Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2014

“Nardaranla Maştağadan Suriyaya döyüşməyə gedən yoxdur”

Bakı kəndlərindən Müşfiqabad məscidinin imamına cavab gəldi

“Kimlərsə məsuliyyətdən yayınmaq üçün Nardaran və Maştağanın adını çəkir. Bakı kəndlərinin adının bu məsələlərdə hallandırılmasını düzgün saymıram”.

İnterAz xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Müşfiqabad məscidinin imamı Mübariz Qaçayevin dediklərinə cavab verərkən Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov deyib.

Qeyd edək ki, Qaradağ rayonundakı Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev mətbuata dünənki açıqlamasında Suriyaya döyüşməyə gedənlər arasında Nardaran və Maştağa kəndlərininin sakinlərinin də olduğunu demişdi.

Bu ittihamları əsassız sayan N.Kərimov deyir ki, Müşfiqabad məscidi vəhhabilərin, sələfilərin daha çox toplaşdığı məscidlərdən biridir: “Amma onların Suriyaya və yaxud da harasa gedib-getmədiyini deyə bilmərəm”.

N.Kərimov bu məsələlərdə Nardaranın adının hallandırılmasını yersiz sayır: “Nardarandan Suriyaya döyüşməyə gedənlərin olması haqda fikirlər səsləndirilir. Amma ortada bununla bağlı heç bir fakt yoxdur. Suriyada ölənlər və ya yaralananlar arasında Nardarandan kiminsə olması xəbərini də nə eşitməmişik, nə də görməmişik. Bu iddialar absurddur. Kimlərsə məsuliyyəti öz üzərindən atmaq, məsuliyyətdən yayınmaq üçün Nardaran və Maştağanın adını çəkir. Bakı kəndlərinin adının bu məsələlərdə hallandırılmasını düzgün saymıram”.

Onun sözlərinə görə, kimlərinsə Suriyaya döyüşməyə getməsi bəzi ideoloji fikirlərin həmin şəxslərə yalnış aşılanmasından asılıdır və bununla bağlı qabaqlayıcı tədbirlər görülməlidir: “Bu işlərlə daha çox hökumət məşğul olmalıdır. Əsasən də ideoloji baxımdan. İnsanlara ibadət etmək üçün yerlər verilməlidir, mətbuatda İslamla bağlı məlumatların getməsinə daha çox şərait yaradılmalıdır ki, camaat arasında təbliğat aparılsın, xalq əsl İslamı anlasın. Camaat bilməlidir ki, baş kəsmək, kəndləri viran qoymaq, dinindən asılı olmayaraq insanları öldürmək nə qədər düzgündür. Belə bir İslam harada yazılıb? Bu cür din olarmı? Problem yalnız o insanların ideoloji fikirlərindədir. Başqa heç bir səbəb ola bilməz”.

N.Kərimov Suriya məsələlərinin daha çox gündəmə gətirilməsindən sonra tərəflər arasında təxribatın qarşısının alınması üçün tədbirlərin görüldüyünü, söhbətlərin aparıldığını bildirdi: “Bəzən sünnilərlə sələfiləri qarışdıraraq ortaya təxribat məqsədli fikirlər atırlar. Biz də biliyimiz çatdığı qədər insanlara doğruları izah etməyə çalışırıq. Sünnilər və şiələr qardaşdır. Azərbaycanda dindarlar arasında təxribat salmaq mümkün deyil. Heç kim buna nail ola bilməyəcək. Hakimiyyətin radikal adlandırdığı vəhhabilərin və sələfilərin ideologiyasında özlərindən başqa heç kəsi bəyənməmək durur. Onlar tarix boyu başqalarının dinlərinə və inanclarına aqressiv münasibət bəsləyiblər. Ancaq əksər müsəlmanları şiə və sünnilərdən ibarət olan Azərbaycanda heç bir təxribat olmayacaq. Bu istək onların ürəyində qalacaq”.

Bir neçə gün əvvəl mətbuatda Nardaran və Maştağadan Suriyaya gedib Bəşər Əsəd tərəfində döyüşən şiələrin siyahısının yayılması məsələsinə də münasibət bildirən N.Kərimov dedi ki, həmin siyahıdakı adlarla bağlı araşdırma aparılıb: “Nardaranda indi də araşdırma aparıram. Bir neçə nəfərin də adını mənə demişdilər ki, guya onlar Nardaran və Maştağadan Suriyaya döyüşməyə gediblər. Belə şəxslər bizim kəndlərdə olmayıb. Ətraf kəndlərdə də sorğu apardıq, onları heç kim tanımır. Bizim kəndlərdə belə adam yoxdur”.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber