Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Əliyev xalq üçün nə edib?

Siyavuş Novruzovun «Azərbaycan hakimiyyəti qədər xalqın qulluğunda duran, sosial problemlərini həll edən ikinci bir hökumət yoxdur» fikrinə rəqəmlərlə cavab

Azərbaycan hakimiyyəti, o cümlədən dövlət başçısı və hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri ölkənin yüksək inkişaf həddinə çatdığını təkrarlamaqdan yorulmur. Deyilənlərin həqiqət olmadığını faktlarla sübut etmək isə heç bir çətinlik yaratmır. Dəfələrlə “Azadlıq”da Ilham Əliyevin və digər rəsmilərin bu tip açıqlamalarının reallıqdan uzaq olduğu təsdiq edən araşdırmalar dərc olunub.

Bu günlərdə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov yenidən bu mövzuya toxunub. YAP-çı deputat bildirib ki, bu gün Azərbaycan hakimiyyəti qədər xalqın qulluğunda duran, sosial problemlərini həll edən ikinci bir hökumət yoxdur.

Şübhəsiz ki, hökumətin borcu xalqın qulluğunda durmaq və sosial problemlərin həlli ilə məşğul olmaqdır. Azərbaycan hökumətinin bu vəzifəsinin öhdəsindən necə “gəldiyini” hər bir vətəndaş öz üzərində hiss edir. Bir neçə gün əvvəl səhiyyəyə ayrılan vəsaitlərlə bağlı araşdırma və Azərbaycanın bu göstəriciyə görə 190 ölkə arasında son onluqda qərarlaşması hökumətin əhaliyə “qayğısının” daha bir göstəricisi oldu. Azərbaycanda ÜDM-in yalnız 1%-i səhiyyəyə xərclənir. Baxmayaraq ki, bu göstəricinin 3%-dən aşağı olması təhlükəli hədd sayılır. Bu göstəriciyə görə Azərbaycan hətta yoxsul Afrika ölkələrindən də geridə qalır.

Azərbaycan hökumətini digər ölkələrlə, xüsusilə inkişaf etmiş dövlətlərlə müqayisə etmək isə heç bir məntiqə sığmır. Hökumətin xalqın qulluğunda necə dayanmalı olması ilə bağlı bir neçə faktı Siyavuş Novruzovun diqqətini çatdırmağı özümüzə borc bilirik.

YAP rəhbərliyinə, o cümlədən də S.Novruzovun yadına salaq ki, Azərbaycanın əsas gəlirlərini neft pulları təşkil edir. Ancaq əksər neft ölkələrindən fərqli olan bu təbii sərvətdən gələn pulların böyük hissəsinin əhaliyə yox, hakimiyyətdə təmsil olunan qrupların maraqlarına xidmət edir. Ölkə vətəndaşlarına satılan benzin və digər neftə məhsulları digər neft ölkələrindən xeyli bahadır. Azərbaycandan fərqli olaraq neft ölkələrində təhsil və səhiyyə pulsuzdur. Azərbaycanda isə hər il ali məktəblərə qəbul vaxtı təhsil haqqını ödəyə bilməyən abituriyentlərin intihar etməsi adi hal alıb. Səhiyyənin keyfiyyətsiz və baha olması isə vətəndaşları ya qonşu Irana üz tutmağa, ya da aqibəti ilə barışıb ölümünü gözləməyə məcbur edir.

Yeganə gəlir mənbəyi neft olan Birləşmiş Ərəb Əmirliyində hər 55 vətəndaşdan biri milyonçudur. Azərbaycan isə ağır həyat şəraiti insanları intihara sövq edir. BƏƏ-i varlanandan sonra ilkin olaraq hər bir adama 400 min dollar ayrıldı. Bu pul ölkə vətəndaşlarının “ayağa durması” üçün nəzərdə tutulurdu. Azərbaycan vətəndaşları isə hələ də evinə çörək pulu qazanmaq üçün Rusiya və digər MDB ölkələrində ağır şəraitdə çalışmağa məcburdur. Neftlə zəngin ərəb ölkələrində hər doğulan uşağın hesabına hökumət tərəfindən ən azı 10 min dollar, bəzi ölkələrdə isə 20 min dollardan da artıq pul qoyulursa, Azərbaycanda doğulan uşaqlara dövlətin qayğısı 75 manatdan ibarətdir.

Ölkəmizdə işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır. Işləməyən analar isə bundan da məhrumdur. Neftlə zəngin ölkələrdə isə anaya dünyaya gətirdiyi hər uşağa görə azı 10 min dollar müavinət ödənilir. Bəzi ərəb ölkələrində hətta birinci uşağın doğulmasından sonra ailənin bütün borcları bağışlanır.

Əgər neft ölkələrində yeni ailə quran ailələrə dövlət tərəfindən ev, uzun müddətli faizsiz kredit verilirsə, Azərbaycanda gənclər məhz evsizlik ucbatından ailə qura bilmir, yaxud evin olmaması ailələrin dağılmasına səbəb olur.

Əgər neft ölkələrində minimum əmək haqqı 5 min dollardan artıqdırsa, Azərbaycanda orta aylıq əmək haqqı 400 manatdan azdır. Neft ölkələrində əhali kommunal xərclərdən azad olduğu halda Azərbaycanda vətəndaşlar kommunal xərcləri ödəyə bilməməsi səbəbindən qazsız-işıqsız qalmaq məcburiyyətində qalır.

Azərbaycanda tələbələrin təqaüdü 40-85 manatdırsa, neftlə zəngin ölkələrdə bu göstərici 1000 dollardan artıqdır. Üstəlik Azərbaycandan fərqli olaraq həmin ölkələrdə tələbələr pulsuz yataqxana ilə də təmin edilir. Azərbaycanda isə imkansız ailələr tələbə övladlarının xərcini çəkməyə çətinlik çəkdiyindən onlara təhsil vermək arzusundan vaz keçməli olur.

Müəllim və həkimlərin aldığı əmək haqqı isə ayrıca bir mövzudur. Bu məsələdə Azərbaycan nəinki neftlə zəngin ərəb ölkələri, Avropa və ABŞ-la, hətta MDB dövlətləri, “acından ölən” Ermənistanla da müqayisəyə gəlmir. Avropa və ABŞ-da həkim və müəllimlərin əmək haqqı 2-3 min avro, neftlə zəngin ərəb ölkələrində isə 5-6 min dollardan artıqdır. Azərbaycan hökumətinin isə bu sahələrdə çalışanlara qayğısı seçkidən seçkiyə əmək haqqına edilən 10 faiz artımdan ibarətdir. Bu artım isə ən yaxşı halda 20-30 manatdan ibarət olur.

“Xalqın xidmətində dayanan” Azərbaycan hökumətinin ordusuna və əsgərinə verdiyi qiymət də digər ölkələrdən fərqlənir. Müharibə şəraitində olan ölkə istər hərbçilərinə verilən əmək haqqı, istərsə də onların təminatı baxımından inkişaf etmiş ölkələrdən xeyli geridə qalır. Müharibə əllilərinə verilən qiymətdən isə danışmağa dəyməz. Son aylardan üzləşdikləri çətinlik üzündən müharibə veteranlarını misal çəkmək yetərlidir.

Pensiyalara gəldikdə, bu da ağrılı mövzulardan biridir. Azərbaycanda orta pensiya 140-150 manatdır və bu məbləğ pensiyaçının dərman puluna belə yetmir. Inkişaf etmiş ölkələrdə isə pensiya məbləği 2 min avronu üstələyir. Neft ölkələrində isə bu göstərici bir neçə min dollardır. Üstəlik əksər ölkələrdə pensiyaçıların müxtəlif imtiyazları olsa da, Azərbaycanda pensiya ümudinə qalan şəxslər acından ölməyə məhkumdur.

Azərbaycan hökuməti yalnız bir göstəriciyə görə digər ölkələri geridə qoyur. Bu da korrupsiya və rüşvətin səviyyəsidir. Bu məsələdə Azərbaycanla hər ölkə ayaqlaşa bilməz. Əgər Siyavuş Novruzov xalqa qulluq deyəndə xalqın sərvətlərinin mənimsənilməsini nəzərdə tutursa, bu başqa məsələ. Ancaq xalqa xidmətin əslində nədən ibarət olduğunu YAP icra katibinin müavinin yadına salmağı özümüzə borc bildik./azadlıq/
1636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:37