Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Türkiyədə internet məhdudlaşdırılır

Parlament müvafiq qanun layihəsini qəbul edib

Türkiyə parlamenti hökumətin internet üzərində nəzarətini gücləndirəcək qanun layihəsini qəbul edib. Türkiyə Böyük Millət Məclisində səs çoxluğu ilə qəbul edilən qanun ölkənin telekommunikasiya qurumuna təhlükəsizliyin qorunması məqsədilə əvvəlcədən məhkəmə qərarı olmadan hər hansı bir vebsaytı bağlamaq hüququ verir.

125 maddədən ibarət sənəd internet provayderlərini internet istifadəçilərinin fəaliyyətini 2 il ərzində saxlamağa və hökumət tərəfindən tələb edildikdə təmin etməyə vadar edəcək. Həmçinin internet xidməti provayderləri hökumət tərəfindən nəzarət edilən "internet birliyi"nə qoşulmalı olacaq.

Türkiyə hökuməti senzura ittihamlarını rədd edərək, bu qanunun insanların məxfiliyini qorumaq məqsədi daşıdığını bəyan edib. Vətəndaşlar isə bunun ölkənin xeyrinə olmadığını hesab edirlər.
Ötən ilin yayında anti-hökumət nümayişləri, əsasən, onlayn olaraq təşkil edilmiş, insanlar etirazlar haqqında ən son məlumatları "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdən almışdılar. Həmin vaxt Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Twitter"i "sosial bəla" adlandırmışdı.

Bundan əvvəl Türkiyədə "Youtube" video-portalı 2 il ərzində bağlı olmuş və 2010-cu ildə yenidən açılmışdı.
Parlamentin ötən gün qəbul etdiyi qanun layihəsi Türkiyə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
1366 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber