Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

“Sovetski” sakinləri “Atletko” Madriddə

Könül istərdi ki, “Sovetski” sakinləri də evindən zorla çıxarılan, min yolla ələ alınan sələflərinin yolunu gedəydi. Könül istərdi ki, “Sovetski” sakinləri də başqaları kimi 5-10 nəfərlə etiraza qalxaydı. Siz də dubinkanı işə salıb xalq üzərində növbəti parlaq “qələbə”nin həzzini yaşayardınız. Amma nə etmək olar, həmişə könül istəyən olmur ki. Indi söz vətəndaşındır. Onun könlü necə istəyirsə, elə də olmalıdır. Amma bu təkcə könül məsələsi də deyil. Vətəndaşı olduğu ölkənin qanunlarının, ölkəsinin üzv olduğu, öhdəlik götürdüyü beynəlxalq təşkilatların, konvensiyaların tələbidir.

Təbii ki, heç kim sizdən idarə etdiyiniz ölkənin qanunlarına, öhdəlik götürdüyünüz konvensiyaların tələblərinə uyğun hərəkət edəcəyinizi gözləmir. 20 il qaydalarla idarə olunan bir toplum bu qədər sadəlövh ola bilməz. Azərbacan insanı bu gözləntilərini çoxdan dəfn edib. Vətəndaşların belə kütləviliklə hüquqları uğrunda mübarizəyə qalxması gözləntisini sizin dəfn etdiyiniz kimi. Indi xalqdan belə gözlənilməz, planlarınızı pozacaq zərbə almağın nə demək olduğunu anlamaq çətin deyil. “Ideal Təbəə”, “hüquqsuz toplum” kimi davrandığınız insanlar, indi sizdən haqq tələb edir, sizin istəklərinizin əleyhinə gedir, öz istəklərini şərt kimi qoyur. Qaydalarla idarə olunan xalq, indi öz qaydalarını müəyyənləşdirir, ona uyğun hərəkət edir. Etirafı çətin olsa da, amma mütləq olacaq. Indi tək təsəlliniz, “Istefa”, “Azadlıq” şüarlarının səslənməməsidir. Heç şübhəsiz, bütün imkanlarınızı da bunun baş verməməsi üçün səfərbər etmisiniz. Ədalət naminə, hələlik bu şüarları görmədik. Əksinə, əliniz çatan, sözünüz keçən bir neçə nəfərə Heydər Əliyevin plakatlarını qaldırtmışdınız. Amma bu sevinciniz də uzun sürmədi. Sonradan kütlənin təsiri altına düşən bu adamlar plakatları bir kənara qoyub, xalqla bütünləşdi.

Qayıdaq təsəlliniz olan siyasiləşməməyə. Demək, küçələrə axışan minlərlə insanın tələbləri arasında “Azadlıq”, “Istefa” şüarları yoxdursa, vətəndaşlara qarşı saymamazlığı, qanunsuzluğu dilə gətirən siyasi lideri, təşkilatı, hüquq müdafiəçisini “tələblər siyasi deyil” deməklə, susdurmaq haqqını özünüzdə saxlamısınız hələlik. Doğrudur, bu insanların indiki vəziyyətdə tək tələbi, mənzillərinin bazar qiymətlərinə uyğun qiymətləndirilməsindən ibarətdir. Amma bu tələbə ənənəvi qaydada yanaşan hakimiyyət ilk dəfə olaraq adət etmədiyi cavablar alır. Birincisi, onlar ciddi kütləviliklə qarşılaşır. Ikincisi, vətəndaş haqlı olaraq dövlət adında müxtəlif səmərəsiz yerlərə xərclənən milyonlarla, onun halal mülkünə təklif olunan məbləği müqayisə edir. Məsələn, aksiyanın gedişində vətəndaş qalxıb “Atletko” Madridin köynəklərinə xərclənən 20 milyon pulu dilə gətirirsə, Gül bayramına xərclənən 70 milyonun hesabını sorursa, ədaləti vətəndaşı olduğu dövlətdən yox, Əbülfəzl Abbasdan gözləyirsə necə? Bəlkə elə əsil siyasət, siyasiləşmək budur? Siyasətin rəngi, orqanları, qoxusu olmur ki. Vətəndaş, sadəcə əlindəkinin yox, dövlətinə məxsus xəzinənin necə, haralarda talandığını bilirsə, talanın miqdarını, dəyərini hesablayırsa, demək, o vətəndaş siyasiləşib. Ümumiyyətlə, biryolluq yadda saxlamaq lazımdır: Artıq bu ölkədə 9 TV-dən mərkəzi hakimiyyətdən, parlamentdən başqa hər yer, hər kəs siyasiləşib. Hətta üç milyarda inşa etdiyiniz “Alov qüllələri” də siyasidir.

Xalid Qarayev/azadlıq
1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43