Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Korrupsiya içində “şəxsi həyat” toxunulmazlığı

Azərbaycanda korrupsiya ilə “amansız mübarizə” aparılır. Bu “mübarizənin” başında birbaşa dövlət başçısı I.Əliyev durur. Durur, ancaq nəyə görəsə korrupsiya da elə-eləcə durur. Daha doğrusu, artan templə durur. Görünür, ölkəni bütünlüklə bürümüş korrupsiyanın başında “Azadlıq” qəzeti durduğundan I.Əliyev bu qəzetin bağlanması üçün illərdir var gücüylə çalışır. Metroda qəzet satışının yasaq edilməsi, əl yayımına son qoyulması, qəzet köşkləri ilə bağlı baş verənlər - bunlar hamısı “ayının min oyunu bir armudun başında” seriyasından görsənişlərdir. Bu boyda ölkənin TƏK müxalifət qəzetini - “Azadlıq”ı vurub sıradan çıxarmağa yönəlik işlər I.Əliyev hökumətinin gündəlik işləri sırasında başlıca yer tutur. Bütövlükdə demokratik jurnalistikanı boğub sıradan çıxarmaq siyasəti yürüdülür.

Dövlətin başında duran adam özü demokratik jurnalistikanı bütünlüklə vurub sıradan çıxarmağa çalışırsa, bu onun korrupsiya ilə “mübarizə” ritorikasının bütünlüklə yalan olduğunun göstəricisidir. Gerçəkdən korrupsiyaya qarşı çıxan istənilən dövlət başçısının ən böyük yardımçısı dördüncü hakimiyət - jurnalistika, bağımsız parlamentlə bağımsız məhkəmə ola bilər. Sonunculara çoxdan əlaltı xarakteri vermiş I.Əliyevin sonuncu problemi dördüncü hakimiyəti də bütünlüklə ələ keçirmək, özünün buyruq quluna çevirməkdir. O, bir yandan ölkədəki məmur qudurğanlığından danışır, o biri yandan məmur qudurğanlığına qorxu törədən jurnalistikanı yerli-dibli yox etməyə çalışır. Sözsüz, hakimiyətinə bağlı olanlar da ondan öyrənərək jurnalistlərlə saymazyana davranışlarda bulunurlar. Belə bir davranışı Əliyevlər dönəminin “əbədi” deputatlarından olan Elton Məmmədov sərgiləməkdədir: “Eynulla Fətullayev kimdir və onun nə haqqı var mənim oğlumun fotolarını yaysın?”.

Bunu indiki Azərbaycan gerçəklərinə uyğun olaraq belə demək olar: “Jurnalist kimdir?..” Doğrudan da, korrupsiyanın at oynatdığı, məmur qudurğanlığının başa çıxdığı ölkədə jurnalist kimdir belələrinin “şəxsi həyatına” gözünün ucuyla baxa! E.Fətullayev nəqliyat naziri Ziya Məmmədovun deputat qardaşının oğurluq milyonlar içindəki kefini göstərən şəkillər yayıb. Nə böyük cinayət - ancaq, DÖVLƏT CINAYƏTINI açmaq “cinayəti”! Dövlət cinayəti nədir? Dövlət cinayəti hər hansı dövlət qurumunda yer tutmaqla, qanunları pozmaq yoluyla varlanmaq deməkdir. Bizdəki bir çox belələri kimi Elton Məmmədov da bu gerçəyi anlamaq istəmədiyindən ortaya yersiz yerə “jurnalist kimdir?” sorusunu çıxarır.

E.Məmmədov milyonlarla oğurluq puldan yararlanmaqla “bir neçə xarici dil bilən” oğlunu az qala bütün Azərbaycan jurnalistikasına “ağıl”, “tərbiyə”, “vətənpərvərlik” örnəyi olaraq göstərməyə çalışır. “Mənim oğlum erməni döyüb”,- bunu da deputat E.Məmmədov deyir. Olsun, ancaq qabaqca 9 milyonluq xalqı yeyib-yenməyinizdən danışın. Azərbaycan Dəmiryolundakı milyonlar, milyardlarla çoxillik yeyinti-mənimsəmə faktının başında bir ailə durur - qabaqca bundan danışın. Nəqliyat-Dəmiryolu yeyinti-mənimsəmələrinin başında duran bəlli kimsələrin yiyələndiyi milyonlar, milyardlar üzündən bu gün Azərbaycan Dəmiryolunun 593 kilometri QƏZA durumundadır! Belə bir durum üzündən elə hey Azərbaycan Dəmiryollarında qatarlar... aşır! Dəmiryolu yeyinti-mənimsəmələrinin başında duran bir sıra bəlli kimsələrin cinayəti üzündən dünya qatarlarının bir saata keçib getdiyi Bakı-Gəncə yolunu Məmmədovların qatarları 6 saata başa vurur. Sonra da, “dövlətə, dövlətçiliyə xidmət etdiklərindən” danışırlar. Bunlar xalqdan milyonlar, milyardlar oğurlamağı dövlətə, dövlətçiliyə “xidmət” sayırlar.

Bir ildə 922 özünüöldürmə faktı! Məmmədovlar da, başqa bu kimiləri də bilməlidirlər: onların təkbaşına yiyələndikləri oğurluq milyonlar, milyardlar bir ildə 1000-dək adamın özünüöldürməsini doğurur - dolanışıq dözülməzliyi üzündən!

Xalıq Bahadır/azadlıq
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:19