Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Ey dad, ey dad, aman...

Srağagün dövlət başçısı Milli Konservatoriyanın yeni binasının açılışına qatılmışdı. Bir həftə qabaq soyuqdan donan Alim Qasımovun da muğam oxuduğu tədbir ölkəmiz üçün çox xarakterikdir. Siz prezidenti il ərzində musiqiçilərə aid saysız-hesabsız tədbirlərdə görə bilərsiniz, ancaq məsələn, onun hansı kitab oxuduğunu heç vaxt eşitməzsiniz. Musiqi Azərbaycandakı rejimin sevimli məşğuliyyətidir. Onlar çoxdan başa düşüblər ki, biz oxuyub-oynamağı sevən camaatıq. Bəzən acqarına “Yallı” getməyə hazırıq. Bunun təsvirləri hətta Qobustan qayalıqlarında da varmış. Orda vəhşi heyvanların hücumuna məruz qalan əcdadlarımız heç nə olmamış kimi qol götürüb oynayırlar.

Musiqiyə maraq o dərəcədə böyükdür ki, başqa incəsənət sahələri kölgədə qalıb, hətta manıs yetişdirmə üzrə 2 ali məktəbimiz vardır. Qabaqlar bunlar bir yerdə idi. Ancaq 14 il qabaq rejim lideri uzaqgörənliklə başa düşdü ki, xalqın manıslığa tələbatını bir ali məktəb ödəyə bilməz. O üzdən, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasını yaratdılar.

Siz bu “konservatoriya” termininin necə yarandığını bilirsinizmi? Bilmirsinizsə yazıram, çünki bizə dəhşət uyğun gəlir.

Qədim dövrlərdə İtaliyada kilsə yetimləri, küçə uşaqlarını toplayıb onlara musiqi dərsi keçirmiş, sonra kilsə xorunda oxuyurmuşlar. Tədris ocağının adı da elə latın sözü “konserve” - “qorumaq, saxlamaq”dan yaranıb. İndi bizim manıslar aləmində də yetimlik, “hakimiyyət bizim dədəmizdir” formulu geniş yayılıb. 2003-cü ilin dekabrında kamança çalan Habil Əliyev efirdən deyirdi: “Bu gün mənim atam ölüb”. Milli manıslarımızın repertuarı da “El atası”, “Bizi yaradan sənsən, yaşa prezident” tipli musiqilərlə doludur. Onları qoruyurlar, prezident təqaüdü, evlər, maşınlar verirlər.

Ancaq camaat arasında da bu sahəyə tələbat var. İqtisadiyyatın məşhur qanunu ilə yazsaq, tələb təklifi yaradır. Əgər adamlar konservatoriyaya, manıs olmağa yüngül, asan qazancın yolu kimi baxmasaydılar hakimiyyət də bəlkə günaşırı bir muğam festivalı, tar-kaman mərkəzi düzəltməzdi. Özü də Azərbaycanın ən kütbeyin, bəzənsə ümumiyyətlə beyinsiz insanları bu istiqamətdə ali təhsil alırlar. Buyurun, 2013-cü ilin qəbul imtahanlarında Azərbaycan Milli Konservatoriyasında bəzi ixtisaslara keçid balına baxın: dirijorluq - 75 bal, xalq çalğı alətləri ifaçılığı - 75 bal, solo oxuma (xanəndəlik) - 75 bal və sairə. Əslində sadalamağa ehtiyac yoxdur, ötən il Konservatoriya və Bakı Musiqi Akademiyasına keçid balı bütün ixtisaslar üzrə 75 bal olub.

İndi qəbul üzrə ən yüksək balın 700 olduğunu yada salın və 75 balla ali məktəbə girənlərin hansı ağılın yiyəsi olduğunu təsəvvür edin. Əlbəttə, deyilər ki, bunların istedadı-zadı önəmlidir, mahnı oxuyana bilik lazım deyil. Boş söhbətdir. Adam ən azı not dəftəri yazmağı bilməlidir axı. Əgər savad vacib deyilsə, o zaman bu ali məktəblər nəyə gərəkdir?

Ən böyük dərd isə bunlar deyil. Dərd o uşaqların həmin məktəbləri bitirməsindən sonra başlanır. Bunlar hərəsi əlinə bir qavaldan-zaddan alıb bütün sutka boyu efirdən yığışmırlar. Prezident seçməkdən tutmuş kosmosa peyk uçurtmağa, dolma bükməkdən kvant fizikasına qədər hər şeydən qırıldadırlar. İctimai həyatımızın hansı sferasına baxsan bu manısları başda görərsən. Gəlin sizə başqa bir maraqlı fakt da göstərim: Bakı Musiqi Akademiyasının solo oxuma ixtisasında illik təhsil haqqı 3 min manatdır. Hətta BDU hüquq fakültəsində də ödəniş bundan az imiş: 2850 manat. Yəni, 75 balla girən 500-600 balla girəndən çox pul ödəyirmiş. Matah ixtisasdır axı! Hüququ neynəyirsən, əlini at qulağının dibinə, oxu bala-bala. Camaat da heyran olsun.

Müxalifətin məşhur siyasi məhbuslarından biri bu yaxınlarda Zeynəb Xanlarova sənəti haqda məqalə yazmışdı. Zindandan. Ta mənim sözüm yoxdur. Mən də gedim oxumaq öyrənim, yaş 40 olsa da...

Zamin Hacı/musavat
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43