Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

«İstəmirik ki, simalar dəyişsin, sistem isə əvvəlki kimi qalsın»

Ukraynanın əsas müxalifət partiyası Yanukoviçə «yox» dedi

«UDAR» koalisyon hökumətdə təmsil olunmayacaq

Vitali Kliçko: «İstəmirik ki, simalar dəyişsin, sistem isə əvvəlki kimi qalsın»

Ukraynanın əsas müxalifət partiyası «UDAR» koalisyon hökumətin tərkibində yer almayacaq. Bunu partiyanın lideri Vitali Kliçko bəyan edib. Kliçko hesab edir ki, hökumətdə simaların dəyişib, sistemin isə əvvəlki kimi qalmasının heç bir mənası yoxdur: «Biz belə bir şeyi istəmirik. Bir çox hallarda şahid olmuşuq ki, müəyyən personaclar digərləri ilə əvəz olunur, problemlər isə elə əvvəlki kimi qalmaqda davam edir. Bizim istəyimiz hakimiyyətin yenilənməsi, onun balanslı şəkildə bölüşdürülməsidir. Bu isə 2004-cü ilin Konstitusiyasına qayıtmaqla mümkündür. Yalnız bu şərt altında «UDAR» keçid hökumətinin formalaşdırılmasında iştirak edə bilər. Çünki bu zaman biləcəyik ki, hansı islahatları həyata keçirə bilərik».

Aparıcı müxalifət partiyalarından olan «Batkivşina» və «Azadlıq»ın hakim Regionlar Partiyası ilə koalisiyaya girməsinə necə baxdığına gəlincə, Kliçko bildirib ki, bu və ya başqa hökumətdə təmsil olunmaq hər siyasi qüvvənin haqqıdır. Sadəcə olaraq «UDAR» hazırkı hakimiyyətlə birgə qurulmuş bu sistemdə özünü görmür: «Biz bugünkü hakimiyyətin mexanizmlərindən birinə çevrilmək istəmirik. Üzərimizə o halda məsuliyyət götürə bilərik ki, hakimiyyət başdan-ayağa yenilənsin».

Ukrayna parlamentinin sədri Vladimir Rıbak fevralın 12-də NATO Parlament Assambleyasının üzvləri ilə görüşdə bildirib ki, prezident Viktor Yanukoviç koalisyon hökumət qurmağa hazırdır. Rıbak xatırladıb ki, prezident baş nazir postunu müxalifətin tutmasını təklif edib.

Xatırladaq ki, yanvarın 25-də isə Yanukoviç «Batkivşina» Partiyasının lideri Arseni Yatsenyuka baş nazir, Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə müavini postunu təklif etmişdi. Cəmi iki gün sonra Yatsenyuk bu təklifdən imtina etdiyini bəyan etmişdi. Fevralın 5-də isə A.Yatsenyuk bildirmişdi ki, hakimiyyətə 2004-cü il Konstitusiyasına qayıdışdan sonra gəlməyə hazırdır. Onun daha bir şərti isə bu olub ki, baş nazir postunu tutacağı təqdirdə Nazirlər Kabineti bütövlükdə müxalifətdən ibarət olmalıdır.

«Müxalifət Nazirlər Kabinetini yalnız 2004-cü il Konstitusiyasına qayıdışdan sonra formalaşdırmağa razıdır». Bunu isə «Batkivşina»nın liderlərindən biri Aleksandr Turçinov bəyan edib: «Ölkədə müstəqil qərarlar verə biləcək məsuliyyətli hakimiyyətə ehtiyac var. İndi isə bütün hakimiyyət Yanukoviçin əlində cəmləşib. Ona görə də Konstitusiya məsələsini ilkin şərt kimi qoyuruq. Bu, hakimiyyətin səlahiyyətlərinin parlament və prezident arasında bərabər qaydada bölüşdürülməsidir. Yalnız bundan sonra milli etimad hökumətini formalaşdırmaq olar. Bu halda hakimiyyət həm də iqtisadi böhranı aradan qaldırmaq üçün tam səlahiyyətlərə sahib olacaq».

Öz növbəsində hakim Regionlar Partiyasının deputatları Ali Radada imza toplamağa başlayıb. Deputatlar Yanukoviçə müraciət edib ondan baş nazir postuna namizədi məhz Regionlar Partiyasından seçməsini istəyəcəklər. «Biz hesab edirik ki, baş nazir postunu idarəetmə təcürbəsinə sahib olan güclü bir şəxs tutmalıdır. Çünki məhz bu şəxs yeni hökumətin tərkibini müəyyən edəcək. Hesab edirik ki, baş nazir bizim partiyadan olmalıdır. Çünki məhz Regionlar Partiyasında peşəkarlar çoxdur», deyə hakim partiyanın deputatları bildiriblər.
1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14</