Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

“The Guardian” Ərdoğan-Gülən savaşının gizlinlərini açdı

Türkiyənin baş naziri AB rəsmilərinə fətullahçılarla bağlı nələr deyib?

ABŞ və Böyük Britaniya mətbuatı Türkiyə baş naziri ilə onun keçmiş müttəfiqi, Pensilvaniya ştatında könüllü sürgündə olan sufi vaizi Fəthullah Gülən arasında “müharibə”ni geniş işıqlandırır.

Lakin Britaniyanın nüfuzlu “The Guardian” qəzeti bu qarşıdurmaya, necə deyərlər, “mikroskopla” baxıb. Qəzetin yazdığına görə, bəzi polis zabitləri Gülənin gözəgörünməz şəbəkəsi üzərinə hücumu dəstəkləsələr də düşünürlər ki, bütün bunlar hökumətin korrupsiya əməllərini pərdələməməlidir.

“The Guardian”ın məqaləsində ,ayrı-ayrı polislərdən söz açılır, hərçənd yazıda onların əsl adlarının gizlədildiyi etiraf olunur.

“Namaz qılanlara 5...”

Qəzet yazır: “Türker Yilmaz polis akademiyasındakı təlimlərinə təzəcə başlamışdı ki, sistemin necə işlədiyini anladı, yaxşı iş, yaxşı maaş, karyera – bunların hamısı baş qərargahı Pensilvaniyada olan gözəgörünməz islamçı şəbəkəyə sədaqətdən asılı idi.

Türker deyir ki, onlar hər bir kursant üçün dosye tərtib edirdilər və onlara 1-dən 5-dək qiymət verirdilər - 5 bal namaz qılanlara, oruc tutanlara və dilinə içki dəyməyənlərə verilirdi”.

Türker Yılmaz qəzetə bildirib ki, hər şey polis məktəblərindən başlanır.O bu şəbəkəyə daxil olmaq barədə təklifi dərhal rədd edib. Lakin fətullaçılar bununla əl çəkməyiblər.

“Bir də görürsən, dostlarından kimsə səni başqa bir dostun evinə qonaq aparmaq istəyir. Orada müəyyən kitablara baxırsan, şam edirsən. Sonradan bu cür qonaqlıqlar daha müntəzəm xarakter alır. Tələbənin də pulu az olur, axı. Onlar kömək edirlər. Pulsuz yemək, qalmaq üçün pulsuz yer. Lakin elə ki, bu sistemə daxil oldun onlar sənin həyatını idarə edirlər və sistem səni sorur. Polis məktəbini qurtaranda isə istədiyin bölmədə işin təmin olunur” - deyə Yılmaz bildirir.

Ən maraqlı sual bundan ibarətdir ki, Ərdoğan və Gülən arasında korrupsiya qovğası qopmasaydı, bu sistem hələ nə müddətdə belə işləyə bilərdi?

Anonim tənqid, anonim qarğış

Ötən ilin dekabrında baş nazirin yaxın çevrəsinə qarşı korrupsiya ittihamları irəli sürüləndə Rəcəb Tayyib Ərdoğan bu daşın onun bostanına haradan atıldığını hamıdan yaxşı bilirdi. O dərhal özünə qarşı qəsdin Gülən davamçılarından qaynaqlandığını elan etdi və korrupsiya araşdırmasında iştirak edən yüzlərlə polis və ədliyyə işçisi vəzifələrini itirdilər və ya başqa işlərə köçürüldülər.

Ərdoğan elan etdi ki, söhbət dövlət içində dövlət yaratmaq istəyənlərdən gedir. Ən maraqlısı isə budur ki, baş nazir çıxışlarında “yalançı peyğəmbər” deyə işarə etdiyi şəxsin adını indiyədək bir dəfə də açıq deməyib.

Öz növbəsində Gülən də internet qarğışlarında yalnız “korrupsiyaya qarşı mübarizə aparanları hədəfləyənləri” hədələyir və ad çəkmir. Bunun səbəbini anlamaq çətindir. Keçmiş müttəfiqlərdən heç biri cızıqdan çıxmaq istəmir, hərçənd ən adi insanlar da artıq ortada heç bir cızığın qalmadığını başa düşürlər”.

Avropa ilə məxfi söhbət

“The Guardian” qəzetinin məqaləsindəki ən maraqlı məqamlardan biri Ərdoğanın bu hadisələrdən sonra Avropa İttifaqının rəsmiləri ilə gizli aparılmış danışıqlarına müəyyən işıq salınmasıdır.

Adlarının çəkilməsini istəməyən vəzifəli Brüssel rəsmiləri qəzetə bildiriblər ki, Türkiyə baş naziri özünün Gülənlə çarpışmasının ölüm-dirim məsələsi olduğunu etiraf edib. Həmin rəsmilər deyiblər ki, Ərdoğan “paralel dövlət” adlandırdığı adamların axırına çıxmaq əzmində olduğunu söyləyib.

“The Guardian” yazır ki, Gülən şəbəkəsinin ədliyyə və təhlükəsizlik sistemlərindəki fəaliyyəti uzun müddət nəzarətsiz qalıb. “Təhqiqatçı jurnalist Ahmet Şık bu barədə məqalələrinə, keçmiş polis rəisi Hanefi Avcı isə şəbəkənin gizli fəaliyyətini faş edən kitabına görə həbsxanaya atılıblar. Lakin bunlar baş verəndə, Ərdoğan və Gülən hələ müttəfiq idilər” – qəzet yazır.

ABŞ səfiri həyəcan təbili çalırdı

2009-cu ildə ABŞ-ın Ankaradkı səfiri Ceyms Ceffri Dövlət Departamentinə yazırdı ki, “Türkiyə milli polisinin fəthullahçılar tərəfindən idarə edildiyini qəti təsdiq etmək mümkün deyil, lakin buna şübhəsi olan demək olar, yoxdur”.

7 il polis sistemində işləmiş Oğuz Gün bildirir ki, belə gizli qruplar çox təhlükəlidir. “Gülənin qruplaşması isə onlarla eyni dəyərləri və həyat tərzini bölüşməyənləri hədəfləyir” deyə o bildirir.Keçmiş polis fethullahçılardan qurtulmaq üçün başqa sahələrə - məxfi kəşfiyyata, antiterror və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölümünə keçirilməsi üçün ərizələr yazıb. Lakin onun sözlərinə görə, fətullahçı hərəkatın xeyir-duası olmadan belə köçürmələr qeyri-mümkün olub.

“Əgər birisindən soruşsan ki sən kəşfiyyat bölümündə necə iş tapmısan, cavab verərdi ki, dualar elədim və tapdım. Elə dostlarım var ki, 6 dil bilirlər, lakin onları məntəqələrin qapısında gözətçi qoyurdular. Lakin başqa, daha az qabiliyyətli adamlar yüksək vəzifələrə fətullahçı hərəkata daxil olduqları üçün yetişirdilər” - deyə Oğuz Gün bildirir.

“Ərdoğan və Gülən bir-birinin tayıdır”

“The Guardian”nın məqaləsində deyilir ki, Ərdoğanın komandasının korrupsiyaya bulaşması barədə ittihamların Gülənin düşərgəsindən qaynaqlandığı və bu ittihamların doğru olduğu heç bir şübhə oyatmır, çünki bu ittihamları təhlükəsizlik və ədliyyə sisteminə daxil olmuş fəthullahçı vəzifəlilər irəli sürüblər.

“Belə görünür ki, Ərdoğan indi təkcə vaizi yox, həm də özünə qarşı korrupsiya itthamlarını darmadağın etmək istəyir” - deyə qəzet yazır.

Jurnalist Şık 2011-ci ildə yazdığı kitabda bildirirdi ki, fətullahçı hərəkata qarşı mübarizə aparılması hələ Ərdoğanın haqlı olması demək deyil, lakin hərəkata daxil ədliyyə və polis rəsmilərinin də korrupsiya ilə bu cür mübarizəsi demokratik sayıla bilməz. Jurnalist bu nəticəyə gəlir ki, qarşı-qarşıya duran qüvvələr bir-birinin tayıdır və Türkiyə odla su arasında qalıb.

Bir çox polis zabitləri korrupsiyaya qarşı mübarizənin müsbət bir hal olduğunu qeyd edirlər, lakin onlar buna da inanırlar ki, dini bir hərəkatın ədliyyə sisteminə soxulmasına hökumətin özü şərait yaradıb.Qurunun oduna yaş da yana bilər.

Yılmaz Gün deyir ki, o, nəhayət, polis sıralarının dini hərəkat davamçılarından təmizlənməsini alqışlayır. O xatırlayır: “Heç kəs səni namaz qılmağa və ya oruc tutmağa məcbur etmirdi. Lakin onlar hər bir polis nəfəri üçün dosye yığırdılar. Hamı bunu bilirdi, lakin səsini çıxarmırdı”.

“The Guardian” yazır ki, Ərdoğanın etdiyi kurs dəyişikliyi nəhəngdir. Belə ki, onun hakim Ədalət və İnkişaf Partiyası (AKP) uzun illər hakimiyyətdə olması üçün Gülənin hərəkatına, bu hərəkatın təşkilatçılığına, pul və nüfuzuna arxalanıb. Qəzet yazır ki, hələ iki il əvvəl Gülən hərəkatına qarşı söz deyəni, hökumətin özü çox sərt şəkildə cəzalandırırdı.

Jurnalist Ahmet Şık millətçi təşkilata üzvlükdə və hərbi çevrilişə cəhddə ittiham edilərək həbsə atılıb və yalnız 2012-ci ildə şərti olaraq azadlığa buraxılıb.Keçmiş polis rəisi və keçmiş fethullahçı Hanefi Avcı 2010-cu ildə Gülən tərəfdarlarının polis sıralarına necə soxulduqlarını ifşa edən kitab yazdıqdan sonra terrorçuluqda ittiham olunub və həbsxanaya salınıb.Avcı həmin kitabda polis sıralarında olan fəthullahçıların telefonlara necə gizli qulaq asdqılarından və şahid ifadələrini necə saxtalaşdırdıqlarından yazmışdı.

“The Guardian” keçmiş polis zabitlərinə istinadən yazır ki, polis və ədliyyə sistemindəki fətullahçılara qarşı təmizləmə əməliyyatına əslində sakit bir şəkildə dörd il bundan əvvəl başlanıb və on minlərlə polis nəfəri barədə təhqiqat aparılıb.

Lakin bir çox polis zabiti Gülən hərəkatına qarşı təqiblərdən narahatdır.Onlar qorxurlar ki, “qurunun oduna yaş da yana bilər”.
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:17