Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Qanunları açıq şəkildə pozan nazir

Ziya Məmmədov və ya qardaşı işdən çıxarılmalıdır

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinə görə, vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində heç bir vəzifə tuta bilməzlər

Bir neçə gün əvvəl nəqliyyat naziri Ziya Məmmədov qardaşı ilə bağlı əmr verib. Əmrə görə, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85"adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən uzaqlaşdırılıb.

Bir neçə müddət əvvəl nazir Ziya Məmmədovun başçılığı ilə “Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

Həmin iclasda nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazımi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir.

Bu məsələ daim mediada müzakirə edilib və Nəqliyyat Nazirliyi sərt tənqid edilib. Görünür, Z.Məmmədov həm tənqidlərdən, həm də qardaşına görə danlaqdan yayınmaq üçün N.Məmmədovu işdən çıxartmağa məcbur olub. Məsələ bununla bitməyib. Mediaya açıqlama verən Ziya Məmmədov qardaşının nazirlikdən kənarlaşmadığını, başqa işə keçirildiyini deyir. Özü də Z.Məmmədov “Unikal” qəzetinə açıqlamasında məmur etikasına sığmayan, Azərbaycan qanunlarına zidd açıqlama verib: “Qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm, bunların sizə dəxli var?

Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar. Bunun sizə nə dəxli var?”

Təbii ki, Z.Məmmədov özəl şirkətin rəhbəri olsaydı və həmin şirkətdə işləyən qardaşının vəzifəsini dəyişsəydi, bunun bizə heç bir dəxli olmayacaqdı. Ancaq Z.Məmmədov vətəndaşların vergiləri hesabına fəaliyyət göstərən dövlət müəssisəsinin - Nəqliyyat Nazirliyinin rəhbəridir. Ona görə də bu məsələnin nəinki mediaya, bütün ictimai təsisatlara və hətta sıravi vətəndaşlara belə dəxli var. Nazirin də birbaşa borcudur ona yönələn bütün sorğuları cavablandırsın.

Xüsusilə də o haldakı Nəqliyyat Nazirliyi ən böyük büdcəsi və dövlətin investisiya proqramından ən çox pay alan nazirlikdir. 2013-cü ildə nazirliyin investisiya payı 1 milyard manatdan yuxarı olub. Ancaq nazirin məmur etikasına yaraşmayan davranışını bir kənara qoyub, məsələnin hüquqi aspektlərinə toxunaq.

Azərbaycan qanunvericiliyi yaxın qohumların bir-birinin tabeçiliyində işləməsini yasaq edir. Azərbaycan Konstitusiyasının 66-cı maddəsində və Cinayət Məcəlləsinin 298-ci maddəsində “yaxın qohumlar” anlayışının əhatə dairəsi açıqlanır: Ər (arvad), övladlar, valideynlər, bacı-qardaş.

2004-cü ildə qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini olduğu kimi oxuculara təqdim edirik:

Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Deməli, yaxın qohumların bir yerdə işləməsinə istisna hal kimi seçkili vəzifələr göstərilir. Məsələn, Z.Məmmədov parlamentin spikeri olsa, deputat seçilmiş N.Məmmədovla bir yerdə işləyə bilər. Ancaq Nəqliyyat Nazirliyi icra strukturudur və Z.Məmmədov qardaşını birbaşa öz əmri ilə işə götürüb. Deməli, Z.Məmmədov qardaşını öz tabeliyində işə götürməklə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 maddəsini pozub.

Bu halda Z.Məmmədov və onun qardaşı haqqında həmin qanunun 7.2 maddəsi tətbiq edilməlidir. Nəqliyyat Nazirliyində nazirin tabeçiliyindən kənar strukturlar olmadığından qardaşlardan biri 30 gün müddətinə işdən çıxarılmalıdır. Yəni bu məsələdə sözügedən qanunun 7.3 maddəsi tətbiq edilə bilməz.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dərhal məsələyə müdaxilə etməli və qardaşlardan birinin işdən çıxarılmasını nəzarətə götürməlidir. Çünki yaxın qohumların bir-birinin tabeçiliyində olması korrupsiya riskini artıran bir haldır. Xüsusilə də söhbət korrupsiya simvollarından birinə çevrilən Nəqliyyat Nazirliyindən gedirsə. Ona görə də ya Z.Məmmədov istefa verməli, ya da qardaşını işdən çıxarmalıdır. Əgər bu baş verməyəcəksə, rəsmilərin korrupsiya əleyhinə bəyanatlarının sabun köpüyü olması barədə məlumatlar avtomatik təsdiqlənmiş olacaq.
1578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11
Türkiyəd