Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Dəmiryolçuların başına oyun açırlar - Foto

İllərdir haqqı yeyilən qatar bələdçilərini nə dövlət qurumları müdafiə edir, nə də məhkəmələr...

“Bizə qarşı haqsızlıq olur. Etiraz edirik, ancaq heç bir nəticəsi yoxdur. Maaşlarımız 200-250 manatdır. Halbuki, yeni işə götürdükləri qadın bələdçilərə daha çox pul verirlər. Burada işləyən kişi bələdçilərin 20-30 il iş stajı var. Hərəni bir bəhanə ilə işdən çıxarırlar. Öz hesabımıza sınıq-salxaq vaqonları təmir etdiririk.

Bizə ayrılan pullar verilmir” - bunu “Azadlıq”a “Azərbaycan Dəmir Yolları” QSC-dəki özbaşınalıqlardan narazı olan qatar bələdçiləri deyir.

“Ya işdən çıxmalısan, ya da şərlənəcəksən...”

Bələdçilər indiyə qədər bir neçə dəfə Prezident Administrasiyası önündə etiraz aksiyası keçiriblər. Bundan başqa, bütün aidiyyəti qurumlara müraciət ediblər. Şikayət etdikləri bütün ünvanlardan “yox” cavabı alan bələdçilər sonda problemi hüquqi yolla - məhkəmə vasitəsilə həll etmək qərarına gəliblər. Onlar Nəsimi rayon məhkəməsinə müraciət ediblər.

Etirazçılar məhkəmədən də narazıdır. Deyirlər ki, məhkəmə açıq-aydın “Azərbaycan Dəmir Yolları”na, qurumun “Sərnişindaşıma” Istehsalat Birliyinin rəisi Elyar Muradova qahmar çıxır.

1990-cı ildən Bakı Vaqon Deposunda bələdçi işləyən Vaqif Isayev deyir ki, onların əməkhaqları vaxtlı-vaxtında verilmir: “Ayda 7-8 dəfə səfərə çıxırıq. Bizə qaz tərkibli kömürlər verirlər. Bizə 200-250, qadına bələdçilərə 400-500 manat maaş verilir. Son maaş artımı da bizim etirazlardan sonra başladı. O vaxta qədər cəmi 80-100 manat verirdilər”.

Bələdçilərin sözlərinə görə, onlar ayda bir neçə dəfə xarici ölkələrə reys edirlər: “Hər səfər üçün bizə əlavə pul verilməlidir, ancaq bunu ödəmirlər. Ən az stajı olan bələdçiyə idarə 50-60 min manat pul verməlidir”.

Bələdçi Adil Balaxanovun sözlərinə görə, onu işdən çıxmağa məcbur ediblər: “25 il iş stajım var. Bir il öncə Kiyev qatarı bağlananda etiraz etdik. Etiraz edənlərin arasında ən çox fəallıq etdiyim üçün mənə təzyiq göstərdilər ki, ərizəmi yazıb işdən çıxım. Dedilər ki, ya ərizəni yaz işdən çıx, ya da səni bir yolla şərləyəcəyik. Işə başlayanda bizimlə müqavilə bağlanmayıb, işdən çıxarılanda ilk dəfə gördüyüm müqaviləni təqdim etdilər. Guya, müqaviləmiz olub. Özlərinə sərf edəndə hər bir işi görürlər”.

Heç bir səbəb olmadan bizi işdən çıxarırlar?

Bələdçi Yaqub Əliyev də deyir ki, onlara heç bir təminat verilmir: “2000-ci ildən qərar var ki, xarici ölkələrə reys edən bələdçilərə əlavə ödəniş olmalıdır, özü də xarici valyuta ilə. Bununla bağlı idarəyə müraciət edəndə dedilər ki, gərək sənədləri Xarici Işlər Nazirliyi təsdiq etsin. Nə vaxtdan bir nazirliyin idarəsinin işçilərinə pul veriləndə başqa nazirliyin bununla bağlı qərarı olmalıdır? Bu harada yazılıb?”

Başqa bir bələdçi Cavanşir Qafarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etdiklərini, ancaq onunla görüşə bilmədiklərini deyir: “Ona görə də mətbuat vasitəsilə problemlərimizi dilə gətiririk. Illərdir ”Azərbaycan Dəmir Yolları"nda bizim haqqımız yeyilir. Nə dövlət qurumları, nə də məhkəmələr bizi müdafiə edir".

“Bizim ailənin, ümumi götürsək, bu sahədə 150 ildən çox iş stajı var. Babam 60, atam 47, anam 30 il dəmir yolunda işləyib. Özüm də 1985-ci ildən burada çalışıram. Mütəxəssis ola-ola məni işdən çıxartdılar”, - deyə bələdçi Rövşən Rzayev söyləyib.

***

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma Istehsalat Birliyinin rəisi Elyar Muradov isə mətbuata açıqlamasında deyilənləri təkzib edib: “Bələdçilərin iddiaları əsassızdır. Biz onların vaxtı-vaxtında əmək haqlarını ödəmişik və heç birinə borcumuz yoxdur. O ki qaldı onlardan alınan pullara, bu, tamamilə yalandır. Heç kəs onlardan pul ala bilməz, bu iddialar yalandan başqa heç bir şey deyil”.

1471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27