. Qapıda oturan cavan oğlana 20 qəpik verib içəri keçdik. İçəridəki vəziyyəti sözlə ifadə etmək çətindir. Ürəkbulandırıcı vəziyyət idi. Tualetçidən buranın niyə bu halda olduğunu soruşduq. Tualetçi deyir ki, bura elə bineyi-qədimdən bu gündə olub:

Mədəniyyətin başladığı ürəkbulandırıcı məkan

“Bura həmişə belə olub da. Təmir olunmalıdır, ancaq baxan yoxdur. Özü də bura hər gün bəlkə 300 adam gəlir. Ancaq qadınlar tualetinə hərdən bir-iki nəfər gəlir. Onların da çoxu rayon adamlarıdır. Ona görə də qadınlar tualetini lazım olanda açırıq. Ancaq ümumilikdə düşünürəm ki, Bakıda tualet tikintisinə ciddi ehtiyac var”.

Yaxınlıqdakı karusel işlədən Sahib kişi də deyir ki, tualet mədəniyyətin başladığı yerdir:

“Mədəniyyət tualetdən başlayır. Buradan mədəniyyət başlaya bilər sizcə? Təbii ki, başlamaz. Tualet problemini gedib hardasa qabardanda çoxları gülər, nə bilim rişxənd edər. Ancaq bura insanın təbii ehtiyaclarını ödədiyi yerdir. Şəhərdə əhalinin ən sıx yaşadığı yerlərdə tualet yoxdur. Camaat neyləməlidir? Bu parkdakı tualetə də adam girəndə xəcalət çəkir. İçəri adamın az qala təpəsinə uçur. Camaat arasında boşuna bura “mədəniyyət evi” demirlər ki, insanın mədəniyyəti elə burdan başlayır da”.

Fəvvarələr bağından yoxa çıxan tualetlər

Şəhərin mərkəzində isə demək olar ki, camaatın ən çox axtardığı yer tualetdir. Fəvvarələr bağında kişi və qadın tualetlərinin olması Bakı sakinlərinin yadındadır. Lakin Fəvvarələr bağı təmir edildikdən sonra həmin tualet də yoxa çıxıb. İndi o tualetin yerində fəvvarələrin nasosxanası yerləşir.

Ərazidə təmizlik işləri ilə məşğul olan qadınlardan deyirlər ki, hər gün müxtəlif yaşlı insanlar onlardan tualetin yerini soruşurlar: “Məndən soruşurlar ki, bu yaxınlarda tualet hardadır? Deyirəm ki, qalmışıq biçarə, heç özümüz axtaranda tualet tapmırıq a bala. Ancaq bulvara getmək lazımdır”.

Elə biz də gəzə-gəzə nəhayət gəlib çıxdıq hər kəsin axın etdiyi bulvardakı tualetə. Deyilənə görə, Bakıda “Eurovision” keçirilən vaxt bu tualetin qarşısında sovet dövründə “pekarnılar”ın qarşısında növbə gözləyənlərdən çox insan olarmış. Bulvarın təmizlik işlərinə baxanlar deyirlər ki, bura bir yana, Park Bulvarda camaat əməlli-başlı cərgəyə durarlarmış ki, tualet ehtiyaclarını havayı ödəsinlər. Çünki bulvardakı tualet 30 qəpik olduğu üçün çoxlarına bu qiymət sərf eləmirdi.
Bulvarda kişilər tualeti boş olsa da, qadınlar tualetində kimsə “a dağlar, a dağlar” deyərək mahnı oxuyurdu. Çöldəki təmizləyicilərdən içəridə mahnı oxuyanın kim olduğunu soruşduqda dedilər ki, müştəridir, kənddən gəlib, soyuqdan oxuyur. Doğrudan da qiyməti 30 qəpik olan bu tualetləri görən kənd sakininin belə bir vəziyyətdə dağları arzulaması əslində heç də təəccüb doğuran hal deyil.
Son zamanlar BDU-nun sosial şəbəkələrdə şəkili geniş müzakirələrə səbəb olan qapısında xüsusi şifrəli kilidi olan tualetləri görmək üçün adıçəkilən universitetə də yollandıq. Adının hallanmasını istəməyən BDU-nun professoru bildirdi ki, bu qapılar ona görə şifrələndi ki, müəllimlə tələbənin ayrı ayaqyolusu olsun:
“Yaxşı deyil də müəllimlə tələbənin eyni tualetdən istifadə etməsi. Yəqin ki, buna görə rəhbərlik belə bir şey fikirləşib”.

Professor bildirir ki, Bakıda tualet qıtlığı ətraf mühitin çirklənməsinə səbəb olur:

“Doğrudan da Bakıda tualet qıtlığı var. Əvvəllər İçərişəhər tərəfdə tualetlərdən əlavə su quyuları da vardı. Sonradan quruculuq işləri apararkən hamısının üstünü bağlayıb, ləğv etdilər. Ancaq bütün bunların sonunda görürsən ki, bəzi gözdənuzaq yerlərə insanlar tələbatlarını ödəyirlər. Bu da təbii ki, şəhərdə natəmizlik yaradır. Hətta dəfələrlə şahidi olmuşam ki, yaşayış binalarının bloklarından, yeraltı keçidlərdən tualet kimi istifadə ediblər. Onları da qınamalı deyil. Əhalinin 4 milyona yaxını Bakıda yaşayır. Əhalinin sıx olduğu şəhərdə tualetlərə də təbii ki, ehtiyac var. Bu məsələni qabartmaq lazımdır ki, bəlkə lazımi orqanlar məsələ ilə bağlı bir tədbir gördü”.



1760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16