Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Mübariz İbrahimovun ruhunu incidən məmurlar

Dünən Milli Qəhrəmanın ad günü idi; orduda namaza qadağa qoyan generallar özünü vətən yolunda fəda eləmiş bu gənc möminin ruhundan heçmi sıxılmırlar?..

Orduda namaza qadağa qoyulması haqda xəbərlər yayılıb. Belə görünür, məlumatlar xeyli dərəcədə həqiqətə yaxındır. Hər halda, Müdafiə Nazirliyindən verilən açıqlama və bu açıqlamaya DEVAMM-ın reaksiyası belə bir qənaət və narahatlıq doğurub. Qəribədir, Azərbaycan bəyəm SSRİ kimi ateist dövlətdir ki, vətəndaş, o cümlədən hərbi qulluqçu öz dini etiqadını gizlətməli olsun, namaz, ibadət qadağası ilə üzləşsin? Hansı əsrdə yaşayırıq?

Azərbaycan Konstitusiyasında ölkənin əsas toplumunun dininin İslam olduğu göstərilib, etiqad azadlığı təsbit olunub. Üstəgəl, bu dəyər və azadlıqlar bayrağımızın yaşıl rəngində simvol olaraq əksini tapıb. Bəs, bunlar necə olsun? İnanclı vətəndaşlara, hərbi qulluqçuya namazı yasaqlayanlar heç olmasa, bayrağımıza, Konstitusiyaya sayğısızlıq etdiklərinin fərqindədirlərmi?

Müdafiə Nazirliyinin həqiqətən də ikibaşlı və amorf açıqlamasından belə fikir formalaşır ki, guya ibadət ordunun döyüş qabiliyyətinə mənfi təsir edə bilər. Tam yanlış, hərbçilər arasında ikitirəlik yaradan, ölkənin müdafiə qabiliyyətinə xələl gətirəcək, nəhayət, dövlətçilik üçün çox təhlükəli bir yanaşma, düşüncə.

Əksinə, ordunun döyüş potensialına, qələbə əzminə təsir edən “insan amili” deyilən faktor var. Bu faktorun qayəsini əsgərin, hərbçinin fiziki yox, mənəvi-ruhi hazırlığı, inancı-etiqadı təşkil edir. Dini etiqad, mübarizlik ən əvvəl mənəvi kateqoriyaya aid anlayışlardır. Zira, insan, o cümlədən əsgər cansız robot, texnika deyil, şüurlu varlıqdır, ruhi yaradılışdır. Yəni onun maddidən əlavə, mənəvi qidaya da ehtiyacı var. Bunsuz o, tam və yetkin fərdə, gerçək vətəndaşa çevrilə, qalibiyyətli hərbçi, döyüşçü, şəhid səviyyəsinə qalxa bilməz.

Orduda namazı qadağan edənlər bu xüsusda cəmi 22 yaşında şəhid olan (yaşasaydı dünən 26 yaşı olacaqdı) bənzərsiz Milli Qəhrəman Mübariz İbrahimovu və onun qəhrəmanlığının motivlərini də yada salsalar pis olmaz.

İnsanda ən güclü hiss olan yaşamaq instinktinə Mübarizin bu yaşda qalib gəlməsində, canını təmənnasız şəkildə vətən yolunda qurban verib də şəhidliyə, şəhidlik zirvəsinə yüksəlməsində onun dini etiqadı, Allaha sidq ürəkdən tapınması, möminliyi əlbəttə ki, həlledici rol oynamışdı.

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, Cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun”.

Bu sözlər əsgər və mömin Mübarizin şəhidlik öncəsi valideynlərinə yazıb qoyduğu vida məktubundandır. Təpəsi hələ də tüstülənən düşmənin unuda bilmədiyi Mübarizin bu, həm də xalqa, bir parçası düşmən tapdağında olan vətənə, nəhayət dindaşlarına bir əhdi, pak niyyətli bir andı idi. Hər halda, Müdafiə Nazirliyində unutsalar da, Mübariz İbrahimov seyid nəvəsi olaraq İslam peyğəmbərinin (s) “Vətəni sevmək imandandır” kəlamını unuda bilməzdi.

Hələ ki, atəşkəs dövründə onun kimi eyni qəhrəmanlıq zirvəsinə yüksələn əsgərimiz, zabitimiz olmayıb. İndi təsəvvür edin ki, belə inanclı əsgərlərimizin, “şəhid olanadək erməni şərəfsizlərin üzərinə getməyə” hazır hərbçilərimizin sayı onlarla, yüzlərlədir. Ordumuzun döyüş qabiliyyəti hansı çapda olardı, işğalçı düşmən nə günə düşərdi...
Namaza, ibadətə yasaq qoymaqla, həm də qanunsuz yasaq qoymaqla buna nail olmaq mümkünmü? Belə qadağalara imza atanlar doğrudanmı Allahdan qorxmurlar? Və doğrudanmı onlar müsəlmandır, ərazisinin 20 faizi işğal altında olan bir ölkənin yüksək çinli general-məmurlarıdır, azərbaycanlıdılar?! Yazıqlar olsun...

Z.SƏFƏROĞLU/musavat
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber