Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Türkiyədən Əliyev rejiminə ciddi ittiham

Baş nazirin müavini: “O jurnalist belə şeyləri öz ölkəsində İlham Əliyev haqda yaza bilərmi?”

Bülent Arınç azərbaycanlı müxbirin deportasiyasından danışarkən elə eyhamlar vurdu ki...

Mahir Zeynalovla bağlı qalmaqal böyüdü

"Todays Zaman"ın Türkiyədən deportasiya edilən azərbaycanlı müxbiri Mahir Zeynalovla bağlı qalmaqal səngimək bilmir. Türkiyə baş nazirinin müavini Bülent Arınç Zeynalovun ölkədən baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı sosial şəbəkələrdə yazdığı fikirlərdən sonra deportasiya edilməsinə münasibət bildirib.

«Türkiyədə qalma müddəti 31 dekabrda bitmişdi»

Arınç əvvəlcə M.Zeynalovun ölkədən niyə çıxarıldığına aydınlıq gətirib: “Bu dostumuz Azərbaycan əsillidir. Özü də türkiyəli xanımla evlənib. Türkiyə əsilli olmadığına görə bizim üçün əcnəbi statusundadır. Eynilə bir hollandiyalı və ya bir fransız jurnalist kimi. Buna baxmayaraq başqa əcnəbi jurnalistlər kimi, Türkiyədə çalışma izni ala bilib. Xarici jurnalistlər kənardan gəlirlər, amma adətən öz qəzetlərinin təmsilçisi kimi faəliyyət göstərirlər. O cür də olar, bu cür də. Mütəmadi olaraq Türkiyədə qalma müddətini uzadıb. 2013-cü ilin 31 dekabrına qədər bir problem olmayıb. Amma o tarixdən sonra müddətin uzadılmayacağını deyiblər. Hollandiyalıya da, yunan əsilliyə də eyni şeyi deyə bilərlər.  Bu məsələyə BYEGM və Daxili İşlər Nazirliyi baxır. 31 dekabrda vaxtın bitməsinə baxmayaraq, Türkiyəni tərk etməyib, iki aya yaxın ölkədə qalmağa davam edib. Üzə çıxan sənədlər göstərir ki, öz ölkəsinə qayıdıb. Belə olan halda bizə «bir tvit atdı deyə, onu ölkədən deportasiya etdiniz» deyə bilməzlər. Vaxtı başa çatıb və bundan sonra ona xəbərdarlıq edilib. Bununla belə, 2 ay da işləməyə davam edib. Nəticədə deportasiya edilib və 103 lirəlik cərimə cəzasını da ödəyib».

«Söhbət, yazılan tvitdən getmir...»

Arınç daha sonra jurnalistin deportasiyasının «Tvitter»də Ərdoğan hökumətinin əleyhinə yazdığı fikirlərlə əlaqələndirilməsinə münasibət bildirib: «Tvitter»ə gəlincə, düzü, buna görə bir tədbir görüldüyündən məlumatsızam. Özü və ya qəzeti baş verənləri bununla əlaqələndirə bilər. Əgər bir insan bir  hökuməti bu və ya başqa səbəbdən ittiham edir və ünvanına xoşagəlməz şeylər deyirsə, bunu ifadə azadlığı baxımdan qəbul etmək olar. Amma o dəyərli dostumuzdan soruşmaq istəyirəm. «Tvitter»dən Türkiyənin baş naziri  haqda səsləndirdiyi fikirləri öz ölkəsində, ölkəsinin baş naziri və prezidenti üçün deyə bilirmi?  Və ya Türkiyədə işləməyə davam etdiyi təqdirdə Azərbaycan prezidenti və baş naziri ilə bağlı hansısa bir məsələ olsaydı, bir mesaj yaza biləcəkdimi? Türkiyə ilə öz ölkəsinin müqayisəsi mümkündürsə, jurnalist dostumuza bunun üçün bir cəhd etməsini məsləhət görürəm. Söhbət, kiminsə atdığı hansısa tvitdən getmir. Amma orada yazılanlar Türkiyə Cinayət Məcəlləsinə görə cinayət sayılırsa,  insan haqlarına, insanın şəxsi həyatına müdaxilə olunursa, Zeynal, Əhməd, Mehmed – kim olursa-olsun, fərqi yoxdur. Bu, hər kəs üçün keçərlidir. Bu məsələyə bir daha qayıtmağa ehtiyac olduğunu düşünmürəm”.

Xatırladaq ki, Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə səbəb yazdığı bu tvitlər olub: “Türk hakimlər polisə "əl-Qaidə" ilə bağlantısı olan şəxsləri həbs etmə qərarı verdi, Ərdoğanın təyin etdiyi polis rəisləri isə buna əməl etmədi, Ərdoğanın təyin etdiyi şəxslər əməliyyatların qarşısını aldığından, "əl-Qaidə"nin Türkiyədəki adamları qaçdı” . Jurnalist isə bəyan edir ki, bunlar çalışdığı qəzetdə dərc olunmuş məqalədə əksini tapan fikirlərdir və bu fikirləri heç bir şərh vermədən «Tvitter» hesabında yayıb. 

Azərbaycan hökuməti deportasiya qərarını dəstəkləyir

Bülənt Arınçın dediklərinə Azərbaycan hakimiyyətindən də cavab gəlib. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Azvropa.info”ya açıqlamasında Türkiyə rəsmisi ilə razılaşmadığını bildirib: “Azərbaycan prezidenti İlham Əliyev irimiqyaslı işlər görməsinə baxmayaraq, ölkə daxilində onun bu işlərini bəyənməyən, tənqid edənlər, müxalif mövqe nümayiş etdirənlər var və bu mənada onun dedikləri ilə razı deyiləm”.

Bununla belə, A.Mirzəzadə Türkiyə hökumətinin azərbaycanlı jurnalisti deportasiya etməsini dətəklədiyini də deyib: "Mən Türkiyənin azərbaycanlı jurnalistin ölkə ərazisindən deportasiya edilməsi ilə bağlı mövqeyini dəstəkləyirəm. Kimliyindən asılı olmayaraq, xarici vətəndaşın, vətəndaşı olmadığı ölkənin daxili işlərinə, xüsusən də siyasi proseslərə müdaxilə etməsi, onun siyasi rəhbərliyi haqqında mövqe sərgiləməsi düzgün deyil. Baxmayaraq ki, Mahir Zeynalov müqavilə əsasında Türkiyə mətbuatında çalışırdi, amma unutmamalı idi ki, o Azərbaycan vətəndaşıdır və  qardaş ölkənin daxili işlərinə qarışması yolverilməz haldır. Bu, bütün dünyada belədir. Xarici vətəndaşın başqa bir ölkənin daxili işlərinə qarışmasına yol verilmir. Bu baxımdan Türkiyə hökumətinin bu mövqeyinə hörmətlə yanaşıram". 

Bu arada, B.Arınçın M.Zeynalovun Türkiyədə iki aya yaxın qanunsuz qaldığı ilə bağlı iddialarına jurnalist özünün «Tvitter» hesabından cavab verib: «Guya ölkədə 2 ay qaçaq kimi yaşamışam. Hər şeydən əvvəl mən Türkiyə vətəndaşı ilə evliyəm. Necə qaçaq ola bilərəm?». Sarı media kartını və nazirlikdən gələn sənədləri göstərən M.Zeynalov «deportasiya edilmişəmsə, bu sənədələr nədir», deyə sual edib. 

«Həm əcnəbisən, həm də ölkəni qarışdırırsan»

Türkiyənin «Yeni Akit» qəzetinin müxbiri Ali Karahasanoğlu da bu məsələ ətrafinda yaşanan olaylardan yazıb. Ərdoğanın tərəfdarı kimi tanınan yazar, azərbaycanlı jurnalistin ölkədən qovulmasına sərt reaksiya verənləri qınayıb: "Belə şey görülməmişdi" deyirlər. Yaxşı bəs, beləsini görmüsünüz? Məsələn, Fətullah Gülən Türkiyə vətəndaşıdır, amma ABŞ-da yaşayır. İndi durub bir tvit atsa,  Barak Obamaya ağzına gələni yazsa... Belə etsin demirəm və ya niyə etmir də demirəm. Sadəcə sadə bir nümunə göstərirəm. ABŞ nümayəndələri də «bizim prezidentimizi təhqir edən kimdir» deyib, bu xarici vətəndaşla bağlı qeydlərə baxsa və görsə ki, Gülənin ABŞ-da yaşamaq vaxtı bitib... ". Gülə-gülə" deyib geri yollasa, biz də deyəcəyik ki, ola bilməz, belə bir şey görülməyib. Həm xarici vətəndaşsan, həm yaşamaq müddətin bitib, həm də ölkəni qarışdırırsan. Seçimlərdə qalib gəlmiş baş naziri səhər-axşam təhqir edirsən. Bu ölkənin iqtidarını təyin etmək kimi bir haqqın yoxdur. Nə səs vermək hüququn var, nə də etiraz etmək. Tvit atırsan ki, "18 ildir başımızdasan, hansı müsbət xüsusiyyətin var? Bundan sonra neçə il başımızda qalacaqsan?". 

«Görək, bu sualdan sonra cəsədin tapılacaqmı?»

Yazar daha sonra həmkarını öz  ölkəsinin hakimiyyətinə qarşı susqunluqda günahlandırıb, onu tənqid etməkdən çəkindiyinə işarə edib: "Öz ölkənin 78-dən bəri iqtidarda olan rəhbərliyindən soruş - 18 ildir başımızdasan, nə özəlliyin var, daha neçə il təpəmizdə qalacaqsan? Mühakimə edici bir kəlmə yaz. Mən də sənə «halal olsun» deyim. Görək, bu sualdan sonra cəsədin tapılacaqmı? Öz ölkəsində iqtidara bir kəlmə deyə bilmir, gəlib Türkiyədə köpəksiz kənd görüb... Buradakı şarlatanları da ardınca göz yaşı axıdır. Zeynalovu çox sevirsinizsə, siz də gedin arxasınca, bir az başımız dincələr".

Ərdoğan: «Mənimlə bağlı tvitt atıb, heç xəbərim də yoxdur»

Məsələyə baş nazir Ərdoğandan da reaksiya gəlib. Baş nazirin sözlərinə görə,  M.Zeynalov Mətbuat-Yayım və İnformasiya Nazirliyinin qərarı ilə deportasiya edilib: «Biri azərbaycanlıymış, bir qəzetdə də yazarmış. Onu bizim iqtidarın deportasiya etdiyini deyirlər. Mətbuat və İnformasiya Nazirliyi sizin media kartınızı uzadar və ya uzatmaz. Bu, onların iradəsindən asılı məsələdir. Mənimlə bağlı tvitt atıb, heç xəbərim də yoxdur. Tvitlə heç bir işim yoxdur, heç izləmirəm də. Mənim o qədər boş vaxtım yoxdur. «Tvitter»dən istifadə edənləri təhqir etmirəm, amma mənim həqiqətən də o qədər vaxtım yoxdur. Gecə-gündüz işimi görürəm». 

Mətbuat Nazirliyi: «Zeynalovun media kartı saxtadır» 

Baş nazirin açıqlamasından bir neçə dəqiqə sonra Mətbuat və İnformasiya Nazirliyindən də açıqlama gəlib. Açıqlamada M.Zeynalovun sosial şəbəkələrdə yayılan media kartının saxta olduğu bildirilib. O da qeyd olunub ki, hazırda 326 əjnəbi jurnalist sarı media kartına sahibdir. M.Zeynalovun 2014-jü ildə sarı media kartına sahib olmaq üçün mürajiətinə isə müsbət javab verilməyib: «Bu şəxsin media kartı dediyi şeyin media kartı olmadığını hər bir jurnalist rahatlıqla anlaya bilər. Bizim verdiyimiz kartlarda qurumun loqosunu əks etdirən  holoqram, elektron qaydada oxunan çip və möhür var. Sözügedən şəxsin kartında isə bunların heç biri yoxdur». 

«Məni öldürməklə hədələyirlər»

«Turan» agentliyinə açıqlamasında isə Mahir Zeynalov ona qarşı  təhdid və təzyiqlərin davam etdiyini bildirib. Dediyinə görə, Ərdoğana yaxın media qurumları hər gün onun əleyhinə yazılar yazır, sosial mediada ”yolda görsəm, səni öldürəcəm“ kimi təhdidlər edirlər: «Deportasiya edilməyimin səbəbi hökümətin yazdığım yazılardan və atdığım tvitlərdən narahat olmasıdır. Buna görə  baş nazir məni məhkəməyə verib, həbsimi istəyir».

Baş nazir şikayətində M.Zeynalovun “Tvitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. Bunun əsasında da Türkiyə Daxili İşlər Nazirliyi M.Zeynalovu ölkədən qovub: «Vəkillərimiz bu qanunsuz icraatla bağlı məhkəməyə müraciət edəcəklər.  Ümid edirəm ki, ən qısa vaxtda Türkiyəyə qayıda biləcəm».

Jurnalist üçüncü ölkəyə gedə bilər

Jurnalist onu da bildirib ki, bu il martın 10-dək Türkiyədə qalmaq hüququ olub: «Türkiyə kimi demokratik ölkə olmaq iddiasında olan bir dövlətin baş naziri öz işi əvəzinə, bir müxbirlə məşğul olur. Mənə qarşı edilənlər dənizdə bir damcıdır. Mənim kimi çətin vəziyyətdə işini davam etdirən yüzlərlə jurnalist var. Türkiyə hökümətinin mətbuata təzyiqi həddən artıq çoxdur». 

Hazırda Azərbaycanda olduğunu deyən  jurnalist  üçüncü ölkəyə gedə biləcəyini deyir: “Bunu ailəm və həmkarlarımla müzakirə edirəm. Ehtiyac olsa, getməyi düşünürəm”.

1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...