Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Evləri sökülənlərə azı 2 min kompensasiya verilməlidir

Ramil Osmanlı: «Hökumətin vətəndaşları narazı salmadan o ərazidən köçürməyə kifayət qədər imkanı var»

Artıq söküntüsünə başlanılan “Sovetski” adlanan ərazidə sakinlərə təklif olunan kompensasiya ciddi narazılığa səbəb olub. Sakinlər yaşayış sahəsinin bir kvadrat metrinə görə onlara 1500 manat təklif olunduğunu deyir. Qaraj və digər tikililərə görə təklif olunan məbləğ isə bundan da azdır. Ərazidə yaşayanlar bu pula nəinki şəhərin mərkəzində, hətta kənar ərazilərdə də normal mənzil ala bilməyəcəklərini deyir.

Hazırda söküntü aparılan bu ərazidə hazır mənzillərin bir kvadrat metri 1800-2000 manatdan bahadır. Onu da qeyd etmək yerinə düşər ki, söküntü xəbəri yayılandan dərhal sonra mənzil bazarında bahalaşma müşahidə olundu. Söküntü başa çatana qədər qiymətlərin bir qədər də artacağı gözlənilir. Belə olan halda 10 minlərlə insanın evləri söküləndən sonra küçələrdə qalmaq təhlükəsi yaranır.

Əslində belə bir problemin yaranmaması üçün hansı addımlar atılmalıdır?

“Əmlak bazarı iştirakçıları” Ictimai Birliyinin sədri Ramil Osmanlı insanların mülkiyyət hüquqlarına hörmətlə yanaşılmasını vacib hesab edir. Vətəndaşın konstitusion hüquqları təmin olunmalıdır. Müvafiq normativ hüquqi sənədlərdən istifadə olunaraq Dövlət Ehtiyacları üçün Torpaqların Alınması haqqında Qanun, Mülki Məcəllə, Mənzil Məcəlləsi, digər normativ hüquqi sənədlərdən istifadə olunmaqla məsələyə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması kontekstindən yanaşılmalıdır.

Ekspertin sözlərinə görə, hökumətin vətəndaşları narazı salmadan o ərazidən köçürməyə kifayət qədər imkanı var. Eyni zamanda bərabər qiymətləndirmə metodikasından istifadə də yanlışdır: “Bayılın ucqar ərazisində heç bir sənədi olmayan evin bir kvadrat metrinə görə vətəndaşa 1500 manat kompensasiya ödənilirsə, şəhərin mərkəzində 28 may metrosunun 200 metrliyində də eyni qaydanı tətbiq etmək yolverilməzdir. Azərbaycan hökuməti bu məsələyə yenidən baxmalıdır. Bu məsələlər qanunvericilik çərçivəsində beynəlxalq konvensiyaların və hüquq normalarının əsasında həyata keçirilməlidir. Vətəndaşın əmlakına görə onun razılığı alınmaq şərti ilə müvafiq ədalətli bazar dəyərində kompensasiya ödənilməlidir və bundan sonra köçürülməyə start verilməlidir. Kompensasiya məbləği üçün həmin ərazidə təxminən bir kvadrat metr mənzil sahəsi əsas götürülməlidir”.

Ekspert Sovetski və Nizami metrosunun yaxınlığındakı ərazilərdə bir kvadrat metr mənzil sahəsinin orta qiyməti təxminən 2 min manatdan yuxarı olduğunu deyir. Iki otaqlı, təxminən 55-60 kvadrat metrlik sahəsi olan mənzili həmin ərazidə ən yaxşı halda 120 min manata almaq mümkündür. Bu qaydalar əsas götürülməlidir: “Hətta prezidentin fərmanı ilə təsdiq olunmuş qaydaları, 20 faizlik kompensasiya həddini nəzərdə tutmuram. Əhaliyə əmlakının əvəzində bir kvadrat metrə görə minimum 2 min manatdan kompensasiya ödənilməlidir”./azadlıq/
1509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09