Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Məmurun əzəmətli villası və susuzluqdan qırılan qonşuları – Foto

Nərimanov rayonu, Montin qəsəbəsində gördüyünüz bu əzəmətli villa Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova məxsusdur.

Cənab Hüseynova qonşu olan Montin qəsəbəsi, İsmayıl Hidayətzadə küçəsinin sakinlərinin bildirdiyinə görə, bina evlərinin ortasında ucalan bu dəbdəbəli imarət 2012-ci ildə tikilməyə başlayıb və bir neçə aya tikintisi yekunlaşıb. Sakinlər bildirirlər ki, Azərsu ASC-nin rəisinin bu dəbdəbəli villasının ətrafındakı sakinlər günlərdir ki, susuzdur.

Sakinlərin villanın fotosunu redaksiyaya göndərmələrinin də səbəbi budur. ASC sədrinin gor qonşularının su dərdinə heç bir əlac etməməsi, havaların düzəlməsinə baxmayaraq, İsmayıl Hidayətzadə küçəsində hələ də sayğac problemindən sudan istifadə imkanlarının olmaması əsəbləri tarıma çəkib.

Baxmayaraq ki, Azərsu ASC qışa hazır olduğunu bəyan etmişdi, ancaq qar yağmağa başlayan andaca borular dondu. İndi isə Bakıda havanın hərarəti 6 dərəcəyə qalxıb, ancaq Azərsu ASC-nin quraşdırdığı sayğaclar “donma prosesindən” qurtulmadığından, sakinlər su üzünə həsrətdirlər.

Sakinlər sual edirlər ki, bu binalardakı susuzluğun dəhşətini qonşuluqdakı villada yaşayan Qorxmaz Hüseynov hiss etmirmi? Niyə sayğaclar bu qədər keyfiyyətsiz quraşdırılmalı və yaranan fəsadlar 3 gündür aradan qaldırılmamalıdır? Əgər Q.Hüseynovun bu əzəmətli villasına bir saat su gəlməsə, özü buna dözərmi?

Qeyd edək ki, smartkart tipli sayğaclarda suyun pulu əvvəlcədən ödənilir və suyun daimi olması sakinlərin özündən asılı kimi təqdim edilir. Lakin sakinlər əvvəlcədən ödədikləri və aldıqları sudan istifadə edə bilmədikdə, təbii sual yaranır: vətəndaşlardan əvvəlcədən ödəniş edilərək alınan vəsait hara xərclənir ki, fəsadlar yarananda onu aradan qaldırmaq üçün Azərsu ASC-nin idarələrində işçi tapılmır?

Hər halda, bu sualın cavabını dəbdəbəli villanın sahibi olan Azərsu ASC-nin sədri verə bilər.

Xatırladaq ki, Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub.

1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi, 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilib və Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.


1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...