Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

“Allah məni özündən başqa kimsəyə möhtac etməsin”

Rafiq Əliyevin 73 yaşı tamam oldu: “Allah məni özündən başqa kimsəyə möhtac etməsin”

Bu gün Azərbaycanın görkəmli alimi, professor, Texnika elmləri doktoru, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti Rafiq Əliyevin doğum günüdür.

R.Əliyev 10 fevral 1942, Ağdam rayonunda dünyaya gəlib. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaratmış, Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlamışdır.

Doğum günü ilə bağlı Deyerler.Org-a fikirlərini bölüşən Rafiq Əliyev bildirib ki, ən böyük arzusu Allahdan başqa heç kəsə möhtac olmamaqdır: “Ömür Allah payıdır. Bu baxımdan gərək ömrü elə yaşayasan ki, bir yaşa çatanda peşmançılıq hissi keçirməyəsən. İnsan gərək doğulduğu gündən ölənədək Allahı başının üstündə görsün. Mən də uşaqlığımdan bu günədək daima bu cür yaşamışam. Çünki inancsız dünya xaos içində giriftar olardı.

Digər tərəfdən əgər nə isə etmişəmsə, ona dünya və ölkə ictimaiyyəti daha yaxşı qiymət verə bilər. Cavanlara bir xoşuma gələn məsələ demək istərdim. “Həyat gül-çiçək içərisində qoyulan çarpayıda keçirilən ömür deyil”. Heç zaman ömrüm monoton olmayıb. Bu cür keçən ömürdən də ömür olmaz. Əgər insan çətinliklərsiz və dərdsiz yaşayırsa, o həyatı normal həyat saymıram. İnsan gərək həyatın bütün mərhələlərini yaşamağı bacarsın.

Bu gün mənim doğum günü ilə bağlı aldığım ilk təbrik həyat yoldaşımın ruhundan aldığım təbrik idi. Mənim üçün ən böyük təbrik o oldu. Ondan bir saat sonra bir nəfər mənə zəng vurdu və bildirdi ki, Daşkənddə mənim rus və özbək dilində çıxan kitabımın ilkin versiyasını gətirib. Əgər ömür vəfa etsə, görək daha sonra nələr edə bilərəm.

Əgər mənə sual verilsə ki, bu dünyada bir daha doğulub yaşamaq istəyərəmmi, cavabım mənfi olar. Əsla, qətiyyən. Nə yaşamışamsa bəsimdir. Digər tərəfdən o əziyyətləri və çətinlikləri ki, mən görmüşəm onları bir daha mən görmək istəməzdim. Ola bilər mən bundan sonra da uzun ömür də sürə bilərəm. Amma xəsislikdən, tənbəllikdən, huşsuz qəlbdən, halsız qocalıqdan Allaha pənah aparıram. Allah mənə nə qədər ömür verməyi əsas deyil, əsas odur ki, Allah məni heç kəsə möhtac etməsin. Allah cəmiyyətimizi də heç kəsə möhtac etməsin. Sözümü görkəmli mərhum alim Xudu Məmmədovun bir bayatısı ilə qurtarmaq istəyirəm.

Elim köməyim olsun

Əlim köməyim olsun

Kimsəyə möhtac olsam,

Ölüm köməyim olsun”.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20
Çörək də bahalaşacaq