Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Şamaxının Şəhidlər Xiyabanında otel tikmək istəyirlər

Xiyaban başqa yerə köçürülür; ərazisi «Gilan Holding»ə satılıb

Şamaxı şəhərindəki Şəhidlər Xiyabanını köçürmək, yerində otel tikmək istəyirlər. Bu inanılmaz məsələ ilə bağlı müstəqil jurnalist Laçın Məmişov cümə günü RATI-də mətbuat konfransı keçirib.
Turan-ın məlumatına görə, o, qeyd edib ki, Xiyaban artıq 5 ildir ki, hasara alınıb, hətta ziyarət günləri belə açılmır, sakinlər şəhid olan övladlarını əziyyət bahasına ziyarət edə bilirlər.
Jurnalistin Şəhidlər Xiyabanın hasara alınması sualına Şamaxı rayon icra hakimiyyətindən həmin ərazidə “torpaq sürüşməsi” olması kimi əsassız cavab veriblər. Sakinlərin, şəhid ailələrinin müraciətlərinə baxmayaraq deputat Elxan Süleymanov bu məsələyə maraq belə göstərməyib.
Rayon icra başçısının dəfələrlə şəhid ailələrini yığaraq qəbirlərin köçürülməsi haqda təklifləri etiraz və müqavimətlə qarşılanıb. Hətta bəzi ailələr icra başçısına kəskin cavab da veriblər. Amma qəti mövqe göstərən şəhid ailələrinin üzvləri polislə qorxudulur, müxtəlif vasitələrlə susdurulmağa məcbur edilir. “Belə bir şəraitdə bu məsələyə son qoymaq üçün ictiamiləşdirməyi qərara aldıq, yalnız ictimai qınaq və vətəndaş fəallığı bu biabırçılığın önünü kəsə bilər”, - deyə L.Məmişov mətbuat konfransı keçirməsinin mahiyyətinə aydınlıq gətirib.
Amma rayon icra başçısının müavini Ağamustafa Vahidov L.Məmişovla telefon danışığında həmin ərazidə otel tikilməsi kimi niyyət olduğunu deyib. Həm də həmin ərazilərin bir neçə il öncə “Gilan Holding”ə satılması müqaviləsi olduğunu bildirib. Indiyə kimi tikinti işi aparılmamasına səbəb kimi həmin ərazi üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçməsini göstərib. Belə ki, həmin xətlərin yerlərinin dəyişdirilməsi külli miqdarda vəsait tələb edir. L.Məmişov deyib ki, həmin ərazidən elektrik xətləri keçmir. Sadəcə, əhalinin reaksiyasının necə olacağını proqnozlaşdıra bilməyən icra hakimiyyəti bu addımı atmağa cəsarət etmir.

Tədbirdə iştirak edən AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, Ilham Əliyevin və onun məmurların Azərbaycan şəhidlərinə münasibəti “Əsgər ölümləri” aksiyasında şəhid ailələrinə qarşı zorakı münasibətin tərkib hissəsidir: “Azərbaycan şəhidinin məzarın uçurdulması birinci hal deyil. Gəncədə Qarabağ əlillərinə xüsusi ev ayrılmışdı, amma Gəncənin icra başçısı evi mənimsədi. Ilham Əliyev həmişə demokratiya uğrunda savaşanları vətənə xəyanətdə, Qarabağı satmaqda, antimilli ünsür olmaqda ittiham edir. Amma hakimiyyətin vətənpərvər obrazı yaradılırdı. Artıq bunların saxtakarlığı ifşa olunur”.
Əbülfəz Qurbanlı bildirib ki, bu məsələdə ictimai təzyiqin gücləndirilməsinə ehtiyac var.
Tədbirə qatılan digər cəmiyyət fəalları məsələnin həlli üçün parlamentə, dövlət başçısına, müharibə veteranları birliklərinə, Müdafiə Nazirliyinə və s. müraciət ünvanlamağı təklif ediblər. Medianın bu məsələni diqqətdə saxlamasının vacibliyini vurğulayıblar.
Eyni zamanda, Xiyaban ərazisinin özəl şirkətə satılmasına imza atan məmurların cəzalandırılması tələb edilib. Media mənsublarından ibarət bir qrupun Xiyaban ətrafında nə baş verməsini müəyyən edə bilmələri üçün Şamaxıya səfər etmələri təklifi səslənib.
Şamaxıda Şəhidlər Xiyabanı 1992-ci ildə salınıb, 2 ha yaxın ərazisi var. Xiyabanda 24 şəhid dəfn edilib./azadlıq/
1505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber