Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Büdcə necə pay-puş edilib?

2014-cü ildə büdcədən ən çox vəsait alacaq məmurların adları bəlli oldu

Siyahıya 1 milyard 238 milyon manatla nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edir

Milli Büdcə Qrupu 2014-cü ilin investisiya xərclərinə dair ilkin məlumatı yayıb. Məlumat təşkilatın saytında yerləşdirilib. Nazirlər Kabinetinin 2013-ci il 30 dekabr tarixli 398 saylı sərəncamı ilə 2014-cü il dövlət büdcəsində 5 milyard 260 milyon manatlıq əsaslı vəsait qoyuluşunun sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü təqdim olunub. Qeyd edək ki, parlament tərəfindən təqdim olunan dövlət büdcəsində əsaslı vəsait qoyuluşunun həcmi 6 milyard 260 milyon manat göstərilir. Belə aydın olur ki, Nazirlər Kabinetinin sərəncamında 1 milyard manatın bölgüsü aparılmayıb. Çox güman ki, həmin pul ehtiyat vəsait kimi göstərilir. Müqayisə üçün bidirək ki, ötən il 7 milyard manatlıq investisiya xərcinin 501,3 milyon manatı ehtiyat vəsait olara ayrılmışdı. Bu il isə 6,2 milyard manatlıq təmir-tikinti xərclərinin 1 milyardını ehtiyat yastığına qoyulması, artıq büdcə proqnozlarının yerinə yetirilməsində böyük narahatlıqların olmasını göstərir.

Bu dəfə də büdcədən ən böyük pay Nəqliyyat Nazirliyinə məxsusdur. Elə xərclər var ki, 2006-ci ildən indiyədək davam edərək, fantastik həddə çatıb. I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi İdman və Gənclər Nazirliyinin də xərcini 3 dəfə artırıb. 2014-cü ildə Nəqliyyat Nazirliyinə 1 milyard 238 milyon manat, Gənclər və İdman Nazirliyinə 922,3 milyon manat ayrılması nəzərdə tutulub. Onlardan sonra ən böyük xərclər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Metropoliten İdarəsinə aiddir. Xərclərin bölgüsü isə aşağdakı kimidir: 

Mədəniyyət və Turizm Nazirliyinə 140,3, Səhiyyə Nazirliyinə 98,3, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 34,5, Təhsil Nazirliyinə 45,5, Kənd Təsərrüfatı Nazirliyinə 10,4, «Aqrolizinq»ə 10, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 9,5, Bakı Metropoliteni İdarəsinə 224, «Azərenerji» ASC-yə 92,2, «Bakıelektrikşəbəkə»  ASC-yə 89,3, «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə 210,1, «Azərsu» 394, 4 milyon manat nəzərdə tutulub. 

ARDNŞ-ə 100 milyon manat ayrılıb ki, onun 60 milyon manatı ölkənin müxtəlif bölgələrinin qazlaşdırma işlərinin həyata keçirilməsinə, 40 milyon manatı ısə Azot gübrələri istehsalı zavodunun tikintisinə sərf ediləcək. Paytaxtda abadlıq işlərinin görülməsi, şəhərin kosmetik təmiri üçün Bakı Şəhər İcra Hakimiyyətinə 276 milyon manat ayrılıb. Habelə, investisiya xərclərində Maliyyə Nazirliyinə 20, «Azəristiliktəchizat» ASC-yə 16, İqtisadi və Sənaye Nazirliyinə 129, Ədliyyə Nazirliyinə 44,4  milyon manatın ayrılması gözlənilir. 

Yarımçıq qalan layihələr

Bu ilin əsaslı vəsait qoyuluşunun bölgüsündə diqqəti çəkəcək bir sıra iri layihələr var ki, 2009-ci ildən icrasına başlansa da hələ də böyük həcmdə neft pullarını udur:

- Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq «Koroğlu» metrostansiyasına qədər yeni yolun layihəsinə və tikintisinə ötən il 50 milyon manat ayrılmışdı. Bu il isə yolun yenidənqurulmasına nə az, nə çox düz 215 milyon manat ayrılması nəzərdə tutulub. 

- Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinə isə bu il üçün 270 milyon manat xərclənəcək. 2009-2013-ci illərdə bu layihəyə 155 milyon manat sərf olunub. Beləliklə limanın tikintisi 425 milyon manatı artıq haqlayıb.  

- Hava limanı-Mərdəkan-Bilgəh-Pirallahı yoluna bu il 70 milyon manat ayırmaqla, ümumi xərc 100 milyona (indiyədək 30 milyon xərclənib) çatdırılıb.

- Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulmasına indiyədək 242 milyon manat sərf edilib. Bu il isə əlavə 145 milyon manat ayrılması nəzərdə tutulur. Bununla bir prospektin qurulması 390 milyon manata başa gəlib.    

 - Bilgəh -Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasına 2006-2013-cü illərdə 272 milyon xərclənib. Bu il isə əlavə olaraq 50 milyon manat da ayrılıb. 

- Qusarda «Şahdağ» İdman-Kompleksi layihəsi də böyük neft pullarının udulmasına hesablanıb. Artıq bura yatırılan dövlət vəsaitinin həcmi 1 milyardı örtdü. İndiyədək 990 milyon manat xərclənibsə, bu il əlavə olaraq 100 milyon manat da ayrılıb.

Gələn il ölkəmizdə I Avropa Olimpiya Yarışının olacağını nəzərə alaraq, hökumət bu istiqamətdə də ayrılan vəsaitlərə «səxavətlə» yanaşıb. Belə ki, bu ilin büdcəsinin investisiya xərclərindən oyunlarla əlaqədar layihələrin maliyyələşdirilməsinə 373 milyon manat ayrılması nəzərdə tutulub. Amma bu layihələrin konkret nədən ibarət olmasının strukturu məlum deyil. Bundan əlavə, olimpiya üçün nəzərdə tutulan 65 000 nəfərlik stadionunun tikintisinə  280 milyon manat ayırmaqla, indiyədək çəkilən xərci 480 milyon manata yüksəltdilər. 

- Su idman sarayının tikintisinə isə 190 milyon manat nəzərdə tutulub. Ötən il bu layihəyə 40 milyon manat sərf olunub. 

- Gimnastika kompleksinin smetası atıq 167 milyon manata çatıb. Qeyd edək ki, bu il üçün  80 milyon manat ayrılması nəzərdə tutulub.

Digər infranstruktur layihələrdən biri olan Azot Gübrələri İstehsalı Zavodunun da inşası artıq dördüncü ilə keçir. İndiyədək bu zavodun tikintisinə 240 milyon manatdan çox pul xərclənib. Bu il əlavə 40 miyon manat ayırmaqla smeta dəyərini 280 milyon manata çatdırdılar.

Azər Mehdiyev: «İnvestisiya xərclərinin bölünməsinə baxanda hökumətdə olan güc nisbətini görürsən»

İqtisadçı ekspert Azər Mehdiyevin sözlərinə görə, Azərbaycanda investisiya xərclərinin bölgüsünün son illər demək olar ki, oxşar ssenari ilə həyata keçirilir. Milli Məclisdə investisiya xərcləri üçün ayrılan vəsaitin ümumi həcminin təsdiq olunduğunu deyən A.Mehdiyev vurğuladı ki, heç zaman parlamentə bu vəsaitlərin yönəldildiyi obyektlər barədə konkret məlumatlar verilimir: «Xərclərdə əvvəlki illərlə müqayisədə oxşar və fərqli cəhətlər nəzərə çarpır. Yenə investisiya xərclərinin bölünməsinə baxanda bu gün hökumətdə olan güc nisbəti özünü göstərir. Kimə nə qədər vəsait ayrılması hakimiyyətdəki gücləri göstərir. Bu dəfəki xərclərdə də infrastruktur layihələri üstünlük təşkil edir. Əsas diqqət çəkən məqam yol infrastruturunun müəyyən yerlərdə yenidən qurulması, bərpası əksini tapıb».

A.Mehdiyevin sözlərinə görə, diqqət çəkən məqamlardan biri də Bakı-Tbilisi-Qars dəmiryol xəttinin hələ istifadəyə verilməməsinə  baxmayaraq, bu istiqamətdə hərəkət edəcək 30 vaqonun alınması üçün 30 milyon manatın ayrılmasıdır. Daha bir diqqət çəkən məqam I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı idman sahəsinə ayrılan vəsaitdir. Bu istiqamətdə ayrılan vəsaitin də həcmi 1 milyarda yaxınlaşır.

A.Mehdiyev hesab edir ki, budəfəki büdcədən də görünür ki, dövlət büdcəsindən yönəldilən investsiya vəsaitlərinin yönəldilməsiylə bağlı formalaşmış siyasət yoxdur. Bu vəsaitlərin xərclənməsi zamanı tikilən obyektlərin nə dərəcədə zəruri, səmərəli olmasına diqqət yetirilmir. Bu obyektlərdən cəmiyyətin nə əldə edəcəyi ilə bağlı əsaslandırılmış yanaşma yoxdur: «Hesabat xatirinə hər il ölkədə neçə obyektin tikilməsi barədə məlumat verilir. Bütün bunlar hesabat xatirinə edilir. Diqqət çəkən daha bir məqam həmin tikililərin dəyərinin hər ötən il daha da artmasıdır».

Ehtiyat fondunun yaradılmasına gəlincə isə A.Mehdiyev hesab edir ki, bu ondan irəli gəlir ki, onsuz da hazırda investisiya xərcləri kifayət qədərdir. Bu ehtiyat vəsait neftin qiymətinin aşağı düşəcəyi və yaxud büdcəyə qeyri-neft sektorundan kifayət qədər vəsaitin toplanmayacağı zaman üçün saxlanılır. Əgər büdcə gəlirlərində bir problem olarsa, ehtiyat vəsaitlərə müraciət olunacaq./azadlıq/

1923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04