Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Fərhad Əliyev İngiltərədən sığınacaq alıb

Sabiq iqtisadi inkişaf naziri İngiltərədə sığınacaq alıb; Əfv edildikdən sonra ölkəni tərk edən keçmiş məhbus niyə siyasi müxalifətin toplaşdığı paytaxtı seçib; Krallıq bu cür “qaçqın varlıları” himayə etməklə hər il dövlət büdcəsinə milyonlarla əlavə gəlir gətirir…

 

2013-cü ilin oktyabr ayının 14-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev İngiltərədə sığınacaq alıb. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbə məlumat verib. Mənbənin sözünə görə, F.Əliyevlə hakimiyyət arasında hələ o həbsdə olarkən belə bir razılaşma əldə olub. 
“Fərhad Əliyev siyasi səhvlərini etiraf etməklə bərabər, Azərbaycanda yaşamaq istəmədiyini dilə gətirib. Burdakı biznesi demək olar ki, tam əlindən alınan sabiq nazir həbsdən çıxdıqdan bir ay sonra ölkəni tərk edib və geri qayıtmayacağı dəqiqdir” — deyə, mənbə bildirib. F.Əliyev və onunla birgə əfv edilən qardaşı, “Azpetrol”un sabiq rəhbəri Rafiq Əliyev hakimiyyətə onu da söz veriblər ki, azadlığa çıxdıqdan sonra əmlaklarının alınması ilə bağlı heç bir məhkəmə davası açmayacaqlar.
Başqa bir qaynağın iddiasına görə, Əliyev qardaşlarını ölkəni daha tez tərk etməyə vadar edən hakimiyyətdə hələ də onlara rəqib kimi baxanların olmasıdır. F.Əliyev ehtiyat edib ki, onun həbsinə səbəb olan rəqibləri sabiq nazirin “siyasi ambisiyalarının” hələ də qaldığını və hətta müxalifətə yaxınlaşmaq istədiyini ortaya atalar. İkinci bir tərəfdən, əllərində hələ də kifayət qədər kapital olan Əliyev qardaşları Azərbaycanda istəsələr belə, necə deyərlər, bir çayxana belə işlədə bilməyəcəklərinin fərqində olublar…
Beləliklə, F.Əliyev noyabrda müayinə olunmaq üçün əvvəl Almaniyaya gedib. Onun İngiltərədən fərqli olaraq biznes üçün daha sərfəli şərtlər olduğu halda niyə Almaniyada məskunlaşmaması barədə də ilginc iddialar var. Amma maraqlıdır ki, sabiq nazirin dünyanın ikinci maliyyə paytaxtı hesab olunan Londonu seçməsinin də təsadüfi olmadığı deyilir. London uzun müddətdir ki, təkcə Kreml müxalifətinin deyil, MDB ölkələrindəki hakimiyyətlərdən “vurulmuş” siyasət və biznes adamlarının toplaşdığı məkana çevrilib.
Xüsusilə Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan varlı adamlar mərkəzi hakimiyyətdən qaçaraq burada sığınacaq tapıblar. Vladimir Putinin qatı düşməni Boris Berozovsklinin ötən il müəmmalı ölümündən sonra İngiltərə kəşfiyyatı Londona sığınmış “varlı siyasi qaçqınlar”ın təhlükəsizliyinə diqqəti artırıb. Xüsusilə F.Əliyev kimi kapitala sahib olanlar Londonda dərhal nəzarətə götürülür və qoruma altına alınır. İddialara görə, İngiltərə bu cür “qaçqın varlıları” himayə etməklə hər il dövlət büdcəsinə milyonlarla əlavə gəlir gətirir. İngiltərə kəşfiyyatının (Mİ-6) həyata keçirdiyi qoruma tam məxfi həyata keçirilir və bunun üçün illik kifayət qədər iri məbləğ ödəmək lazım gəlir. Deyilənə görə,  F.Əliyev və yaxınları artıq belə bir qoruma altındadırlar…
Onu da qeyd edək ki, rəsmi Bakı əvvəldən tədbirli iş görərək Londonda lobbi işini qurub və hakimiyyətin təbliğatı istiqamətində burada ciddi maliyyə xərclənir. Azərbaycanda hakimiyyətdən “vurulmuş” bəzi adamlar Londona sığınıblar ki, onların arasında ən tanınanı sabiq deputat Rza İbadov və eks-spiker Rəsul Quliyevin köməkçisi İlqar Quliyevdir. Onlar Londonda siyasi bəyanatlar verməsələr də, aydındır ki, iqtidardan narazıdırlar. F.Əliyevin Londonda “siyasi müxalifət” yaradacağı indilikdə inandırıcı deyil. Amma adı siyasi dustaqlar siyahısında olan və ABŞ konqresmenlərinin dəfələrlə azadlıq tələb etdiyi sabiq nazirin Londonda “özəl statusu” olacağı istisna deyil.
F.Əliyevin yaxınları da təsdiq edirlər ki, sabiq nazir  Azərbaycanda deyil. Onlar qeyd ediblər ki, keçmiş nazir ailəsi ilə birlikdə xarici ölkələrdən birindədir. Amma nədənsə, yaxınları ölkənin adını açıqlamırlar. Eyni zamanda Fərhad Əliyevin Azərbaycana nə zaman qayıdacağı haqda məlumat verməkdən imtina edirlər. Yaxınları Fərhad Əliyevin Azərbaycanı birdəfəlik tərk etməsi haqda deyilənlərə də aydınlıq gətirmirlər.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı