Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Elton Məmmədov, bəsdirin milyonlarımızı oğurladınız!

Dünən virtualaz.org və haqqin.az saytları Milli Məclisin işçisi, deputatın oğlu və nəqliyyat nazirinin qardaşı oğlu Aynar Məmmədovun elə onun özü tərəfindən İnstagram sosial şəbəkəsində yaydığı fotolara yer vermişdi.

Redaksiya Aynar Məmmədovla bağlı heç bir xüsusi araşdırma aparmamışdı, xüsusən də biz Milli Məclisin əməkdaşının - deputatın 26 yaşlı oğlunun nüfuzuna zərbə vurmağa hazırlaşmırdıq. Biz onun hansı həyat tərzi keçirdiyinin üzərindən pərdəni azacıq aralamışdıq və oxuculara deputatın oğlunun dəbdəbəli avtomobillərini, başgicəlləndirici qiymətə olan saatlarını, unikal brilyantlarını və onun digər bahalı oyuncaqlarının sosial şəbəkədə yaydığı fotolarını təqdim etmişdik.

Aynar Məmmədov öz səhifəsində səmimi şəkildə etiraf edirdi ki, bütün bu reklam etdiyi əmlakın sahibi o özüdür.

Lakin bu gün onun atası - Milli Məclisin deputatı Elton Məmmədov qəzəbli bəyanatla çıxış edərək bizi onun oğlunun səhifəsində yayılmış fotoları dərc etdiyimizə görə ittiham edib. Yəni ancaq ona görə ki, biz onun 26 yaşlı oğlu ilə oxucular arasında sadəcə olaraq kommutator rolunda çıxış etmişik.

Bununla belə, deputat heç də öz oğlunun Allah bilir hansı yolla qazanılmış milyonlarını reklam etməsini yox, sadəcə faktları konstatasiya etdiyimiz üçün bizi qınayıb.

Nazirin qardaşı, deputat Elton Məmmədov bizi nədə ittiham edir?

O, bəyan edib ki, saytımızın rəhbəri Eynulla Fətullayev bu fotoları şantaj məqsədi ilə dərc edib və guya bu avtomobillər onun oğluna məxsus deyilmiş. Aynar avtomobilləri sadəcə olaraq ərəb ölkələrində istirahət edəndə kirayə götürübmüş.

Şantajdan başlayaq.

Hörmətli cənab Elton Məmmədov, bizim redaksiyadan kimsə və ya Eynulla Fətullayev özü sosial şəbəkədə yayılmış bu fotoşəkillərlə bağlı sizə hansısa suallarla müraciət edibmi? Əgər müraciət edibsə, o zaman nə vaxt və sizdən nə xahiş ediblər? Sizin bəyanatınızda bu barədə heç nə deyilməyib. Konkretləşdirmədən, ümumi şəkildə deyir ki, bu, şantajdır və s.

Şantaj ittihamından dərhal sonra Elton Məmmədov bildirir ki, bu avtomobillər onun oğluna məxsus deyil. Onda haqlı sual meydana çıxır: bəs Aynar Məmmədovun səhifəsində nümayiş etdirilən avtomobillərin dövlət nömrə nişanlarının hamısı niyə identikdir? Niyə hamısında “100” rəqəmi var?! Belə görünür ki, bununla Milli Məclisin gənc işçisi özünün DYP-dəki qeyri-məhdud hakimiyyəti və nüfuzu ilə fəxr edir. Hansı ki, DYP onun bütün maşınlarına istisnasız olaraq “ailə nömrə nişanı” verib!

Lakin bu sual artıq DYP-yədir və biz onunla sonra ayrıca məşğul olacağıq...

Yeri gəlmişkən, Aynar Məmmədovun yaydığı fotoların birində 10 LR 100 dövlət nömrə nişanlı “BMW” avtomobilinin bort kompüteri əks olunur. Kompüterin göstəricilərindən məlum olur ki, avtomobil saatda 238 kilometr saat sürət yığıb, yəni icazə verilən maksimal sürətdən az qala 3 dəfə artıq. Lakin bu da DYP-nin məşğul olacağı məsələdir…

Daha sonra qarğış gəlir. Məşhur rus atalar sözündə deyildiyi kimi: oğrunun papağı yanır! E.Məmmədov açıq təhqirə və qarğışa keçir, Eynulla Fətullayevi və onun atasını qarğıyır...

E.Məmmədov həqiqətdən uzaqda deyil. Biz doğrudan da lənətlənmişik ki, Ziya Məmmədov kimi savadsız maşinistlər, uzaq Tomskda sınıq-salxaq piştaxtaların arxasında dayanan alverçilər indi zadəgana çevriliblər və Azərbaycanın taleyini həll edirlər. Biz onların korrupsiyalaşmış idarəçilikləri ilə lənətlənmişiik. Ona görə lənətlənmişik ki, yollarımız dağlıb, avtobuslarımız sınıq-salxaqdır və görməmiş məmurlarımız harınlayıb.

Bu məsələdə Elton Məmmədov heç vaxt olmamış kimi haqlıdır, biz onun mövqeyini tam dəstəkləyirik.

Sonra Elton Məmmədov iddia edir ki, onun oğlu Aynar Məmmədov yaxşı təhsil alıb, tərbiyəlidir, bir neçə dil bilir və üstəlik böyük vətənpərvərdir.

Hörmətli cənab Məmmədov, biz sizin oğlunuzun intellektual qabiliyyətlərinə və vətənpərvərlik hisslərinə şübhə etmirik. Biz sadəcə olaraq onun həyat tərzini və mənəvi keyfiyyətlərini qınayırıq. Çünki yaxşı tərbiyə almış adam özünü belə aparmaz. Sizin oğlunuz ola bilsin ki, təhsillidir, lakin o, elə siz özünüz də ziyalılıqdan çox uzaqsınız, dərin hissiyatdan məhrumsunuz. Əks halda tərbiyəli və təmiz adamlar öz sərvətləri ilə öyünmür, ancaq savadı ilə fəxr edir.

Bill Qeyts adında adam var. Boş vaxtınızda onun həyatını oxuyun və oğlunuza da məsləhət görün ki, dünyanın ən varlı adamının həyat fəlsəfəsini öyrənsin. Bill Qeyts hələ sağkən vəsiyyət yazıb qoyub və öz sərvətini xeyriyyəyə xərcləməyi vəsiyyət edib. Onun oğlu isə həyatını ancaq özü qazanmalıdır. Çünki bu adam özünə inanan və güclü, həyatın bütün çətinlikləri ilə qarşılaşmağa hazır olan övlad yetişdirmək istəyir.

Bill Qeytsin oğlu öz “Lamborghini”sini nümayiş etdirmir. Bilirsinizmi niyə? Çünki onun belə bahalı avtomobili yoxdur, onun tamam başqa dəyərləri var. O, 240 min dollarlıq saat gəzdirmir! Siz bunu dərk edə bilməzsiniz...

Heç bilirsinizmi Elton Məmmədov bizim saytımızı gör daha nədə ittiham edir: “Eynulla Fətullayev kimdir və onun nə haqqı var ki, mənim oğlumun fotolarını yaysın?”

Hörmətli oxucular, siz bu sualdan hər şeyi başa düşdünüz?! Bu sözləri deyən adam nə boyardır, nə xandır, nə feodaldır, Milli Məclisin deputatıdır. Yəni deputat və onun 26 yaşlı oğlu başa düşmürlər ki, bizneslə məşğul olmaları qadağandır, çünki elə onun özünün təsdiqlədiyi qanun buna imkan vermir. Üstəlik onlar gəlirlərini bəyan etməlidir...

Üstəlik onlar ictimai fiqurlardır və şəxsi həyatları o qədər şəffaf və təmiz olmalıdır ki, qalan vətəndaşlara nümunə olsunlar!

Elton Məmmədovun ən dəhşətli sözləri budur ki, o, seçkilərdə ona səs vermiş seçicilərə və xalqa hesabat verməyi sanki ağlına da gətirmir. Əks halda o, çətin ki, Milli Məclisin 26 yaşlı məsləhətçisinin milyonlarla dolları haradan aldığını sual edən jurnalistləri ittiham edəydi.

Heç bilirsinizmi Elton Məmmədov daha nələr deyib?! Deyib ki, o, hələ sovet illərində varlı adam idi və hələ o vaxt biznesi çiçəklənirdi. Elton Məmmədovun yadına salmaq istərdik ki, onun qardaşı Ziya Məmmədov Dövlət Dəmiryolları İdarəsinin rəisi olana qədər Elton Biləcəridə birotaqlı mənzilə sığınmışdı, kasıb idi və özünə babat gün-güzəran qurmaq uğrunda mübarizə aparırdı. İndi isə o, bizi ittiham edir, sadəcə ona görə ki, biz onun və onun kimilərin milyonlarımızı niyə oğurladığı ilə azacıq maraqlanmışıq. Maraqlanmışıq ki, onların nələri əskikdir? Oğurlamaqdan əl çəkin, bax, onda biz də saymaqdan əl çəkərik...

Sonda Ziya Məmmədovun kiçik qardaşı öz yalanında da çaşır və ədalətli sual verir: elələri var ki, yüz milyon dollara təyyarə alır, bəs Eynulla onların haqqında niyə yazmır?

Ziya Məmmədov Azərbaycanda tək-tük nazirlərdəndir ki, özünə on milyonlarla dollara şəxsi təyyarə alıb. İnanmırsınız? İstəsəniz onun təyyarəsinin şəkillərini də dərc edə bilərik. Yenə qarğış etməyəcəksiniz ki? Əvəlcədən xəbərdarlıq edirik, bu, şantaj deyil, sadəcə olaraq dağılmış yolların və hələ də axıra qədər vurulmamış çoxlu axmaqların olduğu ölkənin vətəndaşının haqlı hayqırtısıdır... /virtualaz/

1530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44