Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

23 yaşlı süpürgəçi oğlanın Bakısı

"Bu şəhərdə sevinmək də olmur, stressiz yaşamaq da"

Nadir üçün süpürgəçi işləmək çətin deyil. Ona görə süpürgəçilik, halal yolla ruzi qazanmaq ayıb sayılmır, deyir, haramla yaşamaq ayıbdır. O adamlar utansın ki, haramla adam olur.

Nadir şəhərin düz mərkəzində bir ildir ki, süpürgəçi işləyir. Qışın soyuğunda, yayın istisində heç nəyə baxmayaraq, başını aşağı salıb işini görür. Səhər saat 8-dən 9-a kimi Bakının dolanbac küçələrini süpürür. Özünün dediyi kimi, bahalı mərmərləri elə süpürməlidir ki, şəklin üstünə düşsün. Lap əsgərlikdə olduğu kimi.

İşsizlikdən Bakıya

Əvvəlcə qəhrəmanım haqqında bir-iki kəlmə. 23 yaşı olan Nadir orta məktəbi bitirib. 4 ildir ki, valideynlərini itirib. Dediyinə görə, elə o vaxtdan da bacısını götürüb köçüb şəhərə. Cənub bölgəsindən olan Nadir kənddə işsizliyin əlindən təngə gəldiyi üçün bu addımı atıb.

Kəndlinin şəhər həyatı

Deyir ki, şəhərdə yaşamaq çox çətindir, xüsusən də bacısı ilə. Qadına şəhərdə geyim daha çox lazımdır. Kirayə haqqı, yemək, gəzmək. Bütün bunları hal-hazırda aldığı 430 manat maaşla güclə idarə edir. Maaşlarını vaxtlı-vaxtında ala bilməyəndə isə ərzaq dükanına borclu qalır.

Əgər kənd məktəblərində yaxşı təhsil versəydilər, o da universitetdə oxuya bilərmiş. Gəl ki, kənd müəllimlərinin çoxu bazarda satıcılıq etməyə məcbur olduğundan nə məktəbə gələn var imiş, nə dərs keçən. İndi onun üçün oxumaq, universitetə hazırlaşmaq çox çətindir. Bacısını saxladığı üçünsə ümumiyyətlə, oxumaq həvəsini içində öldürüb. Hərdən maaş alanda yaxınlıqdakı kitab dükanından bir-iki kitab alıb evə aparır. Kitab oxumaq hobbisidir. Bundan başqa heç bir əyləncəsi yoxdur.



Süpürgəçi ovu

Onu hər gün küçəni süpürən görürdüm. Deyə bilərsiz ki, nə çoxdur küçələri süpürənlər. Amma bu cavan oğlanın süpürgəçi işləməyi məni təəccübləndirməyə bilmədi. Başqa ölkələrdən fərqli olaraq, bizim gözümüz cavan oğlanların küçə süpürməyini görməyə alışmayıb. Elə Nadirə də bu məqsədlə yaxınlaşdım. Bir az söhbət edib, onun üçün bu işin narahatlıq yaradıb-yaratmadığından, dolanışığından yazmaq istədim. Sağ olsun, elə bir-iki sualımdan məsələni anladı. Amma narazılıqları çox olduğu üçün fotosunu çəkməyə imkan vermədi. Bunu işini itirmək istəməməsi ilə əlaqələndirdi. Adını da şərti olaraq yazmağımı istədi.

Bu şəhərdə sevinmək olmur

Xəyalları, arzuları – hamısını kənddə qoyub gəlib. Elə uşaqlığını da. Bakıya gələndə heç bir duyğusu, istəyi qalmayıb. Bakı onun üçün stressin, problemin beşiyidir. Bu şəhərdə sevinmək də olmur, stressiz yaşamaq da.

Ən əsası isə - süpürmədən olmur.../axar/
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11