Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

İcra hakimiyyətləri şaxtalı havada əhalini necə şikəst edir...

Yolların, səkilərin və həyətlərin qardan, buzdan təmizlənməməsi onlarla vətəndaşın sağlamlığını əlindən alır
Son günlər Azərbaycanda havaların kəskin soyuması bütün sahələrdə ciddi problemlər yaradıb. Əsasən də nəqliyyat və kommunal sahədə. Bir yandan da yolların, kümələrin, səkilərin qardan təmizlənməməsi insanlara əlavə qayğılar yaşadır. Xüsusilə də məhəllədaxili yolların hələ də qardan-buzdan təmizlənməməsi əhalinin gündəlik həyatına əlavə çətinliklər qatır. Aidiyyatı qurumlar tərəfindən nəqliyyatın işlək olduğu yerlərdə tədbirlər görülsə də, yaşayış binalarının həyətləri. səkilər hələ də buzdur.


İlk növbədə bu işi şəhər təsərrüfatı həyata keçirməlidir. İcra hakimiyyətlərinin təsərrüfat şöbələrinin rəhbərləri bu cür vəziyyətdə küçələrdən yığışmamalıdırlar. Amma indiyədək icra hakimiyyətlərinin müvafiq şöbələrinin rəhbərlərini və işçilərini yolların qardan, buzdan təmizlənməsi işində görmədik. Bu cür laqeydlik, məsuliyyətsizlik qış aylarında onlarla vətəndaşın həyatı və sağlamlığı bahasına başa gəlir. Son 5-6 gündə məhz yolların təmizlənmədiyinə görə onlarla insan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir neçə gün öncə isə hərbi xidmətdən yenicə qayıtmış bir gənc buzda yıxılaraq həyatını itirdi. Bu hadisə də Bakı rayonlarının icra hakimiyyətlərini hərəkətə gətirmədi. Halbuki bu işlər üçün həm Nəqliyyat Nazirliyi, həm də Bakı Şəhər İcra Hakimiyyəti xeyli sayda texnika alıb. Lakin bu texnikaların qarlı havalarda bir neçəsini görmək mümkün olur – o da mərkəzi küçə və meydanlarda. Reklam üçün həmin texnikaları telekanalllarda nümayiş etdirirlər, şəhərin digər massivləri isə qara, şaxtaya təslim olur. Kimsə də əhalinin gediş-gəlişinin asanlaşması üçün əlini ağdan qaraya vurmur.

Bu acınacaqlı durumla bağlı şəhər sakinləri arasında sorğu keçirdik. Problemə vətəndaşlarımızın baxışını, mövqeyini öyrəndik.

Paytaxt sakini Bəxtiyar Fəxrəddinov bununla bağlı təcili tədbirlər görülməli olduğunu bildirdi : “Mən neçə il Rusiyada yaşamışam. Belə hava şəraiti olanda “JEK”in işçiləri gəlib təcili tədbirlər görür, hər bina, küçə, parkda təmizləmə işi aparırdılar. Başqa ölkələrdə də olmuşam. Belə halla ilk dəfə burda rastlaşıram. İki gün öncə yaxın dostum yaşadığı binanın qarşısında yıxılıb. Ayağı və qolu sınıb. Belə halların təkrarlanmaması üçün aidiyyatı qurumlar təcili tədbirlər görməlidir. Yollar təhlükəli olduğuna görə, hər səhər övladımı məktəbə aparır, günorta isə gedib gətirirəm. Xüsusilə yaşlılar üçün çox təhlükəlidir. Buna görə, təcili tədbirlər görülməsi, təmizləmə işi aparılması çox vacibdir”.

Azad Quliyev ad-soyadlı respondent isə bu barədə tədbirlər görüləcəyinə inanmadığını söylədi : “Mərkəzi küçə, asfaltların təmizlənməsi görüntü xarakteri daşıyır. Ətraf yerlərdən gələn qonaqlar mərkəzi yerlərə görə ölkəyə qiymət verirlər. Mən gözümü bu şəhərdə açmışam. Hər il belə olub, bundan sonra da düzələcəyinə inanmıram”.

Azyaşlı övladını gəzməyə çıxaran gənc xanım yaşadığı binanı göstərərək, hava şəraiti ilə əlaqədar yaşadıqları problemi belə anlatdı: “Yaşadığımız bina çoxmərtəbəli binalarla əhatə olunduğuna görə, qarşısına gün düşmür. Ona görə də qar yağanda həyətimizdəki buz təbəqəsi aylarla ərimir. Dəfələrlə şikayətlər etmişik, amma məhəl qoyan yoxdur”./musavat/
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber