Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Paytaxtda vaqonda yaşayan ailənin faciəsi...

“Körpə qızım öldü, indi yeganə balamı ölümün əlindən almağa çalışıram”

“On altı ildir bir uşaqla bu dəmir vaqonda yaşayıram. Kənarda tikilən bahalı evlərə baxıb həyatın necə qəddar olduğunu fikirləşirəm. Həm də təkcə fikirləşmirəm, hər baxdıqca əmin oluram. Balam ölüm ayağındadır, vaqonda çürüyürük, kimsə kömək etmir. İnsanlıq yoxdur ölkədə...”


Paytaxtın Xətai rayonunda yaşayan 50 yaşlı Gülnaz Hüseynovanın şikayəti bu cür başlayır. Yaşamaq deyərkən, o, iyirmi yaşlı xəstə oğlu ilə kiçik dəmir vaqonda həyatını sürməkdədir. Qadın danışır, danışdıqca qeyri-ixtiyari gözlərindən axan yaşı köhnə jaketinin qolu ilə silir və yenə də danışır. Bu nəm, soyuq vaqonda özü, uşağı xəstəlik tapıb. Yeniyetmə oğlu artıq ölüm ayağındadır və ciddi müalicəyə ehtiyacı var. Qadınınsa buna maddi imkanı yoxdur. Üstəlik, kiçik bir qızını da illər öncə bu vaqonda tapdığı xəstəlik səbəbindən itirib: “Üç yaşında qızım öldü bu vaqonda. Elə vaqonda doğulmuşdu, hamilə olduğumu biləndə tələf etməyə ürəyim gəlmədi, dedim Allah yetirər çörəyini. Amma bu vaqonda baxa bilmədim ona, xəstəlik tapdı. Qəflətən başında çirk olduğunu bildim, üç yaşı vardı, gec idi artıq, yaşada bilmədim...”.

Oğlu Kərimov Fuadın isə tez-tez ürəkgetməsi olur. Üstəlik, böyrəklərində ciddi problemlər yaranıb. Müalicə olunmazsa, ana yeganə balasını da itirə bilər: “Uşaq bir yaşında ”sudurqa" keçirmişdi, bir az müalicə etdim, vəziyyəti babat oldu. Sonra illərlə müalicə etməyə imkan olmadı, ancaq davamlı olmalı idi. Nəticədə indi ürəkgetmələri, tutmaları yenə başlayıb. O gün metronun çıxışında yıxılıb qalmışdı, yaxınlıqdakı insanlar kömək ediblər. Balamın həyatı təhlükədədir. Böyrəklərində də çox ciddi problem var, həkimlər deyirlər ki, təcili müalicə olunmazsa, fəaliyyəti dayanacaq. Bütün günü çıxış yolu axtarıram, balamın ölməməsi üçün fikirləşirəm. Əlimdən başqa nə gəlir ki?"
Xanımın sözlərinə görə, ailə qurandan sonra bir müddət qayınatasının, sonra atasının evində yaşayıb. Daha sonra veteran olan atası bu vaqonu onun üçün ala bilib: “Bu vaqonda illərdir ki, yaşayırıq, şükür edirik ki, başımızın üstündə damımız var. Ancaq həyatımız, sağlamlığımız gedir əldən. Balam ölsə, dözə bilmərəm bu dərdə. Hərdən maaş alanda aparıram həkimə. Ancaq maaşım heç nəyə çatmır - nə çörəyə, nə dərmana, heç nəyə...”. 

Gülnaz xanım süpürgəçilik edib balasını saxlamağa, yaşatmağa çalışır. Ayda cəmi 180 manat maaş alır: “Allah rəhm etsin bizə. Aldığım pula hansı ehtiyacımızı ödəyəcəyimi bilmirəm, çıxılmaz duruma düşürəm hər maaş alanda. Baxıram ki, bu ay da uşağı həkimə aparıb müalicə etdirə bilməyəcəm, neyləyim? Vaqon suyun içindədir, nəmişlikdir. Bu, azmış kimi, gəlib işığımızı da kəsiblər. 1300 manat borcumuz var. Mən Füzulu rayonundan qaçqın düşmüşəm, əvvəl qaçqın kağızı verirdim. İndi bu qədər borc gəlib, necə verəcəm. O gün xahiş etdim ki, evdə xəstə balam var, işığı yandırın. Bu gün yandırdılar. Amma üç gün vaxt veriblər. Üç günə pul kəsəsi deyiləm ki, neyləyim? Xəstə uşaq bütün günü dondu işıqsızlıqdan, çörək pulumu şama verdim. Bu, nə həyatdır deyirəm hərdən. O gün balam donub evdə soyuqdan. Deyir ki, ”Ana, vaqonu od vurub yandıracam, özümü də yandıracam içində, bezmişəm. Deyirəm ki, etmə belə, onda sənsiz nə edərəm?"

Xanım deyir ki, valideynlərinin qeydiyyatda olduğu uçuq yataqxanada qeydiyyatdadır: “Atam rəhmətə gedib. Anam da ağır xəstədir. Uçuq yataqxanada qalır. Otağı uçub, ancaq ev vermirlər. Deyirlər gözlə. Mən də getmişəm çox qurumun qapısına, ”Qaçqınkom"a da getmişəm, Əli Həsənovla da görüşmüşəm. Elə hey deyirlər gözlə. Nə qədər gözləməliyik?"
Ailənin həyatı hansı bucaqdan baxsan da, ağırdır, qadın deyir ki, heç bir çıxış yolu tapmır: “Uşaq yaxşı oxuyurdu məktəbdə, ancaq sonadək getmədi. Paltarını, dəftərini ala bilmirdik. Tanışların, yaxşı adamların verdikləri paltarları geyinirik. İndi də yaxşı insanlara ehtiyacım var, balamı ölməyə qoymasınlar, onun müalicəsinə yardım etsinlər. Bununla bir ananın duasını qazanarlar. Heç kimin balasının xəstə olmasını istəmirəm. Həmişə dua edirəm ki, hamının, hər kəsin balası sağlam olsun, xoşbəxt olsun, mənim tək balam da onların içində”.

Qadının əri və uşağın atası isə altı ildir ki, onlarla yaşamır. “Özüm ayrıldım”,- deyir qadın: “Bizə zülm edirdi. Evdə nə vardısa, aparıb satırdı, içirdi, bizi döyürdü. Uşağı körpə olanda yerə elə çırpmışdı ki, böyrəyi zədələnmişdi. Uşağın haradasa nökərçilik edib qazandığı pulu əlindən alıb, bizi çörəksiz qoyurdu. Şükür edirəm ki, ayrıla bildim. Bu vaqonda mən həyatla, ölümlə çarpışırdım, o isə başqa bir qadın alıb buraya, bizim yanımıza gətirmişdi. Canımızı qurtardıq ondan. İndi deyirlər, türməyə düşüb”.

Qadının xəstə oğlu biz onlarda olduğumuz müddətdə evdə deyildi. O deyir ki, vəziyyəti pisləşdiyi üçün soyuq evdən çıxarıb qohumun evinə aparıb: “İşıq yanmırdı, vaqon həyət kimi soyuq idi”. Amma evdə iki pişik vardı. Qadın onlara baxdığımı görüb deyir: “Bunu Fuad soyuq günlərdə gətirdi evə, dedi heç olmasa ev bayırdan bir az istidir, donmasınlar. İndi öz payından kəsib onlara yedizdirir ki, onlar da canlıdır, ölməsinlər. Ancaq məmurların gözündə biz heyvan qədər də yoxuq... Körpə qızım öldü, indi yeganə balamı ölümün əlindən almağa çalışıram. Kimsə yardım etmir. İnsan faciəsi çoxları üçün film kimidir elə bil - sadəcə seyr edirlər...”.











/musavat/
1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08