Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2014

Turistləri zibil qalaqları ilə qarşılayan Şirvanşahlar sarayı

Paytaxtda aparılan tikinti-quruculuq işləri tarixi-memarlıq abidələrindən də yan keçməyib. Eşidəndə ki, uzun illər dağıdılaraq az qala tarixdən 
silinməkdə olan İçərişəhərdə Şirvanşahlar sarayında təmir-bərpa işləri aparılır, işin gedişatı ilə tanış olmaq üçün saraya baş çəkmək fikrinə düşdük. 


Həyətdə gəzinti - 2 manat 


Sarayın həyətində qalaqlanan taxtalar, tikinti avadanlıqları, həyətin bir küncünə atılan zibillər, yerindən oynayan daşlar - bir sözlə hər şey yenidənqurma işlərinin aparılmasından xəbər verirdi. 

Elə saray qapısında içəridə yenidənqurma işlərinin aparılmasına dair kiçik də olsa, qeydə rast gəldik. 


Bu isə o demək idi ki, Sarayın salonuna daxil olmağımız, içəridə hansı işlərin aparıldığını görməyimiz və ya bu barədə məlumat almağımız qeyri-mümkün görünür. Ziyarətçilərin üzünə ancaq sarayın həyətinin qapıları “açılmışdı”. 

Hərçənd ki, həyətdə turistləri və sadəcə maraqlıları cəlb edəcək o qədər də çox şey yoxdur, amma buna görə də ödəniş aparmaq lazımdır. 

Maraqlıdır, sadəcə sarayın həyətinə daxil olmaq üçün adambaşına azı 2 
manat ödəməli olmağı hansı məntiqlə izah edirlər? Əgər ziyarətçi bu həyətdə qalaq-qalaq tikinti materialından başqa heç nə görməyəcəksə. 


Üstəlik əgər özünüzlə fotoaparat götürürsünüzsə, buna görə də əlavə olaraq 2 manat ödəməlisiniz. 

Yenidənqurma işləri ilə əlaqədar sarayın içinə daxil olmaq mümkün deyil, deməli verilən pula ancaq həyətdə gəzişmək və bir neçə şəkil çəkmək olar. Buna görə biz də sadəcə Sarayın həyətində gəzişməklə və gözümüzə maraqlı görünənləri görüntüləməklə kifayətlənməli olduq. 



Sarayda bahalaşma söhbəti və... gözdən yayınmaq 


Həyətdə hətta ağır tonnajlı maşın da var. Sürücüsü danışmağa maraqlı deyil, hətta sarayın həyətinə hansı qapıdan daxil olmasına belə cavab verməyəcək qədər susmağa meyllidir. 


Ancaq bəllidir ki, tikinti materiallarını gətirib. Həyətdə gəzişirik, yenidənqurmanın “gətirdiyi” zibil qalaqları qapıların ağzında toplanıb. 

Nə zaman daşınacağını soruşmaq üçün, ümumiyyətlə içəridə nələrin baş verdiyini öyrənmək üçün səlahiyyətli kimsə tapmaq ümidi ilə axtarışa çıxırıq. 


Aldığımız cavab: - Burda indi rəhbərlikdən heç kəs yoxdur. Olsaydılar belə İçərişəhər Qoruğundan icazə alınmadan heç bir söz söyləyə bilmərik. İçəri daxil olmaq isə qəti qadağandır. 

Amma biz bu “qadağanı” sındırmağın yolunu tapmaqda israrlıyıq. 

Köməyimizə son zamanların ən çox maraq doğuran söhbətləri gəlir. Nəzarətçi xanımla bu mövzularda söhbət edib onu fikrini bir anlıq da olsa, yayındırmaq cəhdimiz alınır. Beləliklə birimiz həyətdə bahalaşmadan şikayətləri dinlədiyimiz bir zamanda, digərimiz gözdən yayınaraq salona daxil ola bilir. 




Amma bu cəmi bir neçə dəqiqə sürür.

Hər an yaxalanmaq və şəkillərin silinməsi qorxusu var. 

Bizə bağlı qapılar “şahın” üzünə açıqdır 


Elə bu düşüncə içindəykən salondan şah paltarında çıxan gənc diqqətimizi cəlb edir. Ardında daha bir neçə gənc salondan çıxır və məlum olur ki, içəridə çəkiliş gedirmiş. Ziyarətçilərin üzünə bağlanan “içərinin” çəkiliş üçün uyğun olub-olmadığını soruşmaq üçün də kimisə tapmaq mümkünsüzdür. 

Görünən odur ki, başqaları azı 2 manat verib ancaq həyətdə gəzişməyə məcbur edildiyi halda, içəridə çəkiliş aparmaq üçün münasib şərait yaradılıb. Sarayın həyətində bizdən, fəhlələrdən və çəkilişə görə gələn qrupdan başqa kimsə gözə dəymir. Bir neçə nəfərlik qrup ziyarət üçün gəlsə də ödəyəcəkləri pula ancaq həyətdə gəzişməli olduqlarını eşidəndə geri qayıdırlar. 



“Pul ödəməyəcəkləri halda həyətdəki oturacaqlarda oturmaq belə olmaz”- bunu eşidəndə ikisi əcnəbi olan bu qrupun üzvləri ancaq gülməklə cavab verir və çıxıb gedirlər. 

Zibil qalaqlı Saray 


Biz də Şirvanşahlar sarayını tərk etməyə hazırlaşdığımız bir zamanda fotoaparat üçün ödədiyimiz 2 manatı (jurnalist vəsiqəsini göstərdiyimizə görə bizdən həyəti gəzmək üçün pul alınmamışdı) sonuna qədər səmərəli xərcləmək məqsədilə daha bir bağlı qapını araladıq. 

Açdığımız qapının qazanxanaya apardığını təxmin etdik. Ancaq təxminlə kifayətlənməli olduq, səbəb əvvəldə də qeyd etdiyimiz kimi suallarımıza cavab verəcək kimsənin olmamasıdır. Qapının azca açmağımızla içəridəki mənzərədən təəccüblənməyimiz bir oldu. 

Arxasında toplanan zibil qapının açılmasına imkan vermirdi. “Görəsən bizim kimi daha neçə adam ayların “yadigarı” olan bu zibil qalaqlarını görüb və təəccüblənib” sualı ilə Sarayın həyətini tərk etdik... /aznyus/
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44