Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Daha bir məmur oğlu “İnstagram”da “ilişdi” Foto

Nazim İbrahimovun oğlu sərvətini nümayiş etdirdi, pis vəziyyətə düşdü

Komitə sədri yazılanları təkzib etdi; Elnur Ibrahimov Instagram-dakı səhifəsini bağladı

Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun oğlu Elnur Ibrahimovun sərvəti barədə virtualaz.org saytında yazı yer alıb. Yazıda Elnur Ibrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu vurğulanır: “Amma Elnur nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynardan fərqli olaraq öz Instagram səhifəsində bahalı maşınları və ya qol saatları ilə lovğalanmır. Bu xırda-xuruş oyuncaqlar onun nəyinə lazımdır?! Axı onun əlində daha ciddi arqumentlər, daha bahalı oyuncaqlar var!!!

Elnur səyahət eləməyi çox xoşlayır. Amma adi “Aerobus-320" tipli təyyarədə tərləyə-tərləyə uçmaq və səninlə qonşu kresloda oturmuş hansısa kök bir xalanın tər iyini udaraq əzab çəkmək Elnurluq deyil. Biznes-klassda uçmaq da artıq dəbdən düşmüş səyahət sayılır. Elnur xüsusi komfortu və əlahiddə xidməti, yəni açıq desək, şəxsi təyyarədə uçmağı sevir.

Azərbaycanlı məmurun oğlunun həyat tərzi yalnız Bakı gənclərinin çox sevdiyi ingilisdilli V.I.P. abbreviaturasına daxil olan xidmət və rahatlıq üzərində qurulub.
Mövsümün ən qızğın vaxtında Maldiv adalarında istirahət etmək? Niyə də olmasın?!

Istirahət günlərində, boş vaxtlarında dostları da götürüb Istanbula gəzməyə getmək? Heç bir problem yoxdur! Bu, sevimli oğlundan heç nəyi əsirgəməyən məmur atanın əlində nə çətin işdir ki?! 
Budur, o, katerdə şütüyür, qiyməti isə təyyarəyə baxanda qəpik-quruşdur. Bakıda bu cür nəqliyyatın kirayəsinin bir saatı 500 manata başa gəlir. Sıradan vergiödəyicisi bu əyləncə vasitəsini heç kirayə də götürə bilməz, o ki qaldı onu almaq...
Boş-bekarçılıqdan bezəndə Elnur paytaxtın ən elitar restoranlarında bahalı alkoqollu içkilər içməklə, habelə DC-liklə də məşğul olur. Yəni özünün vaxtaşırı olaraq təşkil etdiyi qapalı məclislərində “val fırladır”. Hərdən də belə məclisləri vətənində deyil, Parisdə təşkil edir ki, bütün dostları, hətta çoxdandır Bakıda yaşamayanlar da gələ bilsinlər".

Nazim Ibrahimov isə APA-ya açıqlamasında yazılanları “cəfəngiyyat” adlandırıb: “Mənim belə bir əmlakdan xəbərim yoxdur. Əgər o yazını yazan jurnalist həmin əmlakın ünvanını mənə göstərsə, hamısını ona bağışlayacağam”.
Komitə sədri bildirib ki, yazılanlar cəfəngiyyatdır və yoxlanılmamış məlumatlardır: “Özünü ciddi hesab edən media belə yoxlanılmamış məlumatı verməməlidir”.
Nazim Ibrahimov bu tipli yazıları Azərbaycan iqtidarında olanlara qarşı “şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addım” adlandırıb: “Bir sıra müxalifət mətbuatında dövlət və hökumət adamlarına qarşı bu cür addımlar atılır. Bunların da demək olar ki, tam hissəsi şayiələrdir, həqiqətə uyğun deyil. Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başqa cür təqdim etmək məqsədi daşıyır”.

Nazim Ibrahimovun qardaşı, “Avesta” Konserninin vitse-prezidenti Sahib Ibrahimov isə yazılanlarla bağlı “Publika.az”a deyib ki, hər kəs öz yazısı ilə öz tərbiyəsini nümayiş etdirir: “Eynullanın işi şantac etməkdir. Eynulla bizimlə bağlı doğru-düzgün nə isə yazmaz. Onun işi adamları şantaj etməkdir. Bizi tanıyanlar bilir ki, hamımız iş adamıyıq. Bizim inşaat və digər sahələrdə biznesimiz var. Əgər Eynulla nə isə yazmaq istəyirsə, gəlib məndən yazsın, gəlib işimizlə yaxından tanış olsun və gördüyünü doğru yazsın. Yəqin ki, indi Eynulla ya sifariş alıb, ya da düşünür ki, biz ona pul təklif edəcəyik ki, daha bizdən yazmasın. Nə yazır qoyun yazsın, bizi hər kəs tanıyır. Hamı bizi də, Eynullanı da yaxşı tanıyır. Bizim gördüyümüz işlər göz qabağındadır. Bizneslə məşğul olanın pulu da olmalıdır və bir az da fərqli yaşamalıdır”. 
Sahib Ibrahimov qardaşı Nazim Ibrahimovun heç bir təyyarəsinin olmadığını söyləyib: “Bizim ailədə nə Nazim müəllimin, nə mənim, nə də başqa qardaşlarımızın təyyarəsi yoxdur. Inşallah, Hacı Ibrahim özünə təyyarə alanda Eynulla onu yazar. Digər tərəfdən isə Hacı Ibrahimin təyyarəsinin olub-olmamasının Nazim müəllimə nə aidiyyatı var? Qardaşım oğlu Elnur da qanacaqlı, tərbiyəli uşaqdır. Maşına qalsa, indi hamının normal maşını var.
Maşın almaq üçün çox böyük pul lazım deyil. Mən bir daha deyirəm, Eynullanın yazdıqları şantaj xarakterlidir. Bu cür yazılar əvvəllər də olub. Onlar yazını yazandan sonra gətirib bizə göstəriblər ki, baxın buna, əgər pul verməsəniz sizdən yazacağıq, pul verin yazmayaq. Indi yəqin Eynulla da o cür düşünüb bizdən pul almaq istəyir. Ümumiyyətlə, Eynullanın bu yazıları məqsədli şəkildədir. Mən də jurnalistəm, vaxtilə ATV-də çalışmışam. Ona görə də bunun nə demək olduğunu yaxşı bilirəm. Əgər Eynulla belə yaxşı jurnalistdirsə və Nazim müəllimdən yazırsa, o zaman gəlib bizim biznesmen qardaşlarımızdan da yazsın. Elə gəlib məndən yazsın, mənim oğlumdan yazsın, Hacı Ibrahimdən yazsın. Ancaq Eynulla başqa variantı seçib".
Bugun.az-ın məlumatına görə isə virtualaz.org-da yer alan məlum yazıdan sonra Nazim Ibrahimovun oğlu Elnur Ibrahimov Instagram sosial şəbəkəsindəki akkauntunu bağlayıb.

1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber