Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Şəhid atası dövlətdən nə ev görüb, nə də sığorta pulu

Eyvaz Mustafayev dövlət qurumlarından kömək istəyir
Dövlət Sığorta Şirkəti şəhid atasına 11 min manat almaq hüququnun olduğunu yazıb, amma pulu verməkdən imtina edir
Eyvaz dayını necə təqdim edim bilmirəm. Adam dərd ocağıdır. Bir ürəkdə o qədər acı, kədər yerləşib ki... İllərlə üst-üstə yığılıb. Həyat da heç nəyə baxmadan onu döydükcə döyüb. Eyvaz Mustafayev şəhid atasıdır. Onunla Sabunçu rayonunda itkinlər üçün qoyulan abidənin açılışında tanış oldum. Gözlərindəki dərin kədər yenidən onun evinə, problemlərini bircə-bircə öyrənməyə çağırdı. Bircə ümidlə - bəlkə səsini kimsə eşitdi - deyib, qapısını açdıq.
Oğlu Akif Mustafayevin döyüş yolu 1993-cü ilin oktyabrın 24-də Füzuli rayonunun Əhmədbəyli kəndində başlayıb. Son döyüşü 1994-cü ilin yanvarında Füzuli rayonunun Qaraxanbəyli kəndində olub. Döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin atdığı gülləyə tuş gəlir. 19 yaşında gözlərini əbədi yumur.
Söhbətimizə öğlundan başlamırıq, nəvəsindən danışır Eyvaz baba.
“Nəvəm Aytac da ötən ilin noyabrından xəstələnib. Əvvəlcə uşaq həkimi demişdi ki, qurdu var. Ona 20 gün dietik yeməklə dərman verdi. Qaraciyəri pozuldu. Ondan sonra ağ qan qırmızı qanı üstələdi. Ölüm ayağında Qan İnstitutuna apardıq. Leykozdur. Müalicəsi də ağır. Ona dövlət səviyyəsində kömək lazımdır. Mən pensionerəm. Atası da fəhlədir. Anası heç yerdə işləmir. Aldığım təqaüd 240 manatdır. Dərmanları isə çox baha. Bütün qohum-əqrabaya hay salmışıq. İnanın, ona aldığım bir dərmana 120 manat vermişəm. Türkiyədən sifariş etmişik 3 dənə göndəriblər. Gəlinin qohumu birini 110 dollara Rusiyadan alıb. Belə çətindir...” - deyir.
Şəhid atası dövlətdən ev görməyib. Nə edibsə öz gücünə edib. Buna görə də heç kimdən küsməyib. Ancaq ömrünün qürub çağında balalarını yerbəyer etmək dərdindədir: “Sənədlərimi yığıb Dövlət Sosial Müdafiə Fonduna verdim. Ev növbəsinə dayandım. 1995-ci ildən ev növbəsindəyəm. Bakıxanov qəsəbəsində 17-ci adam idim. Ancaq bu illər ərzində növbəm çatmadı ki, çatmadı. Özümə, övladlarıma xırda-xırda ev tikdim. Əvvəlcə bir otağı tikib içinə girdik. Yavaş-yavaş digər otaqları tikdik. Bu evi 7 ilə tikmişəm. İndi satmağa məcburam. Çünki uşaqlı-böyüklü 11 nəfər bu evdə yaşayırıq”.
“Heç vaxt oğlumun adından istifadə etməmişəm. Ona görə sığorta almalı olduğumu da bilməmişəm. Bunu nəinki mən, heç digər şəhid ailələri də bilməyib. Sığorta üçün mən 2 ildir müraciət etmişəm. Onda da deyirlər ki, gecdir” - söyləyir şəhid atası.
Ataların, bəlkə də anaların belə bir deyimi var: “Allah bala dağını heç kimə göstərməsin”. Çöhrəsindən kədər yağan Eyvaz dayının aldığı dağ bütün ömrünə yetib. Şəkər xəstəsidir, danışdıqca titrəyir. Onu danışdırmaq belə insana ağrı verir. Övladının sığortasını almaq üçün Dövlət Sığorta Şirkətinə də yazıb şəhid atası. Ona gələn cavab isə belə olub: “Oğlunuz mərhum hərbi qulluqçu Mustafayev Akif Eyvaz oğlunun həlak olması ilə əlaqədar onun varislərinə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə təqdim etdiyiniz sənədlərə baxıldı. Bildiririk ki, Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası Haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və ya onun vərsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüqüqu var. İddia müddətindən 3 ildən artıq vaxt keçdiyinə görə A.Mustafayevin həlak olması ilə əlaqədar onun varislərinə sığorta ödənişinin verilməsi qeyri-mümkündür”.
Gələk, həmin qanunun 7-ci bəndinin sonuncu abzasına. Abzasda deyilir ki, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Vəssalam. Bəs sığorta ödənişindən imtina hansı halda mümkündür?
Bu da qanunun 8-ci maddəsində öz əksini tapıb:
Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir:
Sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən sərxoş vəziyyətdə hərəkət etdikdə.
Qanunda müddətin ötməsi ilə bağlı imtina yoxdur.
Şirkət nümayəndəsi E.Mustafayevin müraciət etdiyi məhkəmələrin heç birinə də gəlməyib.
Bu gün evini satmaq istəyən şəhid atası həmin evin pulunu övladları arasında bölmək istəyir. Onları ev sahibi etmək istəyir. Özü üçün 3 ildir tikdirdiyi evin damını örtməyə isə pul tapmır. Aeroport yolunun kənarında tikilən evlərin Sabunçu rayonuna aid olanlarının üstü açıq saxlanılıb, ancaq Suraxanı rayonunda qeydiyyatda olanların evləri isə qırmızı şiferlə örtülüb. Şəhid atası bilirsinizmi nə istəyir? Heç olmasa o evin üstünü köməklik edib örtsünlər.
Önümdə bir ata əyləşmişdi - torpaq üçün balasından keçən ata. Nəvəsi leykoz olan baba. Və dövlətdən nə ev, nə də sığorta pulu alan vətəndaş. Ona verilən cavab gec müraciətdir. Nə balası üçün gec olub, nə də nəvəsi üçün, ancaq 11 000 manat pul üçün gecdir.../bizimyol/
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı