Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

Azərbaycanda yol polisini döyüb, paqonunu cırdılar

Ağcabədi rayonunda yol polisi vəhşicəsinə döyülüb. Rayon Polis Şöbəsindən ans-in bölgə müxbirinə verilən məlumata görə, Ukraynadan gələn 19 yaşlı Orxan Abdullayev yol polisi inspektoru, polis baş serjantı Mürsəl Məmmədovu döyüb və paltarlarını cırıb.

Belə ki, uzun müddət Ukraynada yaşayan 19 yaşlı Orxan Abdullayev bir neçə gün bundan əvvəl doğulduğu kəndə qonaq gəlib. O, sürücülük vəsiqəsi olmadan, “VAZ-2107” markalı avtomobili idarə edib. Bundan əlavə Orxan maşını yolda əks istiqamətində idarə edib. Bunu görən yol polisi əməkdaşı onu saxlayıb. Maşını əvvəlcə saxlamaq istəməyən Orxan Abdullayev sonradan avtomobili saxlamağa məcbur olub.

Polis baş serjantı Mürsəl Məmmədov yol hərəkət qaydalarını pozmuş sürücülərdən vəsiqə tələb edib. Lakin vəsiqə olmayıb. Polis avtomobili cərimə meydançasına aparmaq istəyərkən zorakılıqla üzləşib. Avtomobilin açarlarını tələb edən yol polisinə Orxan Abdullayev kobud şəkildə etiraz edib. Etiraz daha sonra davaya çevrilib.

Dava zamanı yol polisi Mürsəl Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Bu azmış kimi, onun forması və paqonları cırılıb. Daha sonra hadisə yerinə çağırılan əlavə polis qüvvələri Mürsəl Məmmədovu Orxan Abdullayevin əlindən ala bilib. Orxan Abdullayev şübhəli şəxs qismində həbs edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb.
1706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber