Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

«Ölkə orta əsrlər qanunları ilə idarə olunur»

“Bakıda baş verənlər yerli əhalinin deportasiyasıdır”

Leyla Yunus: «Azərbaycanda bütün dövlət strukturu, idarəetmə korrupsiya üzərində qurulub»

“Sovetski”də yerləşən evlərin sökülməsi ötən gün sakinlərin etiraz aksiyası keçirməsinə səbəb olub. 173 saylı məktəbin həyətində etiraz aksiyası keçirən sakinlər onlara təklif edilən kompensasiyanın azlığından şikayətləniblər. Vətəndaşlar bir kvadrat metrə görə verilən 1500 manatın bazar qiymətlərindən aşağı olduğunu vurğulayıblar. Müsahibimiz hüquq müdafiəçisi Leyla Yunusa elə ilk sualımız paytaxtda növbəti etiraz ocağında baş verənlərlə bağlı oldu.

- Bakı sakinlərinin yaşadığı evlərdən məcburi çıxarılmasıyla bağlı təşkilatımız geniş araşdırma aparıb. Araşdırmamız nəticəsində məlum oldu ki, artıq mülkiyyət hüququnun qorunması ilə bağlı məhkəmə instansiyalarına müraciət etmək mənasız addımdır. Hüquqi dünyada mülkiyyət hüququ toxunulmazdır. Hətta sovet imperiyasında belə ikinci dünya müharibəsindən sonra şəxsi mülkiyyətin hazırda Azərbaycanda olduğu kimi qanunsuz yollarla alınmasına rast gəlmək olmazdı. Indi Bakıda baş verənlər yerli əhalinin deportasiyasıdır. Bu insanların tarixi məkanlarından uzaqlaşdırılmasıdır. Çünki “Sovetski”də ailələr on illərlə deyil, yüz illərdir ki, eyni məkanda yaşayırlar. Hazırda baş verənlər nəinki hüquqi normaların, eyni zamanda paytaxtın tarixi ruhuna bir saymazyana münasibətdir. Sülh və Demokratiya Instituna hər gün onlarla adam müraciət edir. Bir hüquq müdafiəçisi kimi mən öz evimin uçurulmasının qarşısını ala bilmədim. Bu istiqamətdə qəbul olunan rəsmi sənədlər, qanunla ziddiyyət təşkil edən məqamlar nəzərə alınmadı. Mülkiyyət hüququ pozulan vətəndaşların bir çoxu vəkil kimi Fuad Ağayevə müraciət edib. Elə vətəndaşlar var ki, onlar bütün məhkəmə instansiyalarında qələbə qazanıblar. Onların sırasına bizim ailə də daxildir. Və məhkəmənin bizə ödənilməli təzminatla bağlı qərarı hələ də icra olunmamış qalır. Yeri gəlmişkən məhkəmə də kompensasiya kimi ödənilən 1500 manat məbləği əsas götürərək cərimə kəsib. Ali Məhkəmənin 25 sentyabr 2013-cü ildə olmasına baxmayaraq Bakı meriyası bizə cəriməni ödəmək niyyətində deyil. Məhkəmə icraçıları cərimənin ödənilməli olduğunu bildirsələr də, icra hakimiyyətindən bir addım yoxdur.

“Mənzillərin dəyəri 25 faiz artıb, kompensasiya isə əvvəlkidir”

- Bakıda “söküntü bumunun” başlamasından artıq bir neçə il ötüb. Amma yenə də vətəndaşlara ödənilməli olan kompensasiya məbləği 1500 manat kimi müəyyənləşdirilib. Halbuki hökumətin özünün etirafına görə, ötən müddət ərzində mənzillərin dəyəri 25 faiz artıb...

- Müəyyənləşdirilən məbləğ əvvəl də ədalətli deyildi, indi də ədalətli deyil. Bu məbləğin müəyyənləşdirilməsi qanunsuzdur. Belə bir məbləğin müəyyənləşdirilməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmalı idi. Biz Sülh və Demokratiya Institutu kimi mülkiyyət hüququ pozulan vətəndaşların bir neçə məhkəmə prosesində olduq. Həmin məhkəmələrdə vəkil Fuad Ağayev meriyanın təmsilçisindən 1500 manat təzminatın nəyə uyğun olaraq müəyyənləşdirildiyini soruşur? Icra hakimiyyətinin təmsilçisinin cavabı isə belə olur ki, bu məbləği dövlət başçısı Ilham Əliyev çıxışı zamanı deyib. Deməli rəsmi strukturlar Ilham Əliyevin şifahi çıxışına istinad edirlər. Bu fəaliyyət orta əsrlərdəki şahların əmrini xatırladır. Heç yerdə təzminatın hüquqi əsaslandırması yoxdur. Bundan başqa məhkəmələrə vətəndaşların əmlaklarının dəyərini ölçmüş şirkətlərin arayışları təqdim olunur. Amma məhkəmələr bu sənədləri qəbul etmir. Ən dəhşətlisi odur ki, məhkəmələri udan vətəndaşlara cərimələr ödənilmir. Icra hakimiyyəti cərimələri ödəməkdən yayınır. Maraqlıdır ki, əgər ictimai fəallar Xədicə Ismayıl və başqa fəallar onlara kəsilmiş cərimələri ödəməkdən imtina edirlərsə, onlara qarşı tədbirlər görülür. Biz mülkiyyət hüquqlarını müdafiə etəməyə nail olan vətəndaşların məhkəmə qərarlarının icra olunmadığı cəmiyyətdə yaşayırıq. 

Mülkiyyət hüququ beynəlxalq gündəmdə 

- Azərbaycanda mülkiyyət hüququnun yenidən pozulması beynəlxalq aləmin ölkəmizə diqqətinin artmasına səbəb olacaqmı? Baş verənlər dünya tərəfindən necə qarşılanacaq?

- Mən iki həftə əvvəl “Sovetski”də evlərin söküləcəyi məsələsini beynəlxalq aləmin gündəminə gətirmişəm. Artıq bu günlərdə səfirliklərdən, beynəlxalq təşkilatlardan cavab almışam ki, onlar bu məsələni diqqətdə saxlayacaqlar. Və baş verənlər haqqında əlavə məlumatların verilməsi istənilir. Mən artıq baş verənlərlə bağlı iki məktub hazırlamışam. Birinci məktubda Bakı meri Hacıbala Abutalıbovun məhkəmələrin mülkiyyət hüququ pozulanlarla bağlı çıxardığı qərarları yerinə yetirmədiyi vurğulanır. Bu məktubda vurğulayacağam ki, bir hüquq müdafiəçisi kimi artıq vətəndaşalar söyləyə bilməyəcəyik ki, məhkəmələrə müraciət edin. Çünki məhkəmələr pozulan hüquqların bərpası istiqamətində qərarlar qəbul etsələr də, onlar icra olunmur. Ikinci məktub isə daxili işlər naziri Ramil Usubova ünvanlanıb. Həmin məzmun bundan ibarətdir ki, Ramil Usubovdan istənilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mülkiyyət hüququ pozulan vətəndaşlara qarşı zorakılıq tətbiq etməsinlər, onların evlərinə soxularaq güclə çölə çıxarmasınlar. Bu polis haqqında qanuna da ziddir. Amma haqqı pozulanların birgə davranması, əlavə şirnikləndirici təkliflərə getməməsi gərəkdir. Bütün bu məqamlar nəzərə alınmalıdır. Mülkiyyət hüququnun qorunması sona qədər, ardıcıl aparılmalıdır.

- Azərbaycanda əhalinin böyük əksəriyyətinin məhkəmə sistemindən narazı olduğu bir zamanda dövlət başçısı “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında" sərəncam imzalayıb. Ali Məhkəmənin sədri Ramiz Rzayev bu yeniliyiÿ məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi kimi qiymətləndirib?

- Azərbaycanda ümumiyyətlə müstəqil məhkəmə yoxdur. Hətta hakimlər haqqında qanun ona imkan verir ki, hakimlər fəaliyyətlərində müstəqil olmasınlar. Nə qədər qəribə olsa da, buna qanunvericilik imkan verir. Müstəqil insanlar nə hakim korpusuna, nə də Vəkillər Kollegiyasına yaxın buraxılmır. Qanunvericiliyə görə məhkəmə sistemi tam şəkildə icra hakimiyyətindən asılıdır. Konkret misallar əsasında görmək olur ki, həm mülkiyyət hüququnun qorunması, həm də siyasi məhbuslarla bağlı proseslərdə məhkəmələr müstəqil fəaliyyət göstərə bilmir. Belə bir şəraitdə elektron məhkəmələrin yaradılması məhkəmələrin durumu ilə bağlı acınacaqlı situasiyanı aradan qaldırmayacaq. Texniki inkişaf vacib məqam olsa da, ən vacib məsələ hakimləri daha müstəqil olmasına nail olmaqdır. Şəkidə məhkəmə prosesi, Əli Insanovun, “Nida”çıların məhkəməsi Azərbaycanda ümumiyyətlə müstəqil məhkəmənin olmasını inkar edir. 

“Cəmiyyətdəki narazılıq intiharlara çevrilib”

- Azərbaycanda daha bir Qarabağ əlili - Sumqayıt sakini, 1-ci qrup Qarabağ əlili Məcidov Malik intihara cəhd etdi. O, özünə Sumqayıt şəhər Icra Hakimiyyətinin qarşısında qəsd edib. Hazırda rəsmi orqanlar onun ruhi xəstə elan olunmasına çalışır. Ümumiyyətlə son zamanlar gündəmin əsas mövzusu olan intiharları doğuran səbəblər nədir? Nəyə görə vətəndaşlar bu yolu tuturlar?

- Indi baxaq görək “Sovetski”də evlərin söküntüsünə başlanandan sonra burada hansı olaylar yaşanacaq. Insanlar hüquqlarını qorumaq üçün vasitələr axtarırlar. Hazırda vətəndaşlar görürlər ki, hökumət ədalətsiz siyasət aparır. Hardakı haqqların müdafiəsi mümkün deyil, orada insanlar canlarına qəsd edirlər. Narazı enerji intiharlara çevrilir. 

- Dövlət başçısı Ilham Əliyev son müşavirədə çıxışı zamanı maraqlı fikirlər söyləyib. O bildirib ki, məmurlar xalqın xidmətçisidir. I.Əliyev çıxışında onu da əlavə edib ki, özü də xalqın xidmətçisidir. Bu xidmətçilik görünürmü?

- Bu çox gülməlidir. Insanlar evsiz qalır, hüquqi özbaşnalığın, polis zorakılığının qurbanı olur. Azərbaycanda vətəndaşların heç bir hüququ yoxdur. Ölkə orta əsrlər qanunları ilə idarə olunur. Hər bir Azərbaycan vətəndaşı gözəl bilir ki, ölkə məmurlar arasında bölünüb və ölkənin hər bir regionundakı sabitliyə görə kim cavabdehdir. Ismayıllıda sabitlik pozulan zaman ora nədənsə sabitliyi bərpa etməyə nəqliyyat naziri səfər edir. Halbuki bu onun səlahiyyətləri çərçivəsində deyildi. Bütün bunlar göstərir ki, deyilənlər sadəcə olaraq reallığa uyğun deyil. 

“Prokurorluğun işini biz görmüşük, amma araşdırmaya heç kim diqqət etmir”

- Həmin müşavirədə dövlət başçısının səsləndirdiyi bir maraqlı fikir də bundan ibarət oldu ki, dövlət başçısı korrupsiyaya qarşı mübarizənin aparıldığını bildirdi. I.Əliyev vurğuladı ki, bu mübarizədə heç kimə güzəşt edilməyəcək. Amma nədənsə korrupsiyaya qarşı mübarizə yalnız xırda və orta məmurlardan o yana getmir?

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılacağına mən bəlkə də inanardım. Amma elə bizim təşkilatın apardığı araşdırma nəticəsində Bakı meri Hacıbala Abutalıbov və Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənovla bağlı korrupsiya faktları olmasaydı. Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə və digər rəsmi strukturlara 150 milyonluq korrupsiya faktı ilə bağlı məktub ünvanlanmasına baxmayaraq heç bir cavab alınmadı. Bu şəxslərin iştirakı ilə vətəndaşlardan alınan mülkiyyətlərlə bağlı xeyli faktlar var. Prokurorluq orqanlarının aparmalı olduğu araşdırmaları bizim aparmağımıza və bu faktları müvafiq strukturlara təqdim etməyimizə baxmayaraq, bu istiqamətdə heç bir tədbir görülmədi. Bizim əlimizdə qeyri-qanuni pul köçürmələri, pul yuyulmaları haqqında faktlar var.  

- Dövlət strukturlarının görməli olduğu bir çox işləri hazırda “ASAN xidmət” görür. Əslində bu xidmətin təşkili dövlət strukturlarındakı korrupsiya ilə bacarmamağın bir etirafı deyilmi?

- Bəli, həqiqətən də belədir ki, korrupsiya ilə mübarizə əzmi var idisə, “Asan xidmət”dəki təcrübə dövlət müəssisələrinə tətbiq olunaydı. Ərəb baharı zamanı bir müddət korrupsiya və rüşvət yığışdı, hətta gömrükdə belə rüşvət almırdılar. Amma bu uzun müddət davam etmədi. Məsələ burasındadır ki, Azərbaycanda bütün dövlət strukturu, idarəetmə korrupsiya üzərində qurulub. Korrupsiya hakimiyyətdə hər şeyin əsasını təşkil edir. /azadlıq/

1469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16:44