Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Hakimiyyət Avropa Birliyinə niyə dirəniş göstərir?

Leyla Yunus: «QHT-lərlə bağlı qanunvericiliyə düzəlişin beynəlxalq aləmin gündəmində olması hakimiyyəti qıcıqlandırır»

Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton və avrokomissarı Ştefan Fülenin Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı düzəlişlərin qəbulundan narahatlıqlarını birgə bəyanatla ifadə etməsi birmənalı qiymətləndirilmir. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində qarşıdakı sədrliyi baxımından ali nümayəndə və Avropa komissarı Azərbaycan hakimiyyətini götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, Venesiya Komissiyasının iradları nəzərə alınmaqla QHT-lər haqqında qanuna yenidən baxmağa çağırırlar.

Eşton və Füle Azərbaycan hakimiyyətini beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunun yaxşılaşdırılmasına və sadələşdirilməsinə çağırıblar.

XIN-in bəyanatla bağlı mövqeyi də maraqlıdır. Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, bu bəyanat Azərbaycana təzyiq vasitəsidir.

Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, əslində XIN-in məsələlərə yanaşması hakimiyyətin mövqeyini bir daha çılpaq şəkildə ortaya qoyur. Hakimiyyət bu dəyişikliklərin guya vətəndaş cəmiyyəti ilə razılaşdırılması fonu yaratmağa çalışdığını deyən L.Yunus vurğuladı ki, Azay Quliyev də ATƏT PA-dakı çıxışında düzəlişlərin vətəndaş cəmiyyəti ilə uzun müddət müzakirələrdən sonra ərsəyə gəldiyini qeyd edib: “Vətəndaş cəmiyyətinin təmsilçiləri kimi hakimiyyətlə görüş keçirən şəxslər iqtidarla dialoqun olduğu təəssüratını yaradıb. Hazırda hakimiyyət təmsilçiləri məhz bu görüşlərə istinad edirlər. Ona görə Avropa Birliyinin sərt mövqeyinə baxmayaraq QHT-lərlə bağlı qanunvericilikdə elə bir dəyişikliyin olacağını düşünmürəm”.

AB-nin iki rəsmisinin baş verənlərə münasibətini yüksək səviyyədə qiymətləndirən L.Yunus hesab edir ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edəcəyi bir ərəfədə ölkəmizə belə bir neqativ diqqət hakimiyyətin maraqlarına uyğun deyil. Çünki bu müddət ərzində QHT-lərlə bağlı qanunvericiliyə düzəliş həmişə beynəlxalq aləmin gündəmində olacaq. L.Yunusun qənaətincə, bu isə hakimiyyəti qıcıqlandıran məqamdır./azadlıq/
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber