Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

“Sovetski” sakinləri deputatın sözünə qəzəbləndi

“Sovetski” sakinləri deputat Ülvi Quliyevin “sakinlərlə mütəmadi olaraq görüşürəm” ifadələrindən hiddətləniblər.

Ü.Quliyevin açıqlaması virtualaz.org saytında yer alandan sonra sakinlər redaksiyamıza zəng edərək deputatın səsləndirdiyi fikirlərlə qətiyyən razılaşmadıqlarını dedilər.

Məhəllə sakinləri adından danışdığını deyən Fuad Dərgahov virtualaz.org saytına bildirdi ki, sakinlər bu yazını oxuduqdan sonra hiddətləniblər: “Biz o deputatı bura dəvət edirik. Gəlsin görüşək. Mətbuata deyir ki, sakinlərlə görüşürəm. Biz heç vaxt onu burada görməmişik. Mən özüm “Sovetski”nin ən qədim və fəal sakinlərindən biriyəm. Əgər yalan deyirəmsə, bu ifadələrimə görə cinayət məsuliyyətinə də cəlb olunmağa razıyam. İnsanları aldatmaq olmaz. Ülvi Quliyev yalan danışır”.

“Sovetski” sakinləri Ülvi Quliyevi məhəlləyə dəvət etdilər: “Gəlsin sakinlərlə görüşsün. Qorxmasın heç nədən. Onu güllələməyəcəklər ki...”

Qeyd edək ki, redaksiyamızla əlaqə saxlayan şəxslər Süleyman Rəhimov küçəsində yaşayan “Sovetski” sakinləri idilər. 

*   *   * 13:42

Bakının məşhur “Sovetski” məhəlləsinin sakinləri evlərinin söküləcəyi təqdirdə onlara veriləcək kompensasiyanın məbləğinə etiraz olaraq dünən izdihamlı aksiya keçirdilər.

Aksiyada 2000-dən artıq narazı sakin iştirak etdi. Sakinlərin etriazından və tələbindən sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov aksiyada çıxış edərək sakinlərə problemlərinin həll ediləcəyi vədini verdi.

Sakinlərin başqa bir tələbi isə deputatlarının aksiyada iştirakı idi. Narazı sakinlər sual edirdilər: “Biz deputat seçmişik, bəs o hanı?”.

Aksiya zamanı sakinlər arasında kiçik bir sorğu da apardıq. Məlum oldu ki, sakinlərin əksəriyyəti öz deputatını tanımır. 

Narazı sakinlər deyirlər ki, deputatlar və ya deputat olmaq istəyənlər parlament seçkilərində gəlirlər, yağlı-yağlı vədlər verirlər, amma problem olanda gözə görünmürlər. Hətta “o depuatatları biz seçməmişik ki...” deyənlər də var idi.

“Sovetski” sakinlərinin səsləndirdiyi iddialarla bağlı həmin ərazidən olan deputat Ülvi Quliyevin fikirlərini öyrəndik. O isə virtualaz.org saytına açıqlamasında sakinlərin dedikləri ilə razı olmadığını bildirdi.

Deputat “Sovetski” sakinlərinin problemləri ilə maraqlandığını, hər gün edilən zənglər əsasında şikayətləri nəzərə aldığını söylədi: “Sakinlərlə qrup-qrup görüşlərimiz olur. Dünənki aksiyada iştirak edən şəxslər bütün “Sovetski” sakinlərini əhatə etmirdi. Bu məsələ gündəmə gələndən bəri sakinlərlə görüşürük, onların fikirlərini öyrənirik. Deputatın səlahiyyəti sakinlərin problemləri ilə maraqlanmaq, onların şikayətlərini öyrənmək və lazım olan dövlət strukturları qarşısında bu məsələləri qaldırmaqdır. Biz də bu istiqamətdə işlər görürük. İcra hakimiyyəti ilə də görüşlərimiz olur. Mən bir deputat kimi yox, ictimaiyyətə açıq bir şəxs kimi vətəndaşların problemləri ilə maraqlanmışam”.

Ü.Quliyev narazı sakinlərlə sonuncu dəfə bir-iki gün əvvəl görüşdüyünü bildirdi: “Bir-iki gün əvvəl 70-80 nəfər narazı sakin arasından seçilən nümayəndələrlə həmin ərazidə görüşmüşəm. Onlar 4-5 nəfər nümayəndə seçdi və problemlərini dilə gətirdilər”.

Depuatat narazı sakinlərin yenidən aksiya keçirmək istəməsinə də münasibət bildirdi: “Bu məsələlər bu şəkildə həll edilmir. Problemlərin həlli yolu narazılıqların icra strukturlarına çatdırılmasıdır. Bu narazılıqları yaradılan komissiyalara çatdırmaq lazımdır. Həmin komissiyalar da yuxarı orqanlar qarşısında bu problemləri qaldırsınlar. Bildirsinlər ki, kimlərin narazılığı nədən ibarətdir və ümumilikdə bir qərar qəbul olunsun. Biz qərar qəbul edən dövlət orqanı deyilik. Biz sadəcə olaraq narazı sakinlərin problemlərini qaldıra bilərik. Yenə də qeyd edirəm ki, aksiya, mitinq məsələnin həlli yolu deyil”.

Ü.Quliyev dünənki aksiyadan sonra narazı sakinlər arasında seçilən qrupla görüşəcəyini qeyd etdi: “Dünən icra nümayəndəliyi ilə danışdım. Narazı sakinlərin bir qrupu ilə görüş keçiriləcək. Görüşdə mən də böyük məmnuniyyətlə iştirak edəcəm”.

Qeyd edək ki, Ü.Quliyev 2010-ci ildə 17 saylı Yasamal III seçki dairəsindən parlamentə seçilib. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvüdür.

Deputat karate üzrə Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Dövlət Gömrük Komitəsinin şöbə rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini olub./azadlıq/

1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber