Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Qəzzafinin statistikası

Guya Qəzzafi dünyanı təhdid edirmiş, onu bitirən səbəb də bu olub. Amma nə ilə? Hansı iqtisadiyyatla, siyasətlə, hərbi güclə? Təhdid mümkündür, ola bilər. Amma bu təhdid iqtisadi, siyasi və hərbi gücə arxalanmırsa, bu, axmaqlıqdır, özünü, öz ölkənə təhdiddən başqa bir şey deyil. Ömər Muxtarın fotosu sinəsində uzun illər Liviyanı əsarətdə saxlayan Italiyaya səfər etmək bəs etmirdi, Ömər Muxtarın azadlığı uğrunda döyüşdüyü Liviyanı qüdrətli dövlətə çevirmək gərəkirdi. Heç əlini Berluskoniyə öpdürmək, onun seçki xərclərini qarşılamaq da bir dövlətin güc göstəricisi sayıla bilməzdi. Güc, dövlətinə təhdidi vətəndaşlarınla birlikdə qarşılamaqdır, məğlub olsan belə. Ömər Muxtar kimi.

Müşahidə etmisinizsə, son zamanlar sosial şəbəkələrdə, əsasən də Facebook-da Liviyanın keçmiş lideri Qəzzafi haqqında ciddi təbliğat kampaniyasi başladılıb. Rəsmi mətbuatda adi hala çevrilən bu təbliğatın sosial şəbəkələrə daşınma səbəblərini anlamaq o qədər də çətin deyil. Bu təbliğatın əsas hədəfi Qəzzafinin “mərhəmətli başçı” obrazını formalaşdırmaq, liviyalıların ciddi səhvə yol verməsini cəmiyyətə aşılamaqdır. Hətta bəzi məqamlarda Islam dininin mövcudluğunu da onun şəxsiyyətinə bağlamaq cəhdləri var. Doğrusu, onun Islam dininə nə qədər bağlı biri olması haqda məlumatım olmasa da, özünü peyğəmbər elan etməsi hər kəsə məlum hadisədir. Hətta mümkündür ki, bu “peyğəmbər”in yeni dini də olub. Sadəcə, bizə məlum deyil. Amma əsas olan bu deyil, təbliğat yükünün əsasını Qəzzafinin dövlətçiliyə, xalqa münasibəti təşkil edir ki, o da aşağıdakı kimi təqdim olunur.

1.1 litr benzin - 0,14 $

2.Yeni ailə quranlara ev almaq üçün 64 000 $ pul verilirdi.

3.Təhsil və tibb tam pulsuz idi.

4.Hər ailə üzvünə görə dövlət 1 000 $ qrant ödəyirdi.

5.Işsizlər üçün hər ay 730 $ maddi yardım olurdu.

6.Tibb bacılarının aylıq məvacibləri 1 000 $ idi.

7.Dünyaya gələn hər bir körpə üçün 7 000 $ verilirdi.

8.Şəxsi biznesin qurulması üçün hər bir şəxsə 20 000 $

9.Böyük məbləğdə vergilər qadağan olunurdu.

10.Xaricdə təhsil və təcrübə keçmək dövlətin hesabına.

11.Çoxuşaqlı ailələr üçün geyimlər, ərzaq malları çox aşağı qiymətlətlə satılırdı.

12.Vaxtı keçmiş qida məhsullarına görə böyük məbləğdə cərimə və hətta həbs cəzası.

13.Dövlər hesabında olan apteklərdə dərmanlar pulsuz paylanırdı.

14.Vaxtı keçmiş, saxta və istifadəyə yararsız dərmanlar satana ölüm cəzası.

15.Ev pulu (yəni ev pulu adlı vergi) ləğv olunmuşdu.

16.Yerli əhali elektrik enerjisindən istifadəyə görə pul ödəmirdi.

17.Maşın və ev almaq üçün əldə olunan bütün kreditlər faizsiz idi.

18.Daşınmaz əmlak agentliyi deyilən heç bir qurum yox idi.

19.Maşın almaq istəyənlər üçün dövlət 50% endirim edir, polislər üçünsə bu endirim 65% təşkil edirdi.

Bəs hələ də dünyanın müxtəlif yerlərindən aşkarlanan imarətlərə, müxtəlif bank hesablarına yatırılan milyardlara necə sahiblənmişdi bu ailə, cənablar? Axı bu statistika onu deməyə əsas verir ki, Qəzzafi ailəsinin xalqa xidmətdən başqa işi olmayıb, bəs belə çirkli yollara baş vurmağa necə vaxt tapıblar? Əgər doğrudan da hər şey bu statistikadakı kimi gözəl olubsa, ölümü əngəlləməkdən başqa bütün imkanlara sahiblənən sadə liviyalını hansı səbəb və ya səbəblər Qəzzafi ailəsinə qarşı silaha sarılmağa vadar edə bilərdi? Dini və etnik zənginliyi olan ölkə deyil ki, səbəbi orada axtaraq. 6 milyon əhalisi olan, güclü iqtisadiyyatı, hərbi potensialı olmayan və ərazisinin 95 faizini səhralıq təşkil edən bu ölkənin Avropaya, ABŞ-a təhdidə çevrildiyini düşünürsünüzsə və səbəbi burada axtarırsınızsa, yanılırsınız. Amma israr edənlər üçün müəyyən müqayisələr aparmaq olar.

Məsələn, Azərbaycandakı rəsmi statistikanı, bu statistikayla müqayisə qüsurlu olsa da, ən azı üç məqamın üzərində dayanmaq olar: Işsizliyin cəmi 4% olması, bütün vətəndaşların dövlət hesabına səhiyyə xidmətlərindən istifadə və sahibkarlığa dövlət dəstəyi. Bəli, rəsmi statistikaya görə, Azərbaycan vətəndaşları bu sahələrdə heç bir problem yaşamır. Amma əmək qabiliyyətli vətəndaşın əksəriyyəti iş dalınca ölkəni tərk edirsə, işlətdiyi obyektin hər kv.m-ə görə sahibkardan haqq tələb olunursa, vətəndaş dərman və müalicə üçün başqa ölkələrə üz tutursa necə, Qəzzafi nağıllarına inamınız tam olaraq qalır?

Xalid Qarayev/azadlıq/


1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi