Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Ölkənin bank sistemi çökür - ixtisar və filialların ləğvi gündəmdə...

Ölkənin bank sektoru ciddi təhlükələrlə üz-üzədir. Bir sıra bankların öz filiallarını bağlamağa qərar verdiyi bildirilir. Səbəb filiallarla daha çox kreditlərlə bağlı xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılmasıdır. Ekspertlərin fikrincə, filialların bağlanmasına zərurət əsasən avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərilərin əlçatanlığını artırmaqdır.

Kreditlərlə bağlı son dəyişiklikdən sonra isə vətəndaşların bu filiallara müraciətləri azalıb. Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edəcək.

Ekspertlər bildirirlər ki, bu da banklarda ixtisarlara da səbəb olacaq. Çünki indiki vəziyyətdə banklar istənilən qədər kredit mütəxəssisi götürürdü. Bu işin mahiyyəti ondan ibarət idi ki, işə gəlmisənsə kredit götürəcək şəxs tap. Çərçivə daraldıqca bank öz işçilərinin də sayını azaldacaq.

Filialların bağlanması isə xüsusən bölgələrdə gözlənilir.

Ekspertlər bildirirlər ki, Mərkəzi Bankın kredit qadağası kommersiya təşkilatlarını çökdürür. Çünki son proseslər bank sektorunda iki mühüm dəyişikliklərin baş verməsinə səbəb olacaq - bank filialları bağlanacaq və iş yerlərinin sayı azalacaq.
İqtisadi Təşəbbüslər Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, həm bank filiallarının bağlanması, həm də işçilərin ixtisarı təhlükəsi realdır. Sadəcə olaraq, banklar hələlik gözləmə mövqeyindədir: “Bu təhlükə var. Təhlükə ondan doğur ki, bankların əsas qazancı istehlak kreditlərindəndir. Ölkə üzrə bu, 40 faiz təşkil edir. Kredit portfelinin 40 faizi istehlak kreditləri hesabına formalaşır. Amma elə banklar var ki, onların kredit portfelində istehlak kreditlərinin payı hətta 80 faizə çatır. İstehlak kreditlərinin bir tərəfdən məhdudlaşdırılması, digər tərəfdən, avtokreditlərin verilməsinin dayandırılması təbii ki, bank sektoruna kredit portfelində payı 80 faiz olan banklar üçün çox böyük zərbə olacaq. Burada vəziyyət belədir ki, həmin banklar məhz daha çox kiçik banklardır. Ona görə də burada məhdudlaşdırma gətirib onlar üçün çətinlik yaradacaq, gəlirlərinin azalmasına gətirib çıxaracaq”.

S.Əliyevin sözlərinə görə, bu yumşalma onun nəticəsi idi ki, kredit qoyuluşu, yəni istehlak kreditləşməsi böyük həcmdə artmağa başladı. İl ərzində bir milyard manatdan çox istehlak krediti yatırıldı. Bu sürət də getdikcə, ildən-ilə artırdı: “Ona gətirib çıxarmışdı ki, ölkədə belə kreditin 40 faizi istehsala, inkişafa yox, biznesə yox, məhz istehlaka yönəldilmişdi. İndi vəziyyət dəyişib. Ancaq avtokreditlər fevralın axırında, yaxud da aprel ayına bərpa edilə bilər. Bərpa edildikdə belə, əvvəlki kimi maşın krediti almaq asan olmayacaq. Bunun özü də məhdudlaşdırılacaq. Ölkədə elə bankar var ki, onlar demək olar, daha çox avtomobil kreditləri üzrə ixtisaslaşıblar, buradan əsas gəlir götürürlər. Bu banklar daha çox zərbə alacaq”.

Ekspert qeyd edir ki, istehlak kreditlərinin sərtləşdirilməsi bu bazardan gəlir götürən banklara çətinlik törədəcək, bankların gəlirlərinin azalmasına gətirib çıxaracaq: “Çünki arayışın tələb olunur, bu sənədin adı müştərinin maliyyə gəlirlərini sübut edən bir sənəddir. Bu gün araşdırma onu göstərir ki, haradasa müştərilərin ən azı yarısı öz gəlirlərini sübut etmək imkanına malik deyil, insanlar qeyri-rəsmi yerlərdə işləyir və gəlirini sübut edə bilmir. Ona görə də avtomatik olaraq müştəri kontingenti ən azı iki dəfəyə yaxın azalacaq. Bu da müştərilərin sayını 60-70 faizə qədər azala bilər. Yerdə qalır 30-40 faiz müştəri və sayın azalması avtomatik olaraq bankların müştərilərinin azalması deməkdir. Bu da ona gətirib çıxarır ki, gəlirlər azalır. Gəlir azalanda bankın iki yolu var, biri alternativ gəlir əldə etmək üçün yol axtarmaqdır. Bank öz xidmətlərinin çeşidini artırmalıdır. Sonra istehlak kreditləşməsindən digər sahələrə üz tutmalıdır, o cümlədən biznes kreditləşməsinə üz tutmalıdır. Banklar biznes kreditləşməsinə getməyə tələsmirlər. İri banklar ən yaxşı halda oraya girə bilər, kiçik banklar buna hazır deyillər. Demək kənar gəlir imkanları məhdudlaşır. Burada təbii ki, ikinci məsələ ortaya çıxır - xərclərin azaldılması. Bank gəlirlərinin azalmasını kompensasiya etmək üçün xərclərini azaltmalıdır. Xərclər azalanda bir tərəfdən ixtisarlar, o cümlədən filiallar bağlanması real olacaq. Artıq istehlak krediti vermək üçün götürülən işçilərin ixtisarı məsələsi gündəmə gəlir. Filiallar əksər hallarda onsuz da zərərlə işləyirdi, çünki 95 faiz kreditlər düşür Bakı və Bakı ətrafına, Sumqayıt və Abşeron rayonlarına. Cəmisi 5 faizi krediti regionlar verir. Regionlar onsuz da zərərlə işləyirdi, həmin filialların saxlanması sərf etmirdi. Ona görə də bu, daha bir imkan verəcək ki, banklar filialların bağlanması üzərində düşünsün. Digər tərəfdən, bu addımlar əmanət bazarına da təsir göstərəcək. Prosesə hazırlıq bir-iki ay çəkəcək. martın ortalarına qədər banklar gözləmə mövqeyi tutacaq, hələ ki radikal addımlar atmayacaq. Amma əgər xüsusən avtokreditlər bərpa olunmazsa, yazdan sonra ixtisarları və filialların bağlanmasını müşahidə edəcəyik”./musavat/
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:16