Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

İntihar təlimatı

Hörmətli vətəndaşlar, dəyərli oxucular.

Ölkəmizin müqəddaratı üçün vacib bir məsələdən danışmalıyıq. Bildiyiniz kimi günü-gündən çiçəklənən, infrastruktur layihələri uğurla həyata keçirən, regionların sosial-iqtisadi inkişafında böyük başarılar əldə edən ölkəmizdə son zamanlar intihar halları da vüsət alıb.

Vətəndaşlarımız bu istiqamətdə də cəsarətli addımlar atır, statistik yöndə baxsaq, iş pis getmir; hər gün bir intihar barədə mətbuatda məqalələr çıxır. Fəqət bu vacib işə bəzi vətəndaşlarımız səhlənkar münasibət göstərir, məsuliyyət hissi ilə yanaşmırlar.

Söhbət nədən gedir?

Məsələn, iki gün əvvəl özünü öldürmək istəyən Qarabağ qazisinin heç demə, ruhi vəziyyəti yerində deyilmiş. Təsəvvür edirsinizmi, belə bir şəxs intihar təşəbbüsündə bulunub. Allaha şükürlər olsun, şanlı hüquq mühafizə orqalarımız sayıq tərpəniblər. Sağlamlıq durumu qaydasında olmayan vətədaşımızı intihar təşəbbüsü anındaca boğularaq dəlixanaya yerləşdirilmişdir.

Xatırlayırsınızsa, Mingəçevirdə də intihara cəhd edən vətəndaşımız barədə yerli icra orqanının tutarlı açıqlaması olmuşdu. Heç demə, həmin şəxs spirtli içki qəbul edən imiş. Səhiyyə orqanlarımız bu fakti təkzibolunmaz formada təsdiqlədilər, vətəndaşın hüceyrələrində spirt tapıldı.

Hörmətli vətəndaşlar, dəyərli oxucular...

Intihar üçün ölkəmizdə lazım olan bütün şərait yaradılmışdı. Dövlətin bu sahəyə qayğısı kifayət qədərdir. Vicdanı olan hər kəs bu sahədə deffekt olmadığını etiraf edər. Lakin bu o deməkdirmi ki, dövlətin yaratdığı bu imkandan sui-istifadə hallarına yol verilsin? Bəs düşmən bizə nə deyər? Hər yerindən qalxanın, sağlamlığı, ruhi vəziyyəti yeridə olmayanların, spirtli içki qəbul edənlərin və s.lərin intihar yolunu seçməsi nə özbaşınalıqdır? Kim bu adamlara belə səlahiyyət verib?

Açıq etiraf etməliyik, burda dövlət orqalarının da sayıqlığını itirmə halı vardır. Çox təəssüflə vurğulanmalıdır ki, Səhiyyə Nazirliyi, Nazirlər Kabineti hələ bu günə qədər intihar edən adamların standartları ilə bağlı lazımi sənəd hazırlamayıblar. Bu tənqidə layiq hal olsa da, vətəndaşları da məsuliyyətdən azad etmir.

Hər bir vətəndaş, dəyərli oxucu bilməlidir ki, intiharın legitim olması üçün vazkeçilməz əsaslar olmalıdır. Mən burda nümunəvi vətəndaş kimi onları yazıram və ümidvaram ki, sayğılı insanlarımız onları nəzərə alacaq. Intihar etmək fikrinə düşənlər üçün təlimat

Bir: Intihar edən şəxs sağlam olmalı. Onun sağlıq durumu yaşadığı ərazi üzrə həkim məntəqəsində təsdiqlənməlidir.

Sağlamlıq haqda arayışda onu vacib, həyati orqanlarının laborator və insturimental müayinələrinin nəticələri qeyd edilməlidir və ancaq bu göstəricilər qənaətbəxş olduğu halda intihara iznli sayılmalıdır.

Iki: Intihar edən şəxsin ruhi-psixoloji vəziyyəti stabil və qaydasında olmalıdır, hər hansı depressiya və stress əlaməti olduğu halda onun intihara gedən yolu kəsilməlidir.

Üç: Intihar edən şəxslə fərdi söhbət aparılmalıdır, ona xatırladılmalıdır ki, ölüb gedəcəyi təqdirdə geridə heç bir narahatlıq yaradan hal buraxmamalıdır; buna görə həmin şəxs heç bir banka və şəxsə borcu qalmadığı barədə dilindən izahat verməli, bu izahatı heç bir təzyiq olmadan yazdığını imzası ilə təsdiqləməlidir.

Nəhayət: Intihar edən şəxs dünya ilə vidalaşdıqdan sonra bu acı hadisənin müxtəlif spekulyasiyalara, dövlətimizin inkişafını gözü götürməyən xaricə satılmış ünsürlər tərəfindən manipuliyasiya vasitəsinə çevirilməməsinin qayğısına qalmalıdır. Buna görə də o, bu aktı gerçəkləşdirməzdən öncə notarial qaydada intiharı barədə xəbərin yayılmasını, şərhini dövlət informasiya orqanı “AzərTAc”a həvalə etməldir.

Hələlik bu qədər, vətənimiz, xalqımız üçün xeyirli-uğurlu olsun!/azadlıq/
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06