Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

“AİP sədri həbs edilərkən səhhətində heç bir problem olmayıb”

Saxta ittihamlar əsasında həbs edilmiş Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarından məhkumluq həyatı yaşayır. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır ittihamlarla “təqsirli” bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədov fevralın 11-də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürülüb. AİP sədri ümumi halsızlıq və böyrəyində yaranan ağrılardan əziyyət çəkdiyini bildirib. Nəzərə almaq lazımdır ki, Mövsüm Səmədov həbs olunarkən sağlamlığı ilə bağlı heç bir problemi yox idi. Həbsxanada olduğu 3 il ərzində isə onun səhhətində ciddi dəyişikliklər baş verib. Hazırki vəziyyətlə bağlı AİP sədrinin vəkili Anar Qasımlı İslaminsesi.az-ın suallarına aydınlıq gətirib.

-Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Mövsüm səmədovun səhhətində yaranmış problemlər onun azadlığa buraxılması üçün əsaslı dəlil sayıla bilərmi?
-Bir şəxsin həbsdən azad olunması üçün əsas verən xəstəliklərin siyahısı müəyyən olunub. Şükürlər olsun ki, bu siyahıda olan xəstəliklərdən heç biri Mövsüm Səmədovda yoxdur. Həm də səhhətində ciddi və təhlükəli problem aşkar olunmayıb. Amma onu tam sağlam hesab etmək də düzgün deyil. Belə ki, həbs olunan zaman səhhəti ilə bağlı heç bir şikayəti yox idi. Sağlamlığı ilə bağlı problemdən xəbər tutan kimi, aiddiyyatı qurumlara müraciət etdim. Hazırda Mövsüm Səmədov müalicə müəssisəsindədir. Ona xəstəliyi ilə bağlı ümumi tibbi müdaxilələr olunur və müalicəvi yardımlar göstərilir. Ancaq onun həbsdən azad olunmasına əsas verəcək hər hansı bir xəstəlikdən söhbət gedə bilməz.

-Nəzərə almaq lazımdır ki, hazırda istər sadə vətəndaşların, istərsə də yüksək çinli məmurların müalicə üçün xarici ölkələrə üz tutması kütləvi hal alıb. Bəs günahsız olaraq həbsə məhkum edilmiş xəstələr üçün də bu, məqbul sayılırmı?
-Məhkum olunmuş şəxsin təbii ki, ölkədən xaricə aparılması mümkün deyil. Yalnız ciddi bir tələbat olduqda və bu xəstəliyin sadəcə xaricdə müalicə olunması müəyyən edildikdə, ölkədən çıxarmaqla müalicəsi təşkil oluna bilər. Amma bu xəstəliyin Azərbaycanda müalicəsi mümkündürsə, o halda məhkumun istəyi nəzərə alınmaya bilər. Müsahibəni oxuyan insanlarda yanlış təəssürat yaranmasın deyə bir daha vurğulayıram ki, Mövsüm Səmədovun səhhətində, nə onun xaricdə müalicəsini zəruri edən, nə də həbsdən azad olunmasına əsas verən ciddi xəstəlik yoxdur.
1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02