Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

Moskvadakı qətl Azərbaycana qarşı təxribata çevrilir

Orxan Zeynalovun cinayəti Rusiyanın sifətini açıb; Rusiya hakimiyyətinin hadisəyə verdiyi reaksiya dazbaş millətçilərin zopalarından daha təhlükəli və sərtdir; Kreml ölkəmizə hədə-qorxu gəlmək üçün fürsət tapıb; Moskvada soydaşlarımız ilk qurbanlarını verdi...
Moskvada azərbaycanlı Orxan Zeynalovun oktyabrın 10-da törətdiyi ağır cinayətdən sonra baş verənlər kriminal hadisə olayından çıxaraq həm Rusiya, həm də Azərbaycanda günün ən aktual mövzusuna çevrilib.
Dünya tarixində Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 1914-cü ildə serb terrorçusu tərəfindən qətlə yetirilməsinin I Dünya müharibəsinə çevrilməsi üçün bəhanə olduğunu xatırlamaq kifayətdir. Dünya üzərindən 100 il keçən bu tarixi indi yenidən təkrarlayacaq qədər ağlını itirməyib. Amma Moskvada baş verən “bir qız davasının” qanlı sonluqla bitməsindən sonra rus millətçilərin yüzlərlə insanın qanının axıdılmasına cəhd etməsi dünyanın əski sifətinin hələ də tam dəyişmədiyini göstərir.
Bu etnik qarşıdurmanın milyonlarla azərbaycanlının yaşadığı qonşu Rusiyada baş verməsi isə Azərbaycana ciddi siqnal olmalıdır. Rusiya hakimiyyətinin bu hadisəyə verdiyi reaksiya isə Azərbaycana dazbaş millətçilərin zopalarından daha təhlükəli və sərt mesaj kimi qəbul edilməlidir.
Bir gəncin öldürülməsindən qeyzlənən rus millətçilərinin gözünü qan örtə, onlar da azərbaycanlının işlədiyi kafeni dağıda, kiminsə qanını tökə bilər. Amma cinayət törətmiş olsa da, Rusiya naziri Azərbaycan vətəndaşını əli-qolu bağlı öz kabinetinə gətirdib ona bütün nifrəti ilə baxırsa, bu, irqçilikdən daha təhlükəlidir. Kreml bu hadisədən sanki Azərbaycana hədə-qorxu gəlmək üçün istifadəni fürsət bildi, cinayət törətmiş vətəndaşımızı aşağıladı, nümayişkaranə təpiklətdi. Müasir Rusiya tarixində bir ilk idi ki, cinayət törətmiş adamı daxili işlər nazirinin kabinetinə gətirirdilər. Bu, son günlər medianın güclü basqısı altında olan daxili işlər nazir Vladimir Kolokoltsevin özfəaliyyəti, cinayətkar üzərində qələbəsinin nümayişi ola bilməzdi. Çünki onun qarşısındakı cinayətkar olsa belə, başqa bir ölkənin vətəndaşı idi. Ağlı başında olan ölkə, qarşılıqlı diplomatik münasibətlərə hörmət edən dövlət bunu nəzərə almalıdır. Rusiya rəsmisi bu hərəkəti ilə həm də öz vətəndaşı olan on minlərlə azərbaycanlıya da hörmət qoymadı.
Fransanın "Le Monde" qəzetinin Moskva müxbiri Mari Jeqonun hadisələrə münasibəti daha obyektivdir. Jurnalist yazır ki, Rusiyada etnik zəmində cinayətkarlıq hallarına tez-tez rast gəlinir, amma bu, ölkənin kriminogen durumuna ciddi təsir edəcək səviyyədə deyil: “Prezident Vladimir Putin açıq millətçi çıxışlar etmir, ancaq müəyyən hallarda əksəriyyətin rəğbətini qazanmaq üçün böyük rus milləti ideyası ilə oynayır”.
Bu ilin iyulunda Moskva ətrafı Podolsk yaxınlığında 18 nəfərin ölümünə, 30-dək adamın xəsarət almasına səbəb olmuş avtomobil qəzasını törətmiş Ermənistan vətəndaşı Hraçya Harutyunyana münasibəti xatırlamaq yerinə düşər. Rusiya hüquq-mühafizə orqanları xəstəxana palatasından gətirdikləri ermənini məhkəmə qarşısına...arvad xalatında çıxarmışdılar. Təsadüfmü? Əlbəttə ki, yox! Bu o zamanlar idi ki, Ermənistan Rusiyanın daha bir boyunduruğuna-Gömrük İttifaqına üzvlükdə inad göstərirdi. Ermənistanda hətta Rusiya əleyhinə aksiyalar da vüsət almışdı. Rusiya isə bunlara cavab kimi Ermənistan vətəndaşını bunca rəzil bir vəziyyətdə telekameralar qarşısına çıxardı. Ermənistanı da, erməniləri də bu ağır jesti ilə aşağıladı. Sonra ermənilər də Putinə “xalat geyindirdilər”, bu hərəkəti şiddətlə qınadılar, Ermənistan ombudsmanı Moskvaya etiraz məktubu göndərdi. Nəticə? Ermənistan prezidenti bu hadisədən iki ay sonra Gömrük İttifaqına üzv olmağa razılıq verdi...
Qeyd edək ki, Rusiya daha bir qonşusu Ukrayna ilə də neçə müddətdir soyuq müharibə aparır: Kiyevi gah viza rejimi ilə hədələyir, gah bu ölkəyə iqtisadi sanksiyalar tətbiq edir. Kremlin Kiyevdən nə istədiyi aydındır: Gömrük İttifaqına qoşulmaq.
Rusiyanın bu kriminaldan rəsmi Bakıya qarşı təzyiq kimi istifadə edə biləcəyi barədə iddia ola bilsin ki, hadisələrin isti-isti vaxtında real görünməsin. Ortada ağır bir cinayət və cinayətin açılmasını tələb edən qəzəbli toplum var. Amma hadisələrin məhz tamam fərqli axara yönləndirilməsi belə şübhələrə əsas verir. Əvvəla, bir rus hansısa bir qeyri-slavyan ölkəsində ağır cinayət törədirsə, bu o demək deyil ki, onun əməlinə görə bütün ruslar cavab verməli, polisin dəyənəyi altında hərbi əsirlər kimi saxlanmalı, iş yerlərindən qovulmalıdırlar. Rusiyada miqrant problemi Orxan Zeynalovun cinayəti ilə üzə çıxmayıb. Qanunsuz miqrasiya bütün Avropanın başağrısıdır. Rusiya hakimiyyətinə də problemin həllinin ləngiməsinə görə daxildən qınaqlar çoxdur. Rusiyada qanunsuz yaşayan isə təkcə azərbaycanlı miqrantlar deyil. Bəlkə də Orta Asiyadan gələnlərlə müqayisədə azərbaycanlılar daha çox qanuna riayət edirlər. Amma indi onların daha çox hədəfə çıxması, minlərlə azərbaycanlının çalışdığı “Pokrov” topdansatış bazarının bağlanması təkcə Orxan Zeynalovun cinayəti ilə əlaqələndirilə də bilməz. Burada Kremlin maraqları ilə millətçilərin maraqlarının üst-üstə düşdüyü və millətimizə qarşı bir oyun qurulduğu göz önündədir.
Azərbaycan hakimiyyəti 9 oktyabr prezident seçkisindən mövqeləri zədəli çıxıb. ATƏT və ABŞ seçki ilə bağlı nəticələri legitim hesab etməyib, Avropa Birliyinə daxil olan dövlətlərin rəhbərləri də YAP namizədini təbrik etməyə tələsmir. Azərbaycan hakimiyyətini isə qarşıda iki çətin seçim gözləyir. Noyabrın sonunda Vilnüsdə Avropa Birliyinə assosiativ üzvlüklə bağlı Azərbaycanın da dəvət aldığı tədbir keçiriləcək. Azərbaycanın üzvlüklə bağlı məsələsi müzakirə olunmasa da, tədbirdə ölkəmizin AB ilə yaxın perspektivdə əməkdaşlıq konturları cızılmalıdır.
Dekabr ayının 15-i isə Azərbaycanın Gömrük İttifaqına üzvlüklə bağlı Moskvanın verdiyi konkret vaxt bitir. Qeyd edək ki, bu tarixin Rusiya prezidenti Vladimir Putinin Bakıya son səfəri zamanı razılaşdırıldığı barədə iddialar var. Rusiya prezidentinin Gömrük İttifaqı ilə bağlı məsələyə necə həssas yanaşdığını xatırlatmağa isə ehtiyac yoxdur.
Azərbaycanda seçkidən sonra hökm sürən nisbi sakitlik nə qədər qəribə səslənsə də, Rusiyadakı olaylarla pozulmuş hesab oluna bilər. Ölkənin indi əsas diqqəti Rusiyada baş verənlərə yönəlib. Azərbaycan cəmiyyəti Moskvadakı olayları diqqətlə izləyir; həm O. Zeynalov həbs edilərkən olan qeyri-insani münasibətə, həm də azərbaycanlıların qovulma təhlükəsi ilə üzləşməsinə qəzəbini gizlətmir. O. Zeynalovun həbsindən sonra da Rusiyada azərbaycanlılara qarşı hücumların səngiməməsi bu prosesdə maraqlı qüvvələrin olduğunu bir daha göstərir.
Sonda
Oktyabrlın 16-da Rusiya paytaxtında Azərbaycan vətəndaşı qətlə yetirilib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu gün günorta saatlarında paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı Ruslan Qaraxaylıdır.
İndi Azərbaycan hüquq-mühafizə orqanları Bakıda daha ayıq-sayıq olmalıdır ki, məsələn, azərbaycanlı millətçi də “Torqovı”da, Allah eləməmiş, bir rusu bıçaqlayıb öldürməsin.../müsavat.com/
1780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08