Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Tankerlər cəbhəyə!

Hələ bir neçə gün qabaq “Azərbaycan cəbhə xəttinə tankları yığır” xəbəri yayılanda istədim bu mövzuda yazım, ancaq bir az gözləmək qərarına gəldim. Bəs necə, biz çox patriot insanlarıq, hərbi sirri açmaq istəmirik. Nəyə gərək düşmən generallarımızın dükanlarının yerini bilsin, gəlib makarona deşik açsın? Lazım deyil. Lazım bizə cəbhə xəttində lazım olacaqdır! Ədə, hurrey!

Ancaq günlər ötdü, Müdafiə Nazirliyi nəhayət, xəbəri təkzib elədi, dedilər, a kişi, nə danışırsınız, biz hara, cəbhə xəttinə tank yığmaq hara... Bizdə tanklar parad vaxtı Bakı camaatını qorxutmaq üçün saxlanılır. O boyda dəmir-dümür yığınını cəbhəyə aparıb xarab eləmək nəyə gərək? Burda yaxınımızda olsa tırtılını, lüləsini-filanı əridib armatur düzəldə bilərik, ya da qəhvədan. Tankın lüləsindən yaxşı kabab manqalı da çıxırmış.
Ümumiyyətlə, tank deyiləndə mənim ağlıma bir neçə əhvalat düşür, onlardan biri lətifədir. Rusiyadan Azərbaycana hərbi nümayəndə heyəti gəlir, aerodromda bunlar özlərini təqdim edir, biri deyir: “General İvanov, korpus komandiri”. Azərbaycanlı leytenant da özünü təqdim edir: “Leytenant Mamed, mən də korpus komandiriyəm”. Rus general təəccüblənir: “Bu cür cavan oğlan, özü də leytenant, bəs necə korpus komandiri kimi yüksək vəzifə tutmusunuz? Yəqin siz çox böyük qəhrəmanlıq etmisiniz!” Leytenant deyir: “Əşşi, nə qəhrəmanlıq!? Bizdə bir tank var idi, mən də onun komandiri idim. Hər yerini söküb satmışıq, qalıb bircə korpusu, indi mən də o korpusun komandiriyəm”.
İkinci əhvalat Qarabağda şiddətli döyüşlər gedən vaxta aiddir. Bir həmkəndlim danışıb. Deyir, ermənilər Füzuli şəhərinə hücum edirdilər, döyüşün qızğın vaxtında məlum oldu tankçımızı vurublar, tankı sürən yoxdur: “Komandir dedi ki, kim bacarırsa minib sürsün, mən sovet əsgərliyində tank qoşunlarında xidmət keçmişdim, çıxdım qabağa. Nə isə, tankı sürüb gedirik, ermənilərin mövqeyinə az qalmış bir təpə var idi, tankı buna çıxardanda qüllə hissəsi ağırlığa davam gətirmədi, fırlandı geriyə. Nə qədər eləyirəm, qüllə qabağa getmir. Elə alınır mən özümüzünkülərə hücuma keçmişəm. Məlum oldu bu tank əslində xarabdır. Düşdük qaçdıq”.

Yeri gəlmişkən, buna bənzər lətifə də var idi. Xarici konstruktor Azərbaycan ordusunun sifarişi əsasında düzəldilən tankı Səfər Əbiyevə göstərir: “Bax, bu sürət qutusunda 3 sürət arxayadır, 1 sürət qabağa”. Əbiyev deyir: “Bəs o qabağa 1 sürət nəyə lazımdır?”. Konstruktor deyir: “Birdən ermənilər arxadan gəldilər?”.

Sözümün canı odur ki, lətifələr öz şirəsini həyatdan çəkirlər.

Üçüncü tank olayını isə əsgərlik vaxtı canlı görmüşdüm. O vaxt hələ tanklar cəbhə xəttinə yaxın saxlanırdı, hər motoatıcı briqadanın öz tankları da var idi. Bir gün bu tankları harasa təlimə aparırdılar, yolda tankçılardan biri az qalmışdı briqada komandirinin müavini gedən maşını basıb əzsin. Briqadanın “BMP”-ləri də var idi (Piyadaların Döyüş Maşını - PDM). Onların komandiri bir gün mənə şikayətləndi ki, tankçılar bizim tırtıl açarlarını oğurlayırlar. Sən demə bu iki texnikanın tırtıl açarları - gediləcək yolun relyefinə uyğun olaraq bu tırtılları ya boşaldırlar, ya tarım çəkirlər - eyni imiş, tankçıların açarları yox imiş və gecə gizlicə gəlib “BMP”-çilərin alətini çırpışdırırmışlar. Zabit deyirdi ki, əsgərlərinə keşik çəkməyi tapşırır, ancaq bu yaramazlar yatıblar, tankçılar gəlib açarı oğurlayıb. İndi fikirləşir bəlkə kəşfiyyatçılardan xahiş eləsin, onlar aləti tankçılardan oğurlayıb geri qaytarsınlar.

Sonda bir daha cəbhə xəttinə sürülən tank nağılına qayıdaraq qeyd edim ki, “tank” sözü qab, rezervuar deməkdir, “tanker” də burdan yaranıb. Əsas odur hakimiyyətdəkilərin tankerləri salamat olsun, neft daşıyıb pul qazansınlar. Tank söhbəti də avam camaatın başını qatmaq üçün bir laqqırtı mövzusudur.

Tankerlər cəbhə xəttinə sürülməyibsə qəti qorxusu yoxdur, pullar yerindədir.

Zamin Hacı/musavat
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
<