Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Gömrükdə 12 milyard gizlədilib

İqtisadçı ekspert dəhşətli faktlar açıqladı

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırıb.
Qubad Ibadoğlu bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib.
Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur.
Qubad Ibadoğlunun hesablamasına görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib.

Ekspertin sözlərinə görə, son on ildə gizli idxal dövriyyəsi artan istiqamətdə davam edib: “2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62.7 faiz olub. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsi ilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur”.
Idxalda kənarlaşmanın maksimum 10 faiz ola biləcəyini deyən iqtisadçı ekspertin sözlərinə görə, araşdırmaya cəlb olunmuş ölkələr üzrə bu göstərici bir neçə dəfə çoxdur.
Araşdırmada qeyd olunur ki, 2012-ci ildə idxalda kənarlaşmalar üzrə vəziyyət belədir: Almaniya - 33.1, Belarus - 104.6, Çin - 69.3, Macarıstan - 105.9, Rusiya - 106.4, Türkiyə - 94.8, Gürcüstan - 382.4, Ukrayna - 42.2, Böyük Britaniya - 62.5, Qazaxıstan - 2.5, Italiya - 96.2, Cənubi Koreya - 16.2, Israil - 126.3 faiz.
Qeyd edək ki, bir müddət əvvəl Iranın Azərbaycandakı səfiri Möhsin Pakayin ölkəsinin KIV-lərində dərc etdiyi məqaləsində Azərbaycan-Iran münasibətlərinə toxunmuşdu.
Səfir 2013-cü ildə Iran və Azərbaycan arasında ticarət mübadiləsinin 23 faiz artdığını qeyd etmişdi: “Çamadan ticarəti, turizm, tranzit, enerji mübadiləsi və texniki xidmətlərdən əldə olunan gəlirlərin hesablanması ilə iki ölkə arasında ticarət mübadiləsi 1 milyard dollara çatıb”.
“Azadlıq”ın araşdırması zamanı məlum olmuşdu ki, bu rəqəm Azərbaycan tərəfinin açıqladığı rəsmi rəqəmlərlə üst-üstə düşmür.
Gömrük Komitəsinin ötən ilin 7 ayı ilə bağlı açıqladığı məlumatda Iranla xarici ticarət dövriyyəsi 167,7 milyon dollar təşkil etdiyi göstərilirdi.
Qurumun rəsmi saytından isə dekabr ayı istisna olmaqla başqa aylarla bağlı məlumatı əldə etmək mümkündür. Qalan 5 ay ərzində 832,3 mln dollarlıq ticarət dövriyyəsinin olması isə mümkünsüz görünür. Üstəlik, Iran tərəfi 2012-ci illə müqayisədə ölkə arasında ticarət dövriyyəsinin azaldığını deyir.
Dövlət Statistika Komitəsinin 2012-ci il üçün məlmatlarına görə, Iranla xarici ticarət dövriyyəsi 263 mln 787 mln dollar təşkil edib. Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən məlumata əsasən, ötən ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 257 mln 943 min dollar təşkil edib. Bu da Iran tərəfinin açıqladığı rəqəmdən təxminən 742 mln dollar azdır.
Bir müddət əvvəl isə iqtisadçı Rövşən Ağayev Azərbaycan hökumətinin 2012-ci ildə təkcə Gürcüstandan idxal olunan məhsulun dəyərini təxminən 5 dəfə az rəsmiləşdirdiyini açıqlamışdı.
1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber