Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Mənim halımı görən hansı ana oğlunun şəhid olmasına razı olar

Şəhid anası Firəngiz Abbasova fəryad edir
...Və ölkə başçısından kömək istəyir: “Müharibə olsa, mənim halımı görən hansı ana oğlunun şəhid olmasına razı olar”

Ötən ay barəsində “Yeni Müsavat” qəzetində (N18(5727)) və müsavat.com saytında “Astafa məhkəməsi şəhid anasını evindən çıxarır” başlıqlı yazı gedən iki şəhid, iki müharibə veteranının anası Firəngiz Abbasova yenidən bizə müraciət edib. O, işinə baxılmadığını, əlaqədar şəxslər tərəfindən evdən çıxarılma xəbərinə heç bir reaksiya verilmədiyini bildirib.

Qeyd edək ki, Firəngiz xanımın bildirdiyinə görə, nəvəsi Turxan Abbasov təxminən 4-5 ay bundan qabaq avtoqəzaya düşüb və hazırda komadadır. 30 min manata yaxın xərc çəkilməsinə baxmayaraq Turxanın səhhətində heç bir irəliləyiş yoxdur.
Daha sonra o bildirmişdi ki, kredit götürdüyü bankların pulunu geri qaytara bilmir və “Accessbank”ın Qazax filialı onları məhkəməyə verdiyindən Ağstafa məhkəməsi proses yekunlaşandan sonra onları evindən çıxarmaq üçün icraçılar göndərib.
Firəngiz xanımın şikayəti əsasında müxbirimiz yenidən onunla əlaqə saxlayıb. O deyib ki, vəziyyət heç də əvvəlkindən fərqli deyil.

“Həmin vaxtdan bu yana heç nə dəyişməyib. Əksinə, işlər daha da pisləşib. Borcu-borc üstündən yığırıq. Turxan isə hələ də komadan çıxmayıb. İşlər belə getsə çox yaşamayacaq balam. Boğazını deşdirib yemək ötürürük ki, qarnına bir şey getsin, ölməsin. Məhkəmə icraçıları isə gedib-gəlməkdən qapımızı yağır edib, bizi boğaza yığıblar. Heç bilmirəm axırımız necə olacaq”.

O, göz yaşları içində yaşayışlarının sözlə ifadə olunmayacaq qədər çətin olduğunu bir daha diqqətimizə çatdırıb və bu vəziyyətin kimsənin vecinə olmadığına təəccüb etdiyini əlavə edib:

“Mən bu Vətənə iki oğul qurban vermişəm, ikisi müharibə veteranıdır. Və bu ölkədə bir kimsə mənim işimə diqqət göstərmir. Sabah müharibə olsa mənim halımı görən hansı ana oğlunun şəhid olmasına razı olar. Şəhid analarına diqqətsizliyin nəticəsidir ki, bu gün heç əsgər getməyə qoymur analar balalarını. Axı bu Vətən mənim kimi neçə-neçə şəhid analarının göz yaşının qarşılığında qorundu, axı, bu dövlət mənim oğullarım kimi neçə-neçə şəhid balalarının ölümü sayəsində quruldu. İndi bu hansı imana, dinə sığır ki, məni evimdən çıxarmaq istəyirlər?»

Sonda o, yenidən ölkə başçısı İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya işi bir başa özlərinin nəzarətə götürməsi üçün müraciət ünvanlayıb: “Ümidim sizədir. Qoymayın, gözüm görə-görə balam bu cavan yaşında canını tapşırsın. Hələ təzə evlənib. Kömək olun ki, dünyanın oğul-qız nemətlərindən dadmamış nakam getməsin. Allahın nəzəri üstünüzdə olsun!”
1700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 20:06