Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

“Sovetski” sakinləri aksiya keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir neçə gündür ki, paytaxtda söküləcək evlərin sayını açıqlayıb. Plana əsasən, söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək.

BŞİH otaqların həcminə görə hər kvadrat metrinə 1500 manat təzminat verəcəyini elan edib. Yardımçı tikililərə gəlincə, hamam-tualetin hər kvadrat metrinə görə 700, mənzilə aid həyətyanı sahənin hər kvadrat metrinə isə 300 manatdan kompensasiya veriləcəyi gözlənilir.

Yaxın 2 ay müddətində söküntü işlərinə başlanacaq. Köçürülən ailələrə ayda 500 manat olmaqla iki aylıq kirayə pulu da ödənilir.
Bakının “Sovetski” məhəlləsində yaşayanlar isə qoyulan şərtlərdən narazıdırlar. Onlar hətta bu bazar günü bir araya gələrək, aksiya keçirəcəklərini deyirlər. Adı söküləcək planda olan digər küçələrdə yaşayanlar da aksiyaya qoşulacaqlarını bildiriblər. Aksiyanın yeri isə hələ ki, dəqiqləşdirilməyib. Sakinlərin sözlərinə görə, onlara təqdim edilən pulun müqabilində yalnız Bakıətrafı kəndlərdə torpaq sahəsi almaq olar.

Söküləcək siyahıda olan məhəllələr isə artıq indidən ayrı-ayrı tikinti şirkətlərinə satılıb. Ərazinin bir hissəsində yeraltı dayanacağı olan parkın salınması gözlənilir, orada hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur.

Xatırladaq ki, ötən il “Qış Bulvarı”nın tikintisi üçün adıçəkilən teatr binasının aşağı hissəsində söküntü aparılan zaman etiraz edən sakinlərin evləri vətəndaşlar içində olarkən dağıdıldı.

Bu il isə ilkin mərhələdə söküləcək küçələrin adları bunlardır:
- Bəşir Səfəroğlu küçəsi
- Çingiz Mustafayev küçəsi
- Vidadi küçəsi
- Mirzağa Əliyev küçəsi (qalan evlər)
- Murtuza Muxtarov küçəsi
- Abdulla Şaiq küçəsi
- Zərgərpalan küçəsi.

Bəzi ekspertlər Bakıda daşınmaz əmlakın qiymətinin artmasını məhz söküntülərlə əlaqələndirirlər. Bununla yanaşı, metroətrafı ərazilərdə mənzillərin kirayə pulu da ciddi şəkildə artıb.

Hüquqşünas Müzəffər Baxış Hafta.az-a verdiyi açıqlamada vətəndaşın yalnız öz istəyi ilə evini tərk edə biləcəyini deyir:

“Mülki Məcəllənin 157.9 maddəsinin tələblərinə görə, torpaqlar dövlət ehtiyacları üçün yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolaqlarının salınması, müdafiə təyinatlı obyektlərin və təhlükəsizlik obyektlərinin tikintisi məqsədilə alına bilər. Bunun qaydası da sakinlərə bazar qiymətlərinə uyğun pul vəsaitləri ödənilməsindən ibarətdir. Hamı bilir ki, şəhərin mərkəzində-“Sovetski”də, mənzilin kvadratı təxminən 4000-5000 manatadır. Amma həmin insanların hüquqlarını pozaraq 1500 manat kompensasiya əvəzində evlərindən çıxartmağa cəhd göstərirlər”.

Müzəffər Baxışın sözlərinə görə, söküntünü planlayan, hesabatlar aparan şəxslər vəzifələrindən sui-istifadə edirlər:

“Vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, insanların əmlakını mənimsəmə kimi cinayətləri törədilir. Vətəndaşlar bu şəxslərin qanunsuz hərəkətlərinə müqavimət göstərməli və öz evlərini tərk etməməlidirlər. Sakinlər məcburən heç bir halda evindən uzaqlaşdırıla bilməz. Onlar bir il müddətinə məhkəməyə müraciət edə bilərlər”.

Məlum olduğu kimi, burada heç bir satınalma zərurəti yoxdur. Bu mənada istənilən vətəndaş öz mülkünü qoruya və istədiyi məbləği tələb edə bilər. Vətəndaşı evindən çıxarmağa məcbur edən bir hüquqi mexanizm mövcud deyil./haftaiçi/



2881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28